“Azadlıq”a 10 gün vaxt verildi

"Azərbaycan" Nəşriyyatı "Azadlıq" qəzetinə iyun ayının 1-nə qədər vaxt verib. Həmin vaxta qədər qəzetin Nəşriyyata olan borcu ödənməsə, qəzetin çapı dayandırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Nəşriyyat rəhbərliyinin qəzetə göndərdiyi məktubda deyilir:

""Azərbaycan" nəşriyyatı ilə redaksiyanız arasında bağlanmış müqavilələrə əsasən, 20.05.2014-cü il tarixinədək redaksiyanızın nəşriyyata çap xərclərinə görə 17018.00 manat, kommunal xəclərinə görə 982.00 manat, cəmi isə 18000.00 manat debitor borcu yaranmışdır.

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bu borcun ödənilməsi üçün Sizin tərəfinizdən kifayət qədər tədbir görülməmişdir ki, bunun da nəticəsində "Azərbaycan" nəşriyyatı çətin maliyyə durumuna düşmüşdür.

Yuxarıdakıları nəzərə alaraq, 01.06.2014-cü il tarixinədək debitor borcların hissə-hissə ödənilməsini Sizdən xahiş edirik. Əks halda qəzetinizin çap edilməsi və digər xidmətlərinin göstərilməsi nəşriyyatın maliyyə imkanları xaricində olacaqdır".

AzNews.az