- Köhnə - İdman
- 17 May 2018 19:08
- 7 649
Uşaq futbolu adına xoş xəbər - “Real” Bakıda futbol məktəbi açdı
Bakıda “Real” klubunun sosial futbol məktəbinin açılış mərasimi keçirilib.
AzNews.az Oxu.az-a istinadən xəbər verir ki,mərasim Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində baş tutub.
Tədbirdə “Real” Madrid klubunun səfiri Rikardo Qalyexo və Gənclər və İdman naziri Azad Rəhimov iştirak edib.
Azad Rəhimov çıxışında bu məktəbdən aztəminatlı ailələrin uşaqlarının yararlanacağını bildirib:
“Bu əməkdaşlıq 4 illik müddəti əhatə edir. Burda sosial yönümlü məktəbdir. Burda aztəminatlı ailələrin uşaqları futbol məşqləri keçəcək. Maliyyə həm fond, həm də nazirlik tərəfindən qarşılanacaq”.
Rikardo Qalyexo isə onu bildirib ki, yaxın gələcəkdə “Real” klubundan hansısa ulduz futbolçunun bu məktəbə baş çəkməsi və ya hansısa uşaq futbolçumuzun Madrid klubunun düşərgəsinə yollanması nəzərdə tutulmayıb.
Qeyd edək ki, sosial futbol məktəbində 4 yaş qrupu üzrə - (2007-2008, 2009-2010, 2011-2012, 2013-2014) komandalar məşq edir. Məşqlər həftədə iki dəfə - 4 və 6-cı günlər 267 saylı məktəbin və “Pioner” futbol məktəbinin meydançalarında keçirilir. Məşqlər ödənişsizdir.
Bu məktəb nazirliklə fond arasında 2013-cü ildə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində yaradılıb. Bu ilin yanvarında yeni müqavilə bağlanılıb. Belə məktəb MDB məkanında birinci olaraq Azərbaycanda yaradılıb.