“Simurq”un gürcüstanlı baş məşqçisi Georgi Çixradzenin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi “Simurq”un gürcüstanlı baş məşqçisi Georgi Çixradzenin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

Futbolda arxayınlaşmaq olmaz - MÜSAHİBƏ

“Simurq”un gürcüstanlı baş məşqçisi Georgi Çixradzenin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi


- Qış fasiləsində hazırlığın gedişi sizi nə dərəcədə razı salır?
- Futbolçular Antalyadakı təlim-məşq toplanışında çox yaxşı işləyirlər. Onlar istirahətdə olduqları müddətdə bizim verdiyimiz tapşırığa çox ciddi yanaşdılar. Hər birinin fərdi iş proqramı vardı. Bu dövrdə hazırlığın 2 mərhələli olmağı planlaşdırılmışdı. İlk həftəni keçirdiyimiz "Mardan" otelində daha çox fiziki-funksional hazırlığa diqqət yetirdik. Yalnız sonda hazırlığı bir oyunla yekunlaşdırdıq ki, bunu da qarışıq heyətlə keçirdik. Düzdür, həmin matçda uduzsaq da, nəticəyə yox, hazırlığa önəm vermişdik. Bundan isə çox razı qaldım.

- Yanvarın 18-də "Atlantis"ə köçəndən sonra hazırlığınızın 2-ci hissəsi başladı...
- Bəli. İndi yoxlama oyunlarıa daha çox aksent edirik və yeni legionerləri baxışdan keçirməyimiz lazımdır.

- Konkret kimləri və hansı mövqeləri?
- İlk növbədə mərkəz yarımmüdafiəçiləri. İstər müdafiəyə, istərsə də hücumameyyli planda. Bir də hücumçuya baxmalıyıq. Bizdə bu mövqeyə və hücumameylli mərkəz yarımmüdafiəçisi baxışa gəlmişdi. Onları yola saldıq. İndi ikisinə baxırıq.

- Kimlərdir?
- Biri xorvatiyalı, digəri belçikalıdır. Hər ikisi dayaq yarımmüdafiəçidir. Soyadları Cakimiç və Diksondur.

- Necə təsir bağışlayırlar?
- Pis futbolçu deyillər. Sadəcə, indi məşqlərimiz ağır yüklənmə altında keçirdi və futbolçunun belə vəziyyətdə ən yaxşı tərəflərini göstərməyi çətindir. Demək olmaz ki, bunu bacaracaqlar. Ancaq oyun planda yaxşı keyfiyyətlərini görmək olar. Hərəsi bir hissə oynadı. Yanvarın 22-də yoxlama oyunumuz olacaq və onda yenə baxacağıq.

- Yoxlama oyunlarında rəqibləriniz tam dəqiqləşdimi?
- Yanvarın 22-də Sofiya MOİK-i, 25-də "Tom"la, 28-də Xorvatiyanın "Slaven", 31-də Rumıniyanın "Petrolul" klubu ilə oynayacağıq.

- Bəs hücumçu?
- İkisinin yolunu gözləyirik. Biri Norveç, digəri son mövsümü Kipr çempionatında oynayıb. İndi adlarını konkret sizə deyə bilmərəm. Hələ gəlməyiblər, gələndə dəqiq deyə bilərəm. Onların oyununu görmüşəm, göstəricilərinə baxmışam.

- Bu fasilədə neçə futbolçu transfer edəcəksiniz?
- 2-3.

- Demək olar ki, "altılığ"a düşmüsünüz...
- Yox, bu, dəqiqləşməyib. Hələ 4 oyunumuz var. Futbolda arxayınlaşmaq olmaz.

- Mən onu nəzərdə tuturdum ki, mövsümün əsas hissəsində çətin sınaqlara tab gətirmək üçün ehtiyat skamyanız böyük olmalıdır. Bu mənada daha çox, 5-6 transferi daha düzgün saymırsınız? Buna nə əngəl olur?
- Başa düşürsünüz, biz indi məsələyə real baxırıq. Əvvəla, bu 4 oyunu uğurla yekunlaşdırmalıyıq ki, "altılığ"a yerimiz dəqiq təmin edək. Təbii ki, ora düşsək, hər bir oyun çətin olacaq. Necə ki indi də elədir. Biz büdcəmizə görə çoxlu transfer edən klublarla müqayisə oluna bilmərik. Büdcəmizə uyğun maksimum nəticə qazanmağa çalışırıq.

AzNews.az