Xırdalanda yeni tunel inşa ediləcək

Xırdalan şəhərinin mərkəzində nəqliyyat sıxlığının azaldılması məqsədilə yeni tunel layihəsinin icrasına başlanılması planlaşdırılır.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasına həsr olunmuş dəyirmi masada deyib.

Onun sözlərinə görə, M-4 avtomobil yolu – Xırdalan (mərkəz) tuneli 2026-cı ildə tikintisinə başlanması mümkün olan prioritet layihələr sırasındadır.

A.Rzayev bildirib ki, layihənin həyata keçirilməsi Xırdalan və ətraf ərazilərdə avtomobil axınının daha səmərəli təşkili, tıxacların azalması və paytaxta giriş-çıxışın sürətlənməsinə xidmət edəcək.

Sədr həmçinin bildirib ki, 2026-cı ildə bir neçə yeni yol layihəsinin tikintisinə başlanması planlaşdırılır: "Bunlara M. Xiyabani – Dairəvi-1 yolu, Xırdalan dairəsi və Ə. Salamzadə – Z. Bünyadov istiqaməti daxildir".

Onun sözlərinə görə, həyata keçirilən və planlaşdırılan layihələr Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılmasına və hərəkətin daha təhlükəsiz təşkilinə xidmət edəcək.

Aznews.az