Ömər Məmmədovun vəsatəti təmin olundu

Mayın 29-u Bakı Ağır Cinayətlər Məhkəməsində bloqçu Ömər Məmmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Vəkil Əlayif Həsənov "Media forum" saytına deyib ki, bu prosesdə bir neçə vəsatət verilib: "Yalnız Ömərin xarici pasportunun cinayət işinə əlavə olunması barədə vəsatətimiz təmin edildi. Öməri narkotik vasitələrin satışında günahlandırırlar, onun daim izləndiyini deyirlər, ancaq bu absurddur. Ömərin xarici pasportundan görünür ki, ölkə hüdudlarından kənarda olub.

Digər vəsatətlərdən biri o idi ki, Ömərin işində hal şahidi olan şəxslər məhkəmədə dindirilsin. Ömərin işində hal şahidliyi edən şəxslərin heç də təsadüfi hal şahidi olmadığı, həmin şəxslərin başqa vaxtlarda digər proseslərdə də hal şahidi olduqlarını dəqiqləşdirmişik. Vəsatətimiz təmin olunmadı".

Vəkilin sözlərinə görə, Ömər Məmmədovun səhhəti yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur.

Proses iyunun 6-da davam etdiriləcək.

Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Əvvəllər "Nida"nın üzvü olub. 2013-cü ildə bir qrup gənclə "Axın" hərəkatını təsis edib.

Ömər Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda tutulub. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Müdafiəçiləri isə Ömər Məmmədovun bloqçu fəaliyyətinə, ictimai-siyasi aktivliyinə görə tutulduğunu iddia edirlər.

Ömər Məmmədov Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır.

AzNews.az