- Köhnə - İdman
- 7 Yanvar 2018 19:09
- 11 221
Lyuis Hamilton barədə maraqlı faktlar - Fotolar
Bu gün Formula 1 üzrə dördqat dünya çempionu Lyuis Hamilton doğum gününü qeyd edir.
Son mövsümün qalibi olan britaniyalı pilot karyerası boyu aktivinə ümumilikdə 62 qələbə, 72 poul, 117 podium yaza bilib.
AzNews.az 33 yaşı tamam olan pilot haqqında maraqlı faktları təqdim edir:
Lyuis Hamilton Formula 1 tarixində ilk afroamerikalı pilotdur. Onu amerikalı atlet Karl Lyuisin şərəfinə adlandırıblar.
İdmançının bütöv adı belədir - Lyuis Karl Devidson. Anası ingilis, atası isə Qrenadadan olan afroamerikalıdır.


Atası oğluna görə öz işini ataraq, karyerasını qurması üçün ona kömək etməyə başlayıb.
Onun özünəməxsus inancları var. Yarışdan öncə mütləq xüsusi rituallara əməl edir: gitarada çalır, kompüter oyunları oynayır, trasa çıxmazdan öncə yaxınları ilə qucaqlaşır.
Musiqi dinləməyi çox sevən pilot xip-xop, reqgi və R&B janrlarını bəyənir. Sevimli ifaçıları Tupak, UB40 qrupudur. İlk aldığı disk Maykl Ceksonun "Triller" albomudur.

Hamilton xatırlayır ki, məktəbdə müəllimlərinin sevimli şagirdi olub. Yeganə çatışmayan cəhəti isə boşboğaz, çoxdanışan olması idi.
Məktəb illərində yaşıdları onu ələ saldıqlarına görə, Lyuis karate ilə məşğul olmağa başlayıb. Hətta, qara kəmər də alıb. Onun sözlərinə görə, məhz karate onu nizam-intizamlı olmağı öyrədib.


Hamiltonun (8 yaşında) idarə etdiyi ilk kartı eBay-də 42 min funta satılıb.
Pilotun Formula 1-də debüt çıxışı isə Avstraliya Qran prisində 2007-ci ildə baş tutub. Mclaren komandasında çıxış edən pilot həmin yarışı üçüncü yerdə başa vurmuşdu. İlk qələbəsini isə həmin mövsümdə Kanada Qran Prisində qazanıb.

Artıq, bir il sonra o, ilk çempion tituluna sahib olub.
Lyuisin doğma qardaşı Nikolas uşaq serebral iflicindən əziyyət çəkdi. Buna baxmayaraq, 2011-ci ildə Nikolas Total Control Racing komandası ilə peşəkar yarışçı kimi müqavilə də bağlaya bilib.

Lyuis Hamilton 2014-cü ildə Britaniyada ən zəngin idmançılar siyahısında birinci olub. Həmin vaxt onun hesabında 114 milyon dollar var idi. Forbes-un yaydığı məlumata görə, 2016-cı ilin iyunundan,2017-ci ilin iyununa kimi o, 48 milyon dollar qazanıb. Bunun 38 milyonu onun maaşı, qalanı isə reklamdan əldə etdiyi gəlirdir.
Müsahibələrindən birində jurnalistin "Məşhur insanlardan kiminlə söhbət etmək istərdin?" sualına pilot "Məhəmməd Əli" cavabını verib.

Lyuis etiraf edir ki, Britaniya kraliçasının qəbulunda etiket qaydasını pozub. Belə ki, pilotu II Yelizavetanın yanında əyləşdiriblər. O, dərhal nəzakət xətrinə kraliça ilə danışmağa başlayıb. Yelizaveta isə ehmalca onun danışığını kəsərək, qaydalara əsasən, birinci solunda əyləşən insanla ünsiyyət saxlamağa başlamalı olduğunu bildirib. Buna baxmayaraq, bu xoşagəlməz hal Lyuisə Britaniya İmperiyasının Ordeninin kavaleri olmasına mane olmayıb.

Madam Tüsso muzeyində idmançının mum fiquru var.
Onun "Lyuis Hamilton. Mənim tarixçəm" adlı bioqrafiq kitabı bestseller olub və idman tarixində ən uğurlu kitablardan hesab olunur.
Lyuisin 2 sevimli heyvanı var - Koko və Rosko adlı buldoqlar. Hər həftəsonu özü ilə yarışa gətirdiyi bu itlərin şəxsi İnstagram hesabları da var.

Pixar studiyasını təqdim etdiyi "Maşınlar 2" cizgi filmində McLaren MP4-12C obrazını Hamilton özü səsləndirib.
Yarış trekində daim ən sürətli olmaq uğrunda mübarizə aparan pilotun başına yüksək sürətə görə iş də gəlib. Bir dəfə o, yol hərəkəti qaydalarını pozub. Yolda avtomobilini 196 km/saat sürətlə idarə edən Lyuisi Fransa polisi az qala sürücülük hüququndan məhrum edəcəkdi. Yaxşı ki, Lyuis canını yüksək məbləğdə cərimə ödəməklə qurtara bilib.

İdmançını təkcə yüksək sürət yox, hündürlük də cəlb edir. O, nə vaxtsa Everesti də fəth edəcəyinə inanır.
2017-ci ilin sonunda avropalı jurnalistlərin hazırladığı ənənəvi “İlin avropalı idmançısı” siyahısında Lyuis Hamilton yalnız portuqaliyalı ulduz futbolçu Kriştianu Ronalduya uduzaraq, ikinci olub.

Fəridə Abdullayeva
AzNews.az