“Almaniyada oğurlanan 7 avtomobil Azərbaycanda aşkarlanıb”

Kamran Əliyev oğurluq avtomobillərin ölkəmizdə necə aşkar olunmasının detallarını açıqladı



"Bu ilin 8 ayı ərzində Dövlət Yol Polisi xarici ölkələrdə oğurlanaraq Azərbaycana gətirilən 7 avtomobil aşkar edilib". Bu barədə "Yeni Müsavat"-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Şöbə rəisi bildirib ki, əgər maşın barəsində axtarış işi oğurlandığı vaxtdan az sonra elan olunursa, həmin nəqliyyat vasitəsi qısa zamanda müəyyən olunur: "Həmin maşınlar respublikamıza çatana qədər digər ölkələrin ərazisində aşkarlanır və saxlanır. Maşının oğurlanması haqda informasiyanın hüquq mühafizə orqanlarına gec ötürülməsi, İnterpola məlumatları gec verilməsi kimi səbəblərdən Avropada oğurlanan avtomobillər ölkəmizə və digər ölkələrin ərazisinə daxil ola bilir. Bəzən identifikasiya, ban nömrəsində saxtakarlıq əlamətləri aşkar olunur. Belə hallar olanda ekspertizanın rəyi alınır və müvafiq qərar verilir. DYP belə halların aşkarlanmasına məsul qurumdur. DYP tərəfindən aşkarlanan 7 avtomobil Almaniyadan oğurlanaraq ölkəmizə gətirilmiş nəqliyyat vasitələridir. Həmin avtomobillərin aşkar olunması Azərbaycan DYP-nin Almaniya hüquq mühafizə orqanlarına müvafiq sorğusu nəticəsində mümkün olub".

K.Əliyev avtomobil oğrularının niyə məhz Almaniyanı seçmələri haqda suala belə cavab verdi: "Bunu səbəbini dəqiq deyə bilmərəm. Bunu oğrular daha çox bilər. Oğrulanan avtomobillər daha çox Avropa dövlətlərinə aparılır. Bilirsiniz ki, Avropa dövlətləri arasında sərhəd yoxdur. Almaniyadan sonra İtaliyadan da çoxlu avtomobil oğurlanır. Biz Almaniyada ezamiyyətdə olarkən maraqlanırdıq ki, xarici dövlətlərdə oğurlanan avtomobillərin müəyyən edilməsi necə həyata keçirilir. Bizə məlumat vermişdilər ki, bir axşam Avropa dövlətində oğurlanan avtomobil 2-3 Avropa dövlətinin ərazisindən keçməklə 4-cü dövlətdə müəyyən edilib. Orada isə avtomobilin ban, mühərrik nömrəsi dəyişdirilir".

K.Əliyev bildirib ki, avtomobil oğurluğu dünyada problemə çevrilmiş məsələdir: "Azərbaycanda avtomobilin oğurlanması, qaçırılması ilə bağlı vəziyyət deyərdim ki, təkcə MDB məkanında deyil, Avropa dövlətlərindən də qat-qat daha yaxşıdır. Azərbaycanda daha çox qaçırılma ilə bağlı məlumatlar olur, lakin araşdırılanda aydınlaşır ki, avtomobil sahibinin qohumu və ya oğlu ondan icazəsiz nəqliyyat vasitəsini götürüb gedib".

"Rossia Today" telekanalı Avropa ölkələrindən oğurlanan avtomobillərin Azərbaycan da daxil olmaqla bəzi keçmiş sovet respublikalarına daşınmasından bəhs edən reportaj yayıb. Həmin reportajda Avropa İttifaqına üzv ölkələrin öz aralarında sərhədləri açması insanların sərbəst hərəkətinə imkan yaratmaqla bərabər oğruların da əl-qolunu açdığı vurğulanlırdı.

Telekanala müsahibə vermiş Almaniyanın Polşa ilə sərhədinə yaxın bölgədə ferması olan Folker Naşke deyib ki, onun traktorunu və 13 danasını oğurlayıblar: "Oğrular mütəşəkkil şəkildə hərəkət edirlər və əllərinə nə keçdi oğurlayırlar. Onlar bilirlər ki, nə üçün gəliblər".

"Əsas problem odur ki, dövlət sərhədləri cinayətkarların qarşısını kəsmir. Biz polislər isə ancaq öz ölkəmizin sərhədləri daxilində hərəkət edə bilərik" - deyə alman polis komissarı Yens Ştariqk bildirib. Polis komissarı deyir ki, ən mürəkkəb vəziyyət avtomobil oğurluğu ilə bağlıdır. Hər gün alman polisi oğurluq avtomobillərlə Polşaya getmək istəyənlərlə mübarizə aparmalı olur.
Oğrular GPS avadanlıqları ilə təchiz olunmuş bahalı avtomobilləri də oğurlamaqdan çəkinmirlər. Bunun üçün onlar GPS siqnallarını pozan xüsusi qurğudan istifadə edirlər. Avtomobil oğurluğu iri beynəlxalq biznesdir. Bu işlə məşğul olanlar nə üçün risk etdiklərini yaxşı bilirlər.

"Biz mütəşəkkil qruplaşma halında fəaliyyət göstərən peşəkarlarla və oğurlanan avtomobillərin geniş bazarı ilə üzləşmişik. Oğurlanmış bahalı avtomobillər Rusiya, Azərbaycan, Qazaxıstan, hətta Çində satılır. Bu problem bütün Avropa üçün xarakterikdir" - deyə polis komissarı Yens Ştariqk bildirir. O əlavə edir ki, Avropa polisi üçün oğurlanmış avtomobillərin satıldığı ölkələrin sərhədlərini keçmək mümkün deyil.

AzNews.az