Təcrübəli mütəxəssis AİBA-nın hakimlərini sərt ittiham etdi Təcrübəli mütəxəssis AİBA-nın hakimlərini sərt ittiham etdi

Ağacan Abıyev: “Boksçularımız Ermənistana yalnız qələbə üçün gedir” – MÜSAHİBƏ

Təcrübəli mütəxəssis AİBA-nın hakimlərini sərt ittiham etdi



Boksçulardan ibarət milli komandamız yeni mövsümə hazırlaşır. Məqsəd yenə eynidir: yüksək nəticələr qazanmaq. Ustalarla yanaşı, gənclərimiz də çətin sınaq qarşısındadır. Amma onlar "imtahan"ı bu ayın sonunda verməlidirlər. Ermənistanda keçiriləcək Avropa çempionatında bütün idman ictimaiyyətinin diqqəti onlara yönələcək.

Azərbaycan Boks Federasiyasının 1-ci vitse-prezidenti Ağacan Abıyev AzNews.az–a müsahibəsində ümumi vəziyyətə aydınlıq gətirdi:

- Milli komandamızın hazırkı durumu hansı vəziyyətdədir?

- Yığma komanda hazırda Lənkəranda təlim-məşq toplanışındadır. Ora 2 heyət yollanıb. Hər çəkidən 2 boksçu yer alıb. İlin sonunda 2 beynəlxalq iştirak edəcəyik. Əsas komanda Rusiyanın Nijnı Vartovsk şəhərində Neft istehsal edən ölkələrin dünya kubokunda mübarizə aparacaq. Kalininqradda 19-22 yaşlı boksçular arasında Avropa birinciliyi keçiriləcək. Orada gənclərimiz güclərini sınayacaqlar.

- Bu yaxınlarda milli komandamıza yeni baş məşqçi gətirildi. Sizcə ukraynalı çalışdırıcı etimadı doğruldacaq?

- Vladimir Zolotaryevi tanıyıram. Yaxşı mütəxəssisdir. Ukraynada Kliçko qardaşlarının şəxsi məşqçisi olub. Ona zaman vermək lazımdır. Əminəm ki, o, işinin öhdəsindən gələcək.

- Məlum olduğu kimi, bu ayın sonunda İrəvanda gənclər arasında Avropa çempionatı keçiriləcək. Həmin yarışda bizim boksçular da iştirak edəcəklər. Komandamızın qarşısına konkret hansı vəzifə qoyulub?

- Tapşırıq verilib ki, oraya gedənlər yüksək nəticə qazanmalıdırlar. Uduzmaq olmaz. Xüsusilə də, yerli idmançılara. Bu üzdən, Ermənistan paytaxtına seçilmiş, ən güclü boksçularımız yollanacaqlar. Çox istəyirik ki, orada heç olmasa, bir dəfə Azərbaycan himni səsləndirilsin.

- Real gücümüz zəfərə imkan verəcəkmi?

- Əlbəttə. Düzü, bizimkilər Ermənistan komandasından güclüdür. Düşmən ölkənin boksçuları inişil Bakıda keçirilmiş gənclərin dünya birinciliyə gəlmişdilər. Nə etdilər? Heç nə. Bizə gəlincə, millimiz son zamanlar qitə birinciliklərində komanda hesabında ilk sıraları tutur.

- Beynəlxalq arenalarda yenə hakim ədalətsizliyinin şahidi oluruq. AİBA-da bu istiqamətdə vəziyyəti dəyişmək üçün nə etmək olar?

- Heç nə! Mənim aqibətimi London olimpiadasında gördünüz. Haqlı narazılığımı bildirdiyimə görə, hakimlər komitəsindən uzaqlaşdırdılar. Bu sualı verməklə, sizin nə demək istədiyinizi bilirəm. Zamanında AİBA-da boksun inkişafı üçün xeyli təkliflər irəli sürmüşəm. Vəziyyəti irəliyə dəyişmişəm. İndi durum başqa cürdür. AİBA-nın indiki prezident də, o vaxtkı deyil. Mənim istəyim odur ki, rinq hakimi təmiz qalib gələnin əlini qaldırsın.

- Ağacan müəllim, Sidneydən bu yana boksçularımızın olimpiadalarda qazancı yalnız bürünc medal olur. Sizcə, Rio-2016-da medal əyarını yüksəltməyin artıq zamanı yetişməyibmi?

- Düzünə qalsa, Londonda Teymur Məmmədovun qazandığı bürünc medal, "gümüş" olmalı idi. Kor-kor, gör-gör - hakimlər boksçumuzu sıxdılar. Bu, italiyalıların qərəzi idi. Çünki hakimlər komitəsinin başında onlar dayanmışdılar. Fikir verin, Teymur ilk raundu 1 xal öndə bitirdi. Növbəti hissədə rəqibini 2 dəfə noqdaun vəziyyətinə saldı. Bundan savayı, nə qədər cavabsız zərbə vurdu. Yekun nə oldu? Cəmi, 2 xallıq üstünlük. Halbuki bu 2 xal elə noqdaunun qiymətidir. Hanı bəs digər dəqiq zərbələrin xalı? Demək, hakimlərə tapşırılmışdı.

Üçüncü raundda gülməli nə idi. Bəli, elə belə də qeyd edin: gülməli. Vəziyyətlə barışıram. Hər 2 boksçu yorulmuşdu. Onlar döyüşürdülər. Ya qucaqlaşır, ya da itələşirdilər. Lazımi zərbələr vurulmurdu. Ən yaxşı halda, bu hissə bərabər sayılmalı idi. Passiv döyüşə görə Teymura xəbərdarlıq verildi. Qoy burada 2 xal çıxılsın. Yenə idmançımız hesabda öndə olur.

Burada bir sual çıxır, onda italiyalı boksçu yekunda 6 xalı haradan qazandı? Məni hakimlər komitəsindən də ona görə uzaqlaşdırdılar ki, öz çirkin siyasətlərini həyata keçirsinlər.

Kamran Hacı
AzNews.az