“Azərbaycanda sadəcə yaşamaq da xoşdur”

“Mən “Rabitə”ni seçməyimdə məyus olmadım. Gözlədiklərim həyata keçdi və Bakı klubunda olmağımdan məmnunluq hissi duyduğumu gizlətmirəm”.



Bunu "Rabitə"nin voleybolçusu Angelina Qrün deyib.

Almaniya yığmasının ulduzu Azərbaycanda xoş münasibətlə üzləşdiyini və yanında olan həyat yoldaşının da razılığından danışıb: "Azərbaycandakı insanlar xeyirxahdırlar. Ona görə də mənə burada tək oynamaq deyil, sadəcə yaşamaq da xoşdur. Bura həyat yoldaşımla birgə çox xoşuma gəlir. Bir də mən Bakıdakı isti atmosferi eşitdiklərimdən bilmirəm. Axı mən 2004-cü ildə Azərbaycanda Avropa Olimpiya Təsnifat Turnirində iştirak etmişəm. O vaxt biz burada Rusiya, Polşa, İtaliya, Türkiyə kimi güclü yığmalara qalib gələrək, Afina Yay Olimpiya Oyunlarına vəsiqə qazandıq. Buna görə də Bakı ilə məni ən xoş xatirələr bağlayır və bu yeni təəssüratlarla möhkəmlənir".

Qrün bildirib ki, ölkəmizdə idmana göstərilən dövlət qayğısı böyükdür və bunsuz möhtəşəm qələbələr mümkün olmazdı: "İdmanın ən yüksək səviyyədə dövlət qayğısı olduğu ölkədə olmaq və oynamaq xoşdur. Bunsuz komandalara və idmançılara əhəmiyyətli nəticələr qazanmaq çətin olardı. Mən hadisələrdən xəbərdar olmağa çalışıram. Bilirəm ki, Azərbaycan həmişə mötəbər beynəlxalq yarışları qəbul edir. Burada ilk Avropa Yay Olimpiya Oyunlarının keçirilmə xəbəri isə mənə xoş təsir etdi. Ancaq təəccübləndirmədi. Azərbaycanın yüksək təşkilatçılıq imkanlarının olduğunu bilirəm. Əminəm ki, bu yarışlar burada ən yüksək səviyyədə keçiriləcək".

Almaniyalı universal voleybolçu ölkəmizin ən gözəl yerlərindən olan Qubadakı Avropa Qran-prisini də xatırlayıb: "Almaniya yığması həmin vaxt Qubada keçirilən turnirdə çempion olmasa da, ora ilə bağlı ən xoş xatirələrim qalıb. Yadımdadır, orada gözəl Olimpiya kompleksi vardı. Həmin məkanda matçlarda zal praktiki olaraq, dolurdu. Gələn azarkeşlər meydan sahiblərini əzmkarlıqla dəstəkləyirdi. Ancaq eyni zamanda digər komandalara da hörmətlə yanaşırdılar".

Qrünün Azərbaycan Super Liqası və Çempionlar Liqasını nəzərə alsaq qrafiki sıx olsa da, istirahətə vaxt taparaq, bunu paytaxtımızda gəzinti ilə keçirir: "Əlbəttə, mənim Bakıda sevdiyim yerlər var. Hərdən dənizkənarında gəzirəm, yaxud rəfiqələrimlə birgə şəhərdə hansısa məkanda otururuq. Bakıdakı atmosfer xoşuma gəlir. Burada olmaq mənə çox rahatdır. Əlbəttə, mövsümün necə alınacağını və gələn mövsümü harada başlayacağımı demək çətindir. Ancaq Azərbaycanı çox bəyənirəm. Üstəlik, mən Avropa klub voleybolunun liderlərinin birinin heyətində çıxış edirəm. Ümid edirəm ki, "Rabitə" ilə yeni uğurlara imza atacağam".

AzNews.az