Rəis jurnalisti “razborkaya” çağırdı – Ağsuda qaz qalmaqalı

İki gün öncə Ağsu rayonu Heydər Əliyev küçəsi 79 ünvanında yaşayan Siyavuş Zabit oğlu Əfəndiyev AzNews.az-a müraciət edərək rayon qaz istismar idarəsinin rəisi Xəyyam Allahverdiyevdən şikayətçi olduğun bildirmişdi. Zabit Əfəndiyev bu gün yenidən redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, məsələ ictimailəşdirildikdən sonra rayon qaz idarəsinin rəisi Xəyyam Allahverdiyev ona təzyiq etməyə başlayıb: "Mənə qaz idarəsinin ayrı-ayrı işçiləri tərəfindən xəbər göndərir ki, sən kimsən məndən şikayət eləmisən. Dünən də özü zəng vurub "sən kartof-soğan satan adamsan mənimlə bacarmazsan, arxamda Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılov durub" – deyir. Məni tutduracağı ilə hədələyir. Son ümid yeri kimi sizi bilib müraciət edirəm. Hazırda 154 manat borc yazıldığına görə evimizə qaz gəlmir. Xahiş edirəm aidiyyəti qurumlar bu məsələni araşdırıb doğru qərar versinlər".

Qeyd edək ki, Z.Əfəndiyev redaksiyamıza müraciətində bildirmişdi ki, 3 ildir smart tipli qaz sayğacından istifadə etməsinə baxmayaraq, bu ilin mart ayında ona Ağsu qaz idarəsi tərəfindən 154 manat borcunun olmasıyla bağlı bildiriş gəlib. Məsələ ilə bağlı rayon qaz idarəsini rəisi Xəyyam Allahverdiyevlə də əlaqə saxladıq. Amma deyəsən rəis bizim Siyavuş Əfəndiyev olduğumuzu düşünmüşdü. Elə bizlə də "borclu" abunəçiləri ilə danışdığı tərzdə danışırdı:

- Siz də deyəsən qoşulmusunuz ona. Mən də deyirəm ki, siz Bakıda kimisə döymüsünüz...

- Xəyyam müəllim, sizə dediklərim mənim yox, şikayətçinin fikridir. Siz ona bildirmisiniz ki, Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılov mənim arxamda dayanıb?

- Kişidirsə gəlsin deyim.

- Bəs bu borc hardan yaranıb?

- Prezidentin fərmanı ilə onun 46 manat debütor borcu silinib. O kütləvi surətdə qaz pulu ödəməyən vətəndaşdır. 2009-cu ildə cənab prezident ölkə vətəndaşlarının qaza olan 326 milyon borcunu ödəyəndə onun da 46 manatı silinib. Ondan sonra ödəniş etməyib və 156 manat debütor borcu qalıb. Bu 156 manat 2009-cu ilin son üç ayının və 2010-cu ili əhatə edir. Deyirəm ki, çekləri gətir, gətirmir.

- Siz dünən ona zəng vurmusunuz?

- O kimdir ki, mən ona zəng edim? O nəsli də Ağsuda yaxşı tanıyırlar, məni də. Onun dədəsini də, qardaşını da, özünü də yaxşı tanıyırlar. Hamısı da prinsipiallığımı bilir. Bu adam deyir ki, mən o pulu ödəməyəcəyəm. ARDNŞ da deyir ki, vətəndaşın qaz idarəsinə olan borcu ödənməlidir. Burda nə var ki? Mən ona hiss-hissə ödəniş etməyi də təklif etmişəm.

- Siz ona demisiniz ki, 50 manat gətirin məsələni həll edim?

- Sən hansı institutu bitirmisən? Sizin adınız nədir? Mənim adım Xəyyamdır. Cürətin çatır gəl yaxından danışaq...

- Mən əvvəldə özümü təqdim elədim.

- Mən kiməm ki?

-Xahiş edirəm belə aqressiv danışmayın, siz o boyda idarəyə rəhbərlik edən adamsız. Mən sizə vətəndaşın dediklərini çatıdırıram. Əgər vətəndaş səhv danışırsa, deyin səhvdir... Bizdə səhv məlumatı yayınlamayaq.

- Mən onu yaxşı tanıyıram, dəfələrlə bir yerdə oturub çörək yemişəm. Ali təhsili adamdır. Mən onu başa salmışam ki, bu sənin real borcundur. Əgər ali təhsillini başa sala bilmiriksə, savadsız adamı necə başa salaq? Ən axırda demişəm ki, 30 manat ödəniş elə, sonra aybaay 10 manat ödəyərsən. "Azəriqaz"da da görsünlər ki, debütor borc ödənilir, bizi incitməsinlər. İcra başçısını qəbulunda olub. Ona deyilib ki, get ver məhkəməyə.

İntiqam Valehoğlu
AzNews.az