Baş məşqçi Avroliqada uğur qazanacaq komandalardan danışdı

AzNews.az serb mətbuatına istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Partizan" – "Neftçi" matçını Belqrad Arenasında canlı izləyənlər arasında Serbiya millisinin baş məşçisi Sinişa Mixayloviç də olacaq.

Oyun haqqında fikirlərini jurnalistlərlə bölüşən serbiyalı mütəxəssis "Partizan"ın Avroliqadakı iki oyununa stadionda baxacağını deyib: "Partizan"ın "Neftçi" ilə matçını canlı izləyəcəyəm. Bununla yanaşı, "İnter"lə oyuna da stadionda baxmağı düşünürəm. Təbii ki, "İnter" qrupun görünən favoritidir. Amma bu o demək deyil ki, Milan təmsilçisi qrupda mütləq birinci olmalıdır.

İki komanda növbəti mərhələdə yoluna davam edəcək. Məncə, ikinci yer uğrunda mübarizə "Partizan"la "Rubin" (Kazan) arasında gedəcək. Əlbəttə, Avroliqada asan oyun olmur. Bu baxımdan "Neftçi" ilə oyunun da çətin keçəcəyini deyə bilərəm. Amma "Partizan" hazırda yaxşı formada olduğunu meydanda sübut etməlidir.

Mən bütün varlığımla "Partizan"a azarkeşlik edəcəyəm. Çünki "Partizan" Serbiyanın Avropada yeganə təmsilçisidir. Komandanın qrupda uğur qazanacağına inanıram. Ümumilikdə Avroliqada keçiriləcək hər bir oyun komanda və futbolçular üçün böyük təcrübə olacaq".

Xatırladaq ki, "Partizan" – "Neftçi" oyunu sentyabrın 20-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

AzNews.az