“El Klassiko”: Messi 2 – Ronaldo 2

İspaniya La Liqasında mövsümün ilk "El Klassiko"su keçirilib. AzNews.az xəbər verir ki, VII tur çərçivəsində keçirilən oyunda "Barselona" "Real Madrid"i qəbul edirdi. Hər il bütün dünyanın ən çox gözlədiyi və maraqla seyr etdiyi bu oyunun gərgin mübarizə şəraitində keçməsi şübhə doğurmur.

Üstəlik, bu komandalarda dünyanın ən yaxşı oyunçuları – Messi və Ronaldonun yer alması oyuna başqa bir rəng qatır. Futbol həvəskarları bu oyunda da bunun şahidi oldular. Oyunda hesabı ilk olaraq "Real Madrid" açdı. Ronalda 23-cü dəqiqədə kataloniyaları məyus etdi. 8 dəqiqə sonra Messi Kasilyasın qoruduğu qapıdan top keçirməyi bacardı və hesab bərabərləşdi. İlk yarı bu hesabla yekunlaşdı.

Oyunun 61-ci dəqiqəsində Messi cərimə zərbəsindən özünün və komandasının ikinci qolunu vurdu. Ancaq bu son deyildi. 5 dəqiqə sonra yenidən səhnəyə çıxan Ronalda uzun ara ötürməsindən aldığı topu soyuqanlılıqla qapıdan keçirdi və hesabı bərabərləşdirdi. Beləliklə, 2 möhtəşəm oyunçunun hərəyə 2 qol vurduğu oyun 2:2 hesabı ilə yekunlaşdı.

Ötən gün baş tutan digər oyunlar:
"Levante" - "Valensiya" - 1:0
"Malyorka" - "Qranada" - 1:2
"Atletik Bilbao" - "Osasuna" - 1:0
"Atletiko Madrid" - "Malaqa" - 2:1

AzNews.az