İdman müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirmək, insanlar arasında ixtilafların qarşısını almaq vasitəsi kimi qəbul edilir. İdman müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirmək, insanlar arasında ixtilafların qarşısını almaq vasitəsi kimi qəbul edilir.

Avropa Oyunları Azərbaycana nə qədər gəlir gətirəcək? - ARAŞDIRMA

İdman müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirmək, insanlar arasında ixtilafların qarşısını almaq vasitəsi kimi qəbul edilir.

Bəzən isə idman insanları fərqli düşünməyə, daha çox nailiyyətlər əldə etməyə həvəsləndirmək gücünə malikdir. Elə tezliklə ölkəmizdə keçiriləcək I Avropa Oyunları da təkcə idman yarışı deyil, eyni zamanda iqtisadi və mədəni əhəmiyyətə də malikdir.

Mütəxəssislər hesab edir ki, I Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabellidir. Bu Oyunların iqtisadi qiymətləndirməsini aparsaq, I Avropa Oyunları Azərbaycan üçün həm cari, həm də strateji gəlirlər vəd edir. Özlüyündə bu layihə iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatının bu layihədən uzun müddət faydalanmasına imkan verəcək.

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, beynəlxalq qiymətləndirmələrə görə, ölkəyə gələn hər bir turist bir həftə ərzində 1000 dollar vəsait xərcləyəcək: "Avropa Oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən vaxt hər bir turist ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək. Bu da təbii ki, turizm sektoruna sərmayə yönləndirilməsi deməkdir".

Ekspertlər hesab edir ki, Avropa Oyunları Azərbaycanın tanıdılması hesabına ölkəyə xarici investisiyanın cəlb edilməsinə də təsir göstərəcək. İqtisadiyyatın şaxələndirilməsi eyni zamanda qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar ölkəmizin iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir. Deməli, sözügedən layihə Azərbaycan üçün qısa və uzunmüddətli dövrdə sərmayələrin cəlb edilməsi baxımdan əhəmiyyətlidir.

Ekspert deyir ki, Oyunlar keçirilən müddətdə kiçik və orta sahibkarlar da daxil olmaqla, ölkə iqtisadiyyatı, şübhəsiz, bu tədbirlərdən faydalana biləcək. Avropa Oyunları iqtisadiyyatın müxtəlif sektorları üçün yeni maliyyə imkanları yaradacaq. Eyni zamanda fevralda devalvasiyaya uğrayan manatın sabitləşməsinə təkan verəcək: "Oyunlar son aylar daha çox müzakirə olunan manatın stabilləşməsinə müsbət təsir göstərəcək. Çünki Azərbaycana gələn turistlər bura xarici valyuta ilə gələcəklər və burada olduqları müddətdə həmin xarici valyutanı manata çevirəcəklər. Bu isə xarici valyuta təklifinin və buna uyğun manata tələbin artmasına səbəb olacaq. Bütün bunlar isə manatın stabilliyi baxımdan olduqca mühüm amildir".

Eyni zamanda ölkəmizin bank sektoru Avropa Oyunlarından gəlir əldə edən sahələrdən biri olacaq. Belə ki, ölkəyə gələn turistlər plastik kartlardan istifadə edəcəklər. Bu da bank xidmətindən daha aktiv istifadə edilməsinə və bankların Avropa Oyunlarından gəlir əldə etməsinə səbəb olacaq.

Ölkəmizin bu yarışlardan digər qazancı da yeni infrastrukturun yaradılması ilə bağlıdır. Bu gün inşa edilən hər bir idman obyekti və hotellər sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün istifadə ediləcək. Nəzərə alsaq ki, 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının yarımfinalının və digər beynəlxalq oyunların keçirilməsi qərarı verilib, artıq bu o deməkdir ki, xərcləri gəlirlərlə müqayisə etməməliyik. Çünki növbəti mərhələdə ciddi xərcləmələr olmadan digər beynəlxalq oyunları təşkil etmək mümkün olacaq.

Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi cəhətdən müsbət faydası ilə yanaşı, kifayət qədər çoxlu sosial üstünlükləri də var. Yeni xərclər dövlət büdcəsinə əlavə vergi ödənişlərinə imkan yaradacaq. digər tərəfdən də ölkəmizə gələcək turistlərin yalnız paytaxta deyil, eyni zamanda regionlara səfərlərinin gözlənilməsi və orada müxtəlif xidmətlərdən faydalanması vətəndaşlarımız üçün əlavə gəlir mənbəyinə çevriləcək. Oyunlar zamanı paytaxt və regionlardakı turizm obyektləri və restoranlar şəbəkələrinin aktiv fəaliyyət göstərəcəkləri və bu sahədən həm əhalinin, həm də dövlət büdcəsinin faydalanacağı aydın görünür.

Bir sözlə, Oyunların təşkilindən udan tərəf Azərbaycan və ölkə iqtisadiyyatı olacaq.