Bakıda dəhşətli qəza - 3 ölü, 25 yaralı (FOTO, YENİLƏNİB)

Aeroport yolu üzərində yerləşən Sabunçu dairəsinin yaxınlığında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az xəbər verir ki, hadisə bu dəqiqələrdə olub. Hadisə şahidlərinin sözlərinə görə, sərnişin avtobusu eyni yolla hərəkət edən yük maşını ilə toqquşub.

Dəqiq say barədə məlumat verilməsə də, hadisə nəticəsində xeyli sayda yaralının olduğu bildirilir. Ölənlərin olub-olmadığı hələ ki, bilinmir.

Hadisə yerinə 3 təcili tibbi yardım maşını və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Bu isə yol-nəqliyyat hadisəsinin ağırlığının miqyasından xəbər verir.

***

Bakının Sabunçu-Zabrat yolunda baş verən dəhşətli qəzada 25 nəfər yaralanıb.


Bu barədə ans press-ə 3 saylı şəhər Klinik Xəstəxanasından bildiriblər. Yaralılar hazırda palatalara yerləşdirilir. Onlar arasında nisbətən ağır olanlar reanimasiyaya yerləşdiriləcək.

Qəzada ölənlərin sayı 3 nəfərə çatıb. Onlardan 2 nəfəri hadisə yerində keçinib. Bir nəfər də yolda dünyasını dəyişib. Qəzada ölən iki nəfər 17-18 yaşlarında oğlanlardır. Qəza zamanı yaralananların 4-nün vəziyyəti isə nisbətən ağırdır.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ans press-ə verdiyi məlumata görə, qəza yük maşınının sürücüsünün günahı üzündən olub.

"Avtobusu idarə edən sürücü Bayram şəhər istiqamətinə hərəkət edərkən görüb ki, qarşı tərəfdən iki "Shacman" markalı yük maşını gəlir. Yük maşınları ötüşürmüşlər. Onlar avtobusa yol verməyiblər, nə də sürəti azaltmayıblar. Avtobus sürücüsü nə qədər etsə də, qəza qaçılmaz olub", - deyə Vüqar İbrahimli bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.