Bakıda müəllimlər aksiya keçirir - YENİLƏNİB

Bakıda müəllimlərin və narazı valideynlərin etiraz aksiyası başlayıb. Aksiya Nəsimi rayonunda yerləşən Texniki-Humanitar liseydə keçirilir.

Etirazçıların sözlərinə görə, aksiya müəllimlərin məvaciblərinin düzgün və vaxtında verilməməsi ilə əlaqədardır. Müəllimlər həmçinin şagirdlərin liseydən uzaqlaşdırılmasına da qarşı çıxırlar.

Valideyinlər isə bir neçə gün öncə liseydə aparılan monitorinq imtahanın nəticələrinin saxtalaşdırldığını iddia edirlər:

"Liseydə ilin əvvəlində 1300 şagird təhsil alırdı. İndi isə bu rəqəm 1063-ə endirilib. Siniflərin sayını sürətlə azaldırlar. Müəllimlər işsiz qalacaqlarına görə etiraz edirlər. Müəllimlər monitorinqin düzgün aparılmamasında günahalandırılırlar. Uşaqları liseydən qovurlar. Müəllimlərin dərs saatları kəsilib. Məvaciblər verilmir. Valideynlər isə monitorinqin nəticələri ilə razılaşmırlar. İmtahanın nəticələrinin saxtalaşdırıldığına etiraz edirlər".

Müəllimlərin sözlərinə görə, məsələ ilə əlaqədar olaraq prezidentə məktub da göndəriblər. "Nazirlik rəsmisi bizimlə görüşməli idi. Amma görüşməyib". (ANS PRESS)

11:55

***
"Texniki-Humanitar Liseydə müəllimlərin və narazı valideynlərin etiraz aksiyası başlaması ilə bağlı məlumat düzgün deyil. Sadəcə burada Bakı Şəhəri üzrə Təhsil İdarəsi narazı valideyinlərlə görüş keçirir". Bunu AzNews.az-a liseyin direktoru Simuzər Əliyeva bildirib. Onun sözlərinə görə, bir neçə gün öncə V-X siniflər arasında aparılmış test sınaq imtahanlarının suallarının proqramdan kənar olması ilə bağlı valideyn və şagirdlər narazılıq ediblər: "Bununla bağlı valideynlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş keçirildi və razılığa gəlindi ki, monitorinqinsuallarının dərs proqramına uyğunluğu yenidən yoxlanılsın. Bu gün ki, görüşün də məqsədi sözü gedən test monitorinqinin nəticələrini valideyinlərə açıqlamaqdır. Görüşdə 25 narazı valideyn iştirak edir". Liseyin direktoru vurğulayıb ki, özü görüşdə iştirak etmədiyi üçün məsələnin nə yerdə olduğunu bilmir.