BQXK nümayəndələri erməni əsgərə baş çəkdi

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları bu il martın 22-də təmas xəttini keçən erməni hərbçiyə baş çəkib.


BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə sentyabrın 3-də olub. Erməni hərbçiyə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.

İ. Hüseynova həmçinin qeyd edib ki, BXQK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, onların saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

Qeyd edək ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.