Bakı beynəlxalq simulasiya oyununa ev sahibliyi edəcək

Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə oktyabrın 21-25-də Bakıda BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyunu (Model United Nations Security Council) keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbir iştirakçılarının simulasiyaların keçirilmə prinsip və qaydaları, eləcə də seçilmiş mövzu ilə bağlı biliklərini artırmaq məqsədi ilə konfransdan 2 gün əvvəl BMT mütəxəssisləri tərəfindən xüsusi təlim təşkil olunacaq. Simulasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar.

Beynəlxalq simulasiya oyununun açılış mərasimində iştirak etmək məqsədi ilə BMT-nin Baş katibinin Gənclər üzrə xüsusi elçisi cənab Əhməd Əlhəndavinin Bakıya səfəri başlayıb.

Qeyd edək ki, 2013-cü ilin Azərbaycanın "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmasını nəzərə alaraq, simulasiya oyununun əsas mövzusu kimi "Kiber təhlükəsizlik" seçilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, rabitə və informatika texnologiyaları naziri Əli Abbasov, xarici işlər nazirinin müavini Araz Əzimov və digər rəsmi şəxslər iştirak edəcək. Tədbir zamanı BMT baş katibi Pan Gi Munun video müraciəti də nəzərdə tutulub.

AzNews.az