Berti Foqtsdan narazı qaldı

“Mən bir məsələyə məəttəl qalmışam. Yoldaşlıq oyunları nəyə xidmət edir? Bilirik ki, bu, heyətin təkmilləşdirilməsinə, düzgün sistem qurmağa kömək edir. Amma millimizin dünənki oyununda sistem düzgün qurulmamışdı”




Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov qol.az-a DÇ-2014-ün seçmə mərhələsində dünən milli komandamızın Lüksemburqa qarşı keçirdiyi oyun (0:0) haqda danışarkən belə deyib. Onun sözlərinə görə, Berti Foqts oyunçuları düzgün mövqedə oynatmayıb: "Dayaq yarımmüdafiəçisi Rasim Ramaldanov mərkəz müdafiəçisi kimi çıxış edirdi. Ümumiyyətlə, bu sistemlə birinci dəfədir oynayırıq. Komandamız uzaqdan zərbələr vurmalı idi. Bunu etmədilər. Buna görə Vüqar Nadirov start heyətdə meydana çıxmalı idi. Çünki hazırda yaxşı formadadır. "Qarabağ"ın heyətində də onun yaxşı oyununu və uzaqdan qüvvətli zərbələrini görürük. Qol vura bilən oyunçudur. Foqts Araz Abdullayevi milliyə çağırmayıb. Ancaq o, dünən meydanda olmalı idi".

Millimizin sabiq baş məşqçisi oyunun əhəmiyyətindən danışıb: "Bu qarşılaşma Portuqaliya ilə oyun öncəsi çox vacib idi. Belə oyunlarda gərək qol vurasan. Ondan sonra istək daha da artır, istədiyin oyunu göstərə bilirsən. Ancaq təəssüf ki, komandamız bunu bacarmadı. Əslində rəqib bizə öz cərimə meydançalarına yaxınlaşmağa imkan verirdi. Ancaq hələ də keyfiyyətli hücumçumuzun olmamasına görə, bizdə qol vurmaq problemdir. Dünən sırf iki hücumçu, iki hücumameyilli yarımmüdafiəçi ilə oynadıq. Ancaq hücumçu yüksək keyfiyyətə malik deyilsə, beş nəfər də olsa, xeyiri yoxdur. Ümumilikdə komandamız rəqibdən biraz üstün idi".

Təcrübəli mütəxəssis millimizin martın 26-da Portuqaliyaya qarşı keçirəcəyi oyuna da toxunub: "Ronaldo komandamıza qarşı oynasaydı, daha yaxşı olardı. Çünki İsraillə oyunda çox səhv edirdi, pis oynayırdı. Komandası da yaxşı oynamadı. İsraildə isə istək çox idi. Ona görə də Portuqaliyaya qalib gəlməyə yaxın oldular. Bizim millidə də bu istək olmalıdır ki, belə nəticə qazanaq. Portuqaliya bizə qarşı komanda oyunu oynayacaq. Həmişə oyunu komandanın lideri üzərində qursalar da, bu dəfə kollektiv oyuna üstünlük verməyə məcburdurlar. Həmçinin, heyətdə dəyişklik edəcəklər. Orta xətti gücləndirəcəklər".

AzNews.az