“Qalatasaray”a təklif: “Fevralın 26-də meydançaya qara lentlə çıxın”

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımının dünyada tanıdılması üçün orijinal aksiyaya başlayıblar.

Onlar UEFA-nın və "Qalatasaray" komandasının e-mail ünvanlarına müraciət göndərərək Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 26-ı keçiriləcək "Qalatasaray" – "Çelsi" qarşılaşmasında Xocalı soyqırımının xatırlanmasının təklif ediblər.

AzNews.az xəbər verir ki, müraciət müəllifləri anım günü türkiyəli futbolçuların meydana qollarına qara lent bağlayaraq çıxmağı təklif edib.

Məlumatı AzNews.az-a katibliyin əməkdaşı Elnur Bağırlı verib. Onun sözlərinə görə, aksiyanın effektivliyini artırımaq üçün Jurnalist Ekspert Mərkəzi də təkliflə çıxış edib.

Təklifdə Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lərə müraciət edilərək UEFA və "Qalatasaray"ın (info@uefa.com, info@galatasaray.com) ünvanlarına ingilis və türk dillərində eyni məzmunda məktub göndərilməsi əksini tapıb.

Müraciətdə bildirilir:

"1992-ci il fevralın 25-dan 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər.

Bu dəhşətli faciədə 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Xocalı şəhəri yer üzündən silindi.

Cənab Mişel Platini (Ünal Aysal), Sizdən xahiş edirik, dünyanın ən dəhşətli facilərindən biri olan Xocalı soyqırımında qətlə yetirilənlərin ruhlarını bir dəqiqəlik sükütla yad etmək üçün Azərbaycanla eyni dərdi yaşayan Türkiyənin komandası "Qalatasaray"ın futbolçuları fevralın 26-da meydana qollarına qara lent bağlayaraq çıxsınlar".

Elnur
AzNews.az