Ölənlərin sayı 16-ya çatdı - Rəsmi (Yenilənib 2)

Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 16 nəfərə yüksəlib.



Bu barədə AzNews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, son məlumatlara əsasən 54 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

"Bütün lazımi tibbi müdaxiləyə, həkimlərin səylərinə baxmayaraq, aldıqları müxtəlif bədən xəsarətlərindən 16 nəfər dünyasını dəyişib. Hazırda yaralıların əksəriyyəti, 32 –nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində, 5 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib" – Səhiyyə Nazirliyinin məlumatında belə deyilir.

***
15:36

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasındakı yanğında ölənlərin sayı 15-ə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində yaralananların sayı isə artıq 64-dür.

***
15:14
Bakının Binəqədi rayonunda 16 mərtəbəli evdə baş verən yanğın zamanı dünyasını dəyişənlərin sayı 13-ə çatıb.

Bu haqda AzNews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, yaralananların sayı 61 nəfər olub.

Liya Bayramova əlavə edib ki, ölənlərin çoxu toksiki zəhərlənmədən dünyasını dəyişib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bildirib ki, yanğın zamanı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı 30-a çatıb: "Onların bəzilərinin sağlamlıq durumları çox kritikdir".

Qeyd edək ki, yaralılardan daha 5 nəfər Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 2 nəfər 6 saylı BŞX-na, 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

***
14:41

Bakıda baş verən binada yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 43 nəfər xəsarət alıb.

43 nəfərdən 24-ü xəstəxanadadır, 9 nəfərə yerində yardım göstərilib.

***
14:04

Bakıda binada yanğın baş verməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hazırda ölənlərin kimliyi dəqiqləşdirilir.

Hadisə nəticəsində 20 nəfər xəstəxanaya yerləşdirlib. 6 nəfərə isə yerində yardım edilib.