“Ümidlərimiz çox böyükdür, o addım atılacaq” - Vaqif Sadıqov

Dünən Avroliqanın təsnifat mərhələsinin cavab oyunları keçirilib.


"Neftçi" öz meydanında Maltanın "Baltsan" klubunu qəbul edib. Səfərdə keçirilən ilk oyunda rəqib qapısından 2 cavabsız top keçirən "ağ-qaralar" bu görüşdə 1:2 hesabı ilə uduzub. İki matçın nəticəsinə əsasən, "Neftçi" növbəti mərhələyə yüksəlib.

"Qəbələ" səfərdə "Samterdia"ya 1:2 hesabı ilə uduzub. İki oyunun nəticəsinə (5:1, 1:2) əsasən "Qəbələ" növbəti mərhələyə adlayıb.

"Kəpəz" isə səfərdə Moldovanın "Daçiya" klubuna 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov AzNews.az-a verdiyi müsahibədə həm Avroliqada çıxış edən 3 klubumuzdan, həm ÇL-də "Qarabağ"ın aqibətindən danışıb.

Təcrübəli məşqçi həmçinin Avropa çempionatının final mərhələsindən də söz açıb.

- 3 klubumuzun Avroliqadakı çıxışı barədə nə düşünürsünüz?

- İlk olaraq "Kəpəz"dən danışaq. Onlar tarix yazdı. Çoxdandır Avroliqada çıxış etməyən komanda güclü bir rəqibə qarşı yaxşı müqavimət göstərdi. Şahin Diniyevin yetirmələri 2 oyunun nəticəsi ilə mərhələ adlaya bildilər.

"Daçiya"dan da güclü olan "Admira" (Avstriya) komandası onların növbəti rəqibidir. Düşünürəm ki, Şahin Diniyevin komandası oyundan-oyuna potensialını artırmaqla bu oyunda da hər birimizi sevindirməyə çalışacaq. Onlara uğurlar diləyirəm.

"Neftçi" və "Qəbələ"nin cavab oyununda hər birindən qələbə gözləyirdik. "Qəbələ" klubu Gürcüstanda minimal məğlubiyyətlə barışmalı oldu. Ancaq mərhələ adlaya bilib. Növbəti mərhələdə güclü bir Macarıstan klubu ilə qarşılaşacaq. Deyərdim ki, bu oyunda da Roman Qriqorçukun yetirmələri nəyə qadir olduğunu ortaya qoymaqla, bundan da çox güc sərf etməklə mərhələ adlamaq üçün əlindən gələni edəcəklər.
"Neftçi" isə keçən ildən bizi təəccübləndirir. Heyf ki, hələlik komandada aparılan islahatlar və oyun modeli tam oturmayıb. Cavab oyununda da biz bunu hiss etdik. Yəni görüləsi işlər çoxdur. İstərdim ki, hər bir klubumuz bundandan da məzmunlu oyun sərgiləsin, mərhələ adlamaq üçün şanslarını artısınlar.

- Sizcə bu 3 klubdan hansı Avroliqada daha çox irəliləyə biləcək?

- Növbəti mərhələdə rəqiblər qat-qat üstün olacaq. Hətta deyərdim ki, şanslar da bərabər olacaq. Biz haradasa hər bir klubdan ilk mərhələni keçəcəyini gözləyirdik.

Çünki rəqiblər nisbətən bizə imkan verirdi ki, bunu edək. Ancaq budəfəki rəqiblərimiz ilk mərhələdə məğlub olmamış komandalardır. Yənimüqavimət çox güclü olacaq.

İndi komandalarımızın hər birinin şansları eynidir. Hər 3 komandanın şansları öz xeyrinə dəyişdirməsi üçün zamana ehtiyac var. Bu vaxtdan səmərəli istifadə edib, güc sərf edib mərhələni adlamaq lazımdır.

Yenə deyirəm şanslar bərabərdir.

- "Qəbələ" ilk oyunda evdə 5:1 hesabı ilə qalib gəlmişdi. Amma cavab oyununda səfərdə 1:2 məğlub oldu. Sizcə bu məğlubiyyətin səbəbi arxayınlıq, yola vermək idi?

- Bu, psixoloji bir durumdur. Təbii ki, heç kim cavab oyununda məğlub olmaq istəmirdi. Ancaq hər bir futbolçu daxildən hiss edirdi ki, 5:1-lik qələbədən sonra nə olsa da mərhələ adlayan "Qəbələ" olacaq. Baxmayaraq ki, cavab oyununda istənilən nəticəni əldə edə bilməmişik. Yenə deyirəm bu mərhələdəki rəqiblər çox fərqli olacaq. Belə bir yanaşmaya və səhvlərə imkan verməməliyik.

- Bəs Çempionlar liqasında çıxış edən "Qarabağ"la bağlı nə düşünürsünüz?

- "Qarabağ"la bağlı ümidlərimiz çox böyükdür. "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridir. Azərbaycanı bütün ölkələrdə yüksəklərə qaldıran komandadır. "Qarabağ" da çox ciddi hazırlaşmalıdır. Çunki ÇL-də zəif komanda yoxdur. Oyuna ciddi yanaşmaqla "Qarabağ" uğurlu yolun davamını gətirmək üçün hər iki görüşdə inamlı təsir bağışlamalıdır. Onlara uğurlar diləyirəm. İnanıram ki, Qurban Qurbanovun yetirmələri hər iki oyunda güclü olduqlarını sübut edəcəklər. Həmçinin psixoloji cəhətdən üstün olub növbəti mərhələyə vəsiqəni qazanacaqlar.

- Mütəxəssis olaraq nə düşünürsünüz, bu cür oyun tərzi ilə "Qarabağ" Çempionlar Liqasında hara qədər irəliləyə bilər?

- Hesab edirəm ki, "Qarabağ" ildən-ilə mühüm addımlar atır. Keçən ilə nəzər salsaq görərik ki, qrupdan çıxmaq üçün sadəcə bir addım çatmadı. Yenə deyirəm, o qədər də rahat olmayacaq. Zənnimcə "Qarabağ" o gücdədir ki, bu son addımı atmaqla qrupdan da çıxacaq, finala vəsiqə əldə edəcək. Yəni buna inam çox böyükdür.

- Sonda Avropa çempionatı ilə bağlı danışaq. Artıq finaldır. Dünənki yarımfinal oyunu necə təsir bağışladı?

- Dünənki görüş finalabənzər bir oyun idi. Bu hər yerdə deyilib, yayılıb. Heyf ki, belə oyunlarda hakimlərin müdaxiləsi oldu. Onlar oyuna rəng qatmaqdansa imkan vermədi ki, hər bir komanda tam gücünü ortaya qoymaqla qalibi müəyyənləşdirsin. Bndan öncə də bildirmişdim ki, favoritlər Almaniya və Fransadır. Elə də alındı, Fransa finala vəsiqə qazandı. Digər tərəfdən də Portuqaliya finala keçib.
İksinə də nəzər salsaq görərik ki, Fransa komandası mütləq qalibdir. Məncə Fransada keçirilən 2016-cı ilin Avropa çempionu elə Fransa özü olacaq. Amma onu da deyim ki, tələsməməliyik, çünki futbolda hər şey olur.

Aygün İLQARQIZI