Deputatlarla jurnalistlər futbol oynayacaq

Dekabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək.

AzNews.az xəbər verir ki, bu barədə Modern.az-a Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.

Komitə sədri bildirib ki, tanınmış idmançıları, fəal gənclər təşkilatlarının üzvlərini də oyuna dəvət ediblər. “Bu gün ölkəmizdə idmanın o sahəsi yoxdur ki, uğurlu nəticələri olmasın. Artıq bunu bütün dünya qəbul edir. Bütün bunlar təbii ki, Prezident İlham Əliyevin idmana böyük qayğısının nəticəsidir. Prezidentimizə ölkəmizin idman ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk”, - deyə deputat qeyd edib.

Fuad Muradov deyib ki, bu oyun dövlətimizin başçısının ad günü ərəfəsində keçiriləcək: “Cənab Prezident bu günə kimi bütün ad günlərini çox sadə, cəbhə bölgəsində, adi insanlarla bir yerdə keçirib. Bu, dövlətimizin başçısının dəbdəbədən uzaq, hər zaman sadə insanların yanında olduğunun bariz nümunəsidir. Biz də belə bir futbol oyunu ilə Prezidentimizin ad gününü təbrik edəcəyik”.

Qeyd edək ki, gənclər və idman komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə Milli Məclisin futbol komandası yaradılıb.

Ötən il komanda Türkiyədə parlamentlərarası futbol oyununda ikinci yeri qazanıb.