“Bakı-2015 Təşkilat Komitəsi tənqidlərə əhəmiyyət verməməlidir” - Müsahibə

AzNews.az Türkiyə Milli Olimpiya Komitəsinin prezidenti Uğur Ərdənərin APA-ya müsahibəsini təqdi edir:


- İyunun 12-də Bakıda ilk dəfə start götürəcək Avropa Oyunlarına hazırlığın gedişini izlədiyinizdən xəbərdarıq. Bununla bağlı düşüncələrinizi bilmək maraqlı olardı...

- Avropa Oyunlarına hazırlıq işlərini yaxından izləyirəm. Bu yarışın ilk dəfə Bakıda keçirilməsi Türkiyə üçün də mühüm hadisədi. Azərbaycanın Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edəcəyinə əminəm və bundan qürur duyuram. Türkiyə "Bakı-2015"ə 190-dan artıq idmançı ilə qatılacaq. Yaxın günlərdə siyahıya bir neçə idmançının əlavə edilməsi ehtimalı da var. Avropa Oyunlarının bütün dünyada sülh və əmin-amanlığa ən gözəl örnək olacağına dair inamım böyükdü.

- Bakıda Avropa Oyunlarına hazırlıq işləri görüldüyü bir vaxtda Qərbdən tənqidlər gəlir. Buna necə baxırsınız?

- Tənqid həmişə olub və olacaq. Xüsusilə, bu cür qlobal səviyyəli tədbirlərə hazırlıq mərhələsində hardan gəlirsə-gəlsin, bütün tənqidi qeydləri təmkinlə qarşılamaq lazımdı. 2018-ci ildə Cənubu Koreyada Qış Olimpiya Oyunları keçiriləcək, amma hazırlıq işlərinin gedişində bəzən Olimpiada ilə əlaqəsi olmayan tənqidlər səsləndirilir. Bakı-2015 Təşkilat Komitəsi hazırlıq işlərinin gedişində ortaya çıxan tənqidi qeydlərə əhəmiyyət verməyib, Oyunları ən yüksək səviyyədə təşkil etməklə məşğul olmalıdı. Çünki bu proses zamanı səslənən tənqidlərə əhəmiyyət verilsə, enerji hazırlıq işlərinə deyil, həmin tənqidlərlə məşğul olmağa sərf ediləcək. Buna gərək yoxdu. Avropa Oyunlarına hazırlıq işləri müəyyənləşdirildiyi şəkildə davam edir və bu cür davam etmək lazımdı.

- Avropa Oyunlarının açılışından öncə Bakıya yollanıb, hazırlıq işlərinin son durumu ilə tanış olacaqsınızmı?

- Bakıya Avropa Oyunlarının açılışından öncə getməyi çox istədim. Ancaq iyunun 10-da İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iclası var. Mən BOK İdarə Heyətinin üzvüyəm və həmin mühüm toplantıda iştirak etməliyəm. Bakıda isə iyunun 11-də olacam. Avropa Oyunlarının gedişində 1 günlüyə Bakıdan ayrılıb, yenidən paytaxtınıza qayıdacağam. Əminəm ki, qardaş Azərbaycanda sabitlik və əmin-amanlıq şəraitində Avropa Oyunlarını izləyib, dünyada idmanın inkişafı naminə səmərəli vaxt keçirəcəyik.

- Bakı-2015-dən 2 il sonra Azərbaycanda daha bir yarış, İslam Həmrəyliyi Oyunları keçiriləcək. Yəni, Azərbaycan bəşəri və dini dəyərlərin idman vasitəsi ilə sintezini dünyaya nümayiş etdirir. Siz də bu cür dəyərləndirirsinizmi?

- Azərbaycan prezidenti İlham Əliyevin bu təşəbbüsünü də alqışlayıram. İ.Əliyevin idmana verdiyi bu dəstək təkcə bu coğrafiya üçün yox, dünyada sülh və əmin-amanlıq üçün çox önəmlidi. Avropa Oyunlarından sonra Azərbaycanın beynəlxalq yarışların keçirilməsi sahəsində təcrübəsi daha da artıracaq və həmin təcrübə ilə 2 ildən sonra İslam Həmrəyliyi Oyunlarını uğurla keçirəcək. Azərbaycanın bu sahədəki təcrübəsi digər ölkələrə də örnək olacaq. İdmanın dünya miqyasındakı inkişafına verdiyi dəstəyə görə isə prezident İlham Əliyevə ürəkdən təşəkkürümü bildirirəm.