4 rayonun 5 kəndinə qaz verildi

Saatlı rayonunun Bəylər, Sabirabad rayonunun Axıska və Həşimxanlı kəndlərinə, eləcə də Tərtər rayonunun Evoğlu kəndinə və Bərdənin Böyükqacar kəndinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.



AzNews.az SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirlərdə həmin rayonların İcra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 372 abonenti olan Sabirabad rayonunun Axıska kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 27 kilometrə yaxın müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 372 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

572 abonenti olan Həşimxanlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 63.6 kilometr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 572 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Saatlı rayonunun 341 abonenti olan Bəylər kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 247 metr uzunluğunda polietilen və 40138 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 21 ədəd siyirtmə, 341 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tərtər rayonunun 467 abonenti olan Evoğlu kəndində də birpilləli sistem əsasında irimiqyaslı tikinti işləri aparılıb, 4152 metr uzunluğunda polietilen və 25035 metr uzunluğunda metal borularla qaz xətləri çəkilib, 467 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bərdənin 74 abonenti olan Böyükqacar kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 7749 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 74 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.