FTX zabitləri həbs olundu

Onlar Moskvada azərbaycanlı iş adamından xərac tələb edirmişlər



Moskva hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşı olan iş adamına qarşı dələduzluq edən Federal Təhlükəsizlik Xidmətinin iki əməkdaşını həbs ediblər. APA-nın məlumatına görə, FTX əməkdaşları oktyabrın 19-da saat 18.00 radələrində "Sadovod" bazarında ələ keçiriliblər. Həmin gün iki FTX zabiti ticarət pavilyonuna daxil olaraq, oranın sahibi, 35 yaşlı Azərbaycan vətəndaşı Ramil Rzayevi silahla hədələyiblər.

Zabitlər sahibkardan onlarla çıxaraq maşına minməyi tələb ediblər. Bu zaman hər iki şəxs həbs olunub. Saxlanan şəxslərin üzərindən FTX zabitlərinə məxsus vəsiqə və xidməti silah götürülüb. İşlə bağlı materiallar Rusiya Təhqiqat Komitəsinin Hərbi Təhqiqat İdarəsinə verilib. Saxlanan şəxslərin FTX-nın komendant idarəsinin əməkdaşları 27 yaşlı baş leytenant Mixail Rudakov və 42 yaşlı Konstantin Koryagin olduğu bildirilir.

Hüquq-mühafizə orqanları silahlı basqın edənləri bir neçə həftədir izləyirmiş. Həmin şəxslərin bir həftə əvvəl pavilyona gələrək Ramil Razayevdən xərac tələb etdiyi müəyyənləşib. Zabitlər üç gün sonra yenidən bazara gələrək sahibkarı silahla hədələyib və pulu oktyabrın 19-da çatdırmağı tələb ediblər. Azərbaycanlı sahibkar hüquq-mühafizə orqanlarınam müraciət edib və keçirilən əməliyyat zamanı hər iki FTX zabiti həbs olunub.

AzNews.az