Abşeron kəndləri susuz qaldı

Abşeron rayonunda əhalinin içməli su ilə təminatında ciddi problem yaranıb. AzNews.az-a müraciət edən rayonun Hökuməli və Qobu qəsəbə sakinləri bu problemdən daha çox əziyyət çəkdiklərini deyirlər.

Saytımıza ünvanladıqları şikayətdə sakinlər bildirib ki, artıq 1 həftədir qəsəbəyə içməli suyun verilişi dayandırılıb: "Əgər biz vaxtlı-vaxtında işlətdiyimiz suyun pulunu ödəyiriksə, niyə bu cür hallarla rastlaşmalıyıq".

Onların şikayətlərindən biri də suyun gəlməməsinin əlavə xərc yaratması ilə bağlı olub: "Biz suyu maşınla almaq məcburiyyətində qalmışıq. Xahiş edirik ki, müvaffiq qurumlar bu problemi tez bir zamanda həll etsin".

"Azərsu" ASC-dən isə bu barədə bildirdilər ki, istilərin düşməsi ilə bağlı suya tələbat artıb, buna görə də bəzi yaşayış massivlərdə və qəsəbələrdə suyun verilmə qrafikinə dəyişikliklər edilib: "Bu qrafik suyun bütün istehlakçılara çatması ilə həyata keçirilir. Hökuməli qəsəbəsinə də yeni qrafik tətbiq olunur və onlar yeni rejimdə su alırlar".

Həmçinin bildirilib ki, həmin qəsəbələrdə su infrastrukturunun yaradılması istiqamətində işlərin davam etdirilir: "Artıq bəzi küçələrdə yeni şəbəkə yaradılıb və bu işlər gələcəkdə də davam etdiriləcək".

Amid
AzNews.az