Radarlarla bağlı daha bir fırıldaq: Sürücüdən xəbərsiz cərimələr yazılır

Son vaxtlar mətbuatda və sosial şəbəkələrdə yol polisinin təyin olunmayan yerlərdə radar quraşdırması, eləcə də sözügedən qurğuların bir çox hallarda sürücülərdən "gizlədilməsi" ilə bağlı müxtəlif informasiyalar yayılmaqdadır. Bu gün isə 90-rc-963 dövlət nömrə nişanlı avtomobilin sahibi, Bakı şəhər sakini Səbuhi Cəfərov AzNews.az-a müraciət edərək analoji problemlə üzləşdiyini bildirib: "Bir müddət əvvəl idarə etdiyim avtomobil "MMX" radara düşüb və mənim radara düşməyimdən xəbərim olmayıb. Çünki radara düşməyimlə bağlı yol polisindən mənə heç bir bildiriş gəlməmişdi. Bir neçə aydan sonra xəbər tutmuşam ki, mənə böyük məbləğdə cərimə yazılıb".
AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevlə əlaqə saxlayıb. Kamran Əliyev bildirib ki, Səbuhi Cəfərov barəsində tərtib edilən MMX elektron protokoldur və avtomatik rejimdə işləyən cihaz vasitəsilə insan əli dəymədən tərtib edilir: "Məlumat üçün bildirim ki, qeyd olunan protokol mərkəzi informasiya sisteminə düşürsə, o kağız daşıyıcıya köçürülür və fotogörüntüylə inzibati protokolun surəti həmin şəxsin, yəni inzibati xətaya yol vermiş şəxsin ünvanına göndərilir. Bu sifarişli poçt vasitəsilə həyata keçirilir. O şəxsin ünvanında yetkinlik yaşına çatmış insanlardan biri, yaxud da şəxsin özü bu sənədləri qəbul edəndən və bu barədə imza atandan sonra rəsmi hesab olunur. Həmin sənədi alandan sonra 10 gün müddətinə vəsatət qaldırmırsa, artıq qərar çıxır. Yəni şəxsin xəbəri olmadan onun barəsində qərar çıxa bilməz. Qərar çıxandan sonra bir ay müddətinə məbləğ ödənməyəndə onun üzərinə dəbbə pulu gəlir. Digər hallarda əgər şəxsin onun barəsində MMX protokolunun tərtib olunmasından xəbəri yoxdursa, onun barəsində nə qərar qəbul oluna bilər, nə də qərar üzrə cərimənin üzərinə dəbbə pulu gələ bilər". K.Əliyev söhbət əsnasında məsələni araşdırıb və bildirib ki, S.Cəfərov bu ilin yanvar ayının 10-da Bakı şəhəri ərazisində müəyyən olunmuş sürət həddini 20-40 kilometr aşıb: "Mən indicə sizinlə danışa-danışa araşdırdım. Bu şəxs Zərdab rayonunda qeydiyyatdadır. Ola bilsin ki. rayondakı ailə üzvlərindəın kimsə sənədlərə imza atıb. Bu ilin yanvar ayının 10-da Bakı şəhərində müəyyən olunmuş sürət həddini 20-40 kilometr aşıb. Ona görə də elektron protokol tərtib olunub. Yaşadığı ərazi üzrə Zərdab rayonuna göndərilib. Mən baxıram 2 aydan sonra onun barəsində qərar çıxarılıb. Ola bilər ki, həmin sənədə ailə üzvlərindən kimsə qol çəkib götürüb. Mart ayının 12-də isə 50 manat cərimə olunması ilə bağlı qərar çıxıb".

İntiqam Valehoğlu
AzNews.az