- Köhnə - Hadisə
- 23 Sentyabr 2014 06:50
- 3 828
Sakinlər yenidən partlayan binaya qaytarılır – Etiraz (FOTO)

Xırdalanda partlayan yaşayış binasında təmir işlərinə başlanılıb.
AzNews.az xəbər verir ki, hazırda binanın bir bloku tamamilə bağlanıb, digər bloklarda isə təmir işləri aparılır. Verilən məlumata görə, çadırlara köçürülən sakinlərin tez bir zamanda binaya qaytarılması nəzərdə tutulur.
Lakin baş verən partlayış nəticəsində evlərindən çıxarılan sakinlər binanın təmir olunmasına etiraz edirlər.
Bildirilir ki, bina təmir olunsa da, oradaki təhlükəsizliyə heç kim təminat verilməyib.
Sakinlər deyir ki, partlayışdan sonra Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov binanın yaşayış üçün yararsız vəziyyətə düşməsi və burada yaşamağın mümkünsüz olduğunu deyib: "Nazir deyir ki, bura təhlükəlidir, buna görə də bina tam sökülməlidir. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri isə binanı təmir etdirir və deyir ki, sakinlər gəlib yaşasınlar. Təhlükəsizliyə zəmanət verməli olan şəxs buranın təhlükəli olduğunu bəyan edirsə, biz bura necə qayıda bilərik? Buna görə də biz həmin binaya köçməyəcəyik. Kimlərinsə məsuliyyətsizliyi ucbatından neçə adam bədbəxt oldu. Biz də həmin taleyi yaşamaq istəmirik".
Onu da qeyd edək ki, təmir olunacaq binaya köçməyəcəklərini deyən sakinlər hazırda yaşadıqları çadırlarda da acınacaqlı vəziyyətdədirlər.
Xatırladaq ki, sentyabrın 8-də Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı binada baş verən partlayış nəticəsində 4 nəfər həyatını itirib.


Gültəkin ƏLƏSGƏR
AzNews.az