Rusiya yığması Bakıda məşq etdi

Oktyabrın 14-də futbol üzrə Rusiya milli komandası "Bakcell Arena"da açıq məşqə çıxıb. Lent.az-ın məlumatına görə, Azərbaycan yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçı öncəsi son hazırlıq prosesi öncədən nəzərdə tutulduğundan 15 dəqiqə gec başlayıb.

Məşqin ilk 20 dəqiqəsi jurnalistlər üçün açıq olub. Baş məşqçi Fabio Kapellonun rəhbərliyi altında hazırlıq prosesinə 24 futbolçu qatılıb. Onların arasında əslən azərbaycanlı Aleksandr Səmədov da olub. 3 qapıçı 21 meydan oyunçusundan ayrı çalışıb. Məşqi azərbaycanlı jurnalistlərlə yanaşı, 10-dan çox rusiyalı həmkarımız lentə alıb. İsinmə hərəkətlərinin ardından jurnalistlər stadiondan çıxarılıblar.

Qeyd edək ki, oktyabrın 15-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Rusiya matçı saat 22:00-da başlanacaq.

AzNews.az