Azərbaycanın 3 futbol klubu Avropa Liqasının növbəti mərhələsinə keçdi

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

AzNews.az-ın apasport.az saytına istinadən verdiyi xəbərə görə, qitə miqyaslı klub turnirinin I təsnifat mərhələsinin son matç günündə "Xəzər Lənkəran" klubu ilk oyunda səfərdə heç-heçəyə (1:1) razılaşdığı Malta "Slima"sı ilə qarşılaşıb. Qarşılaşmanın 29-cu dəqiqəsində baş məşqçi Con Toşakın komandasının kapitanı Rahid Əmirquliyevin vurduğu tək qol cənubluları növbəti mərhələyə çıxarıb.

Avropa Liqasının I təsnifat mərhələsinin son matç günündə təmsilçimiz "Qarabağ" doğma publika önündə Makedoniya "Metallurq"u ilə münasibətlərinə aydınlıq gətirib. İlk görüşdə səfərdə Skopye klubunu minimal hesabla üstələyən baş məşqçi Qurban Qurbanovun yetirmələri 3 il öncə elə bu turnirdə məğlub etdiyi rəqibinə yenə eyni aqibəti yaşadıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qarşılaşma 1:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. Oyunda vurulan yeganə qolun müəllifi 84-cü dəqiqədə Leroy Corc olub.

Təmsilçimiz "İnter" klubu ilk matçda doğma meydanda qalib gələ bilmədikləri "Mariehamn"la (1:1) qarşılaşıb. Bu dəfə baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri rəqib meydanda 2 top vuraraq, adını növbəti mərhələyə yazdırıb.

"İnter"in qollarını 21-ci dəqiqədə penaltidən Baçana Sxadadze və 86-cı dəqiqədə Vaqif Cavadov vurub.

Qeyd edək ki, "Xəzər Lənkəran" Avropa Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) klubu ilə, "Qarabağ" - Polşanın "Pyast"ı ilə, "İnter" isə "Tromse" (Norveç) ilə üzləşəcək.

AzNews.az