Yunan-Roma güləşçilərimiz yenə 2-ci oldu

Belarus paytaxtı Minskdə olimpiya çempionu Oleq Karavayevin xatirəsinə həsr olunan XIX beynəlxalq turnir başa çatıb. AzNews.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə komandalararası yarışında 8 komanda iştirak edib. Azərbaycan, Rusiya, Ukrayna, Litva, Qazaxıstan, Polşa və Belarusu təmsil edən 2 kollektiv turnirin qalibi olmaq uğrunda mübarizə aparıblar.

Seçmə komandamız Polşa, Litva və Belarus-1 komandaları ilə "B" yarımqrupunda yer alıb. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçilərimiz finala vəsiqə qazanıblar. Həlledici qarşılaşmada rəqib "A" yarımqrupunun birincisi olan Rusiya komandası olub. Final görüşünü 2:5 hesabı ilə uduzan pəhləvanlarımız turniri 2-ci sırada tamamlayıb.

Qeyd edək ki, milli komandamız noyabrın əvvəlində Moskvada keçirilmiş Avropa Millətlər Kubokunun finalında da eyni rəqibə uduzmuşdu. Onda hesab daha biabırçı olmuşdu: 0:7.

Bu yarışda Azərbaycanı böyük məşqçi Şaban Donadın rəhbərliyi ilə Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Niyaməddin İbrahimov (74 kq), Elməddin Abdullayev (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil ediblər.

AzNews.az