“Azəriqaz”dan aksiya xəbərinə REAKSİYA

"Azəriqaz"dan aksiya ilə bağlı münasibət: "İşlə təmin olunanlar yenidən geri çağırılır"

"Azəriqaz" İstehsalat Birliyi qadın əməkdaşlarının Prezident Administrasiyasının (PA) qarşısında aksiya keçirmələri ilə bağlı xəbər reaksiya verib. "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev AzNews.az-a bildirib ki, mayın 15-dən etibarən Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismar sahələrinin tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı, o cümlədən qəza dispetçer xidmətləri ləğv edilib.

O qeyd edib ki, bu qurumun bazasında isə mərkəzləşdirilmiş şəkildə Qəza və Təmir-bərpa Xidməti yaradılacaq. Həmin təşkilatın əsas vəzifəsi isə xətlərdə yaranan qəzaların operativ şəkildə aradan qaldırılmasıdır: "İstehsalat Birliyi yeni qurumun yaradılması üçün bu sahədə çalışan hər kəsə əmək qanunvericiliyinə uyğun olaraq bildirişlər paylanıb. Əgər hansısa qurum ləğv olunursa ümumi qaydada hər kəsə eyni xəbərdarlıq edilir. Sonradan müvaffiq qaydada işlə təmin olunanlar yenidən geri çağırılır. Əgər kimlərinsə müvəqqəti olaraq işlərinin icrası dayandırılıbsa, onlar Dövlət Neft Şirkətinin müvaffiq proqramlarına da qoşula bilirlər".

Xatırladaq ki, bu gün səhər saatlarında "Azəriqaz"ın qadın əməkdaşları Prezident Administrasiyasının (PA) qarşısında aksiya keçirib. Onlar işdən çıxarılmalarına etiraz ediblər.

Amid
AzNews.az