Azərbaycan dünyaya qarşı döyüşdü- Fotolar

Azərbaycan Kikboksinq Federasiyası və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq turnir başa çatıb.

Yarışı Azərbaycan Kikboks Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və Milli Məclisin üzvü, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov giriş sözləri ilə açıblar. Tədbirdə çıxış edən Adil Əliyev idmançılara uğur arzulayıb. O bildirib ki, Azərbaycanda idmanın əksər sahələri dünyaya nümunə olacaq şəkildə inkişaf edir: "Təbii ki, bu uğurun arxasında bircə ad dayanır. Prezident İlham Əliyevin idmana sonsuz qayğısı. Bu arada bildirmək istəyirəm ki, biz 9 oktyabrda yenidən İlham Əliyevi Azərbaycan xalqının növbəti dəfə prezidenti seçəcəyik, buna heç kimin şübhəsi olmasın çünki Azərbaycan xalqı öz seçimini bir dəfə edib. Bu da möhtərəm prezidentimiz İlham Əliyevdir".

"Azərbaycan dünyaya qarşı" adı altında keçirilən peşəkar kikboks turniri idmançılarımızın böyük üstünlüyü ilə başa çatıb. 3 kikboksçumuz döyüşü vaxtından əvvəl qələbə (nok out) ilə başa vurub. Bunlar Turan Qafarov (67 kq), Ağalar Sadıqzadə (91 kq), Zamiq Atakişiyev (91kq) olublar.

Azərbaycanı beynəlxalq yarışlarda daim uğurla təmsil edən Eduard Məmmədov, Pərviz Abdullayev və Zabit Səmədov da rəqiblərinə aman verməyiblər. 63 kq çəki dərəcəsində vuruşan Edurad Məmmədov Yaqub Bersanukayevi, 73 kq çəki dərəcəsində döyüşən Pərviz Abdullayev rumıniyalı Konstantin Pastnikiusu və 91 kq-da çıxış edən Zabit Səmədov Draqan Jovanoviçi məğlub edib.

Qeyd edək ki, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bugünkü turnir sayca 3-cü idi. İlk yarış mayın 10-da Vyanada (Avstriya) ikinci turnir isə avqustun 30-da Yohannesburqda (CAR) keçirilib.

Xatırladaq ki, yarışın bədii hissəsində gözəl konsert proqramı baş tutub Türkiyədən dəvət olunmuş tanınmış müğənnilər öz ifalarını tamaşaçılara təqdim ediblər.(qafqazinfo)

AzNews.az
image description image description image description