Çingiz Hüseynzadə İcraiyyə Komitəsinə üzv seçildi

Noyabrın 22-də Romada Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasının iclasının açılışı olub.

AzərTAc xəbər verir ki, iki gün davam edəcək Assambleyada iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva, "Bakı - 2015" Avropa Oyunlarının Əməliyyat Şirkətinin icraçı direktorunun müavini Cim Şerr və başqaları daxildirlər.

İclasın açılışında məruzə ilə çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Assambleyanın gündəliyi barədə məlumat verib. Qeyd edib ki, idman dünya xalqları arasında həmrəyliyin və dostluq əlaqələrinin genişləndirilməsində mühüm əhəmiyyətə malik olan bir sahədir. İnsanların cəmiyyətdə üzləşdiyi bir sıra problemlərin həlli baxımından beynəlxalq idman qurumlarının üzərinə böyük məsuliyyət düşür.

Tədbirdə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki rəhbərlik etdiyi qurumun son illərdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışıb. O, tarixdə ilk dəfə 2015-ci ildə Azərbaycanda baş tutacaq Avropa Oyunlarının əhəmiyyətinə toxunmuşdur. Ölkəmizin bu oyunlara hazırlığını yüksək qiymətləndirən Avropa Olimpiya Komitəsinin prezidenti bildirib ki, "Bakı - 2015" Avropa Oyunları nəinki Avropa qitəsində, eləcə də bütün dünyada idmanın inkişafına töhfə verəcək və tarixə mühüm idman yarışı kimi düşəcək.

Dünyada Olimpiya həmrəyliyinin artırılmasının vacibliyini vurğulayan Avropa Olimpiya Komitəsinin baş katibi Rafael Paqnozzi bu istiqamətdə "Bakı - 2015" Oyunlarının əhəmiyyətini vurğulanıb. Diqqətə çatdırıb ki, Olimpiya hərəkatında mühüm hadisə sayılan bu tədbirə Azərbaycanda yüksək səviyyədə hazırlıq işləri aparılır.

Avropa Olimpiya Komitəsinin əvvəlki toplantısının protokolunun təsdiq olunduğu tədbirdə qurumun büdcə, maliyyə və digər məsələləri barədə məruzələr dinlənilmiş, 2014-cü il üçün büdcə təsdiq olunub. Eyni zamanda, tədbirdə Avropanın kiçik dövlətlərinin iştirakı ilə keçiriləcək XV Oyunların hesabatı, Avropa Gənclərinin Olimpiya festivallarının XI Qış və XII Yay buraxılışlarına dair yeniliklər, "Soçi - 2014" Qış Olimpiya Oyunları, "Rio - 2016" Yay Olimpiya Oyunları, "Pyeonçang - 2018" Qış Olimpiya Oyunları və 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları ilə bağlı təqdimatlar olub.

Günün ikinci yarısında Assambleyada bir sıra məsələlər, o cümlədən dünyanın bəzi ölkələrində gələcəkdə keçiriləcək müxtəlif idman yarışlarına hazırlıq, idmançıların sosial məsələlərinin həlli ilə bağlı görülən tədbirlər müzakirə olunub.

Qeyd edilib ki, Olimpiya Oyunları yarandığı dövrdən etibarən sülh və həmrəylik rəmzi hesab olunmuş, dünya xalqları arasında daha sıx əlaqələrin qurulmasına önəmli töhfələr verib.

Sonra 2013-2017-ci illər üzrə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə prezident, vitse-prezident, baş katib, xəzinədar və üzvlər seçilib. İlk dəfə olaraq Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv qəbul edilib.

Tədbir çərçivəsində Avropa Olimpiya Komitəsinin növbəti, 43-cü Baş Assambleyasının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Qərarla bağlı sənədi Çingiz Hüseynzadə, Patrik Hikki və Rafael Paqnozzi imzalayıblar.

AzNews.az