Boksçumuz Olimpiya mükafatçısını məğlub etdi

Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 17 ölkənin təmsilçilərinin mübarizə apardığı yarışda milli komandamızın iki üzvü finala vəsiqə qazanıb. 56 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov həlledici görüşdə 2007-ci ilin dünya çempionu, 2009-cu il dünya çempionatının gümüş mükafatçısı Sergey Vodopyanovla üz-üzə gəlib. Həmyerlimiz daha təcrübəli rəqibinə uduzaraq 2-ci yerlə kifayətlənib.

69 kq çəki dərəcəsində çıxış edən Pərviz Bağırov isə turnirin əsas sensasiyasına imza atıb. Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı olmuş boksçumuz finalda London olimpiadasının bürünc mükafatçısı, 2009-cu ilin dünya çempionatının gümüş mükafatçısı rusiyalı Andrey Zamkovoyu məğlub edərək qızıl medala sahib olub.

Beləliklə, komandamız Xabarovsk turnirini 1 qızıl və 1 gümüş medalla başa vurub. Qeyd edək ki, yarışda hakim kimi ölkəmizi Anar Nağdıyev təmsil edib.

AzNews.az