Nazirlikdə əlil özünü doğradı– Müslümovun qəbulunda şok olay

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində intihara cəhd hadisəsi baş verib. AzNews.az-a daxil olan məlumata görə, hadisə mayın 29-da günorta saatlarında nazirliyin binasında qeydə alınıb. Nazirlikdə vətəndaşların qəbulu zamanı 50 yaşlı kişi naməlum səbəbdən özünə bıçaqla xəsarət yetirib. O, qəbul otağında bıçaqla bud nahiyəsini doğrayıb. Yaralı dərhal akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə yerləşdirilib.

Mərkəzdən AzNews.az-a hadisənin baş verməsi faktı təsdiqlənib. Bildirilib ki, xəstə - 53 yaşlı, əlil Rəsid Nəbiyev bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə klinikaya yerləşdirilib. Onun üzərində dərhal cərrahi əməliyyat aparılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, R. Nəbiyevin intihara cəhd etməsinə səbəb nazirliyin əlilliyin müəyyənləşdirilməsi ilə bağlı ekspert rəyinə etiraz etməsi olub: "O birinci qrup əlil idi. Təkrar komissiyada isə onun dərəcəsi azaldılaraq 3-cü dərəcə edildi. Əlil də buna etiraz edərək, özünü doğradı".



Amid Əyyuboğlu
AzNews.az