Hacı İbrahim I Avropa Oyunlarına hazırlaşır: “Böyük uğurdur”

“İstər idmançılar, istərsə də turistlər Azərbaycanın demokratik və iqtisadi inkişafını, gözəlliklərini öz gözlərilə görəcək və qayıdanda vətənimizi reklam edəcəklər”.

Bu sözləri AzNews.az-a "Xəzər Adaları" layihəsinin müəllifi, "Avesta Concern"nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli deyib.

Onun sözlərinə görə, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük uğurdur: "Xarici ölkələrdən xeyli sayda insanlar bura gələcək. Bu da Azərbaycanın tanıdılmasına birbaşa kömək edəcək. İstər idmançılar, istərsə də turistlər Azərbaycanın demokratik və iqtisadi inkişafını, gözəlliklərini öz gözlərilə görəcəklər və qayıdanda vətənimizi reklam edəcəklər. Sonra onlar xalqımızın qonaqpərvərliyinin və tarixi bir mədəniyyətə sahib olduğumuzun bir daha şahidi olacaqlar".

İş adamı bildirib ki, Azərbaycan bu Oyunlara görə çox uduş əldə edəcək: "Belə mötəbər idman yarışının keçirilməsi ölkəmiz üçün lazımlı bir addım idi. Cənab prezident bu addımı çox düzgün atıb. Biz də onu dəstəkləyirik və bu işdə əlimizdən gələni etməyə etməyə hazırıq".

Hacı İbrahim Nehrəmli I Avropa Oyunlarının çox yüksək səviyyədə keçiriləcəyinə inandığını deyib: "Ölkəmizə gələn insanlar qayıdanda dostları, yaxınları ilə və sosial şəbəkələrdə Azərbaycandan danışacaq".

"Avesta Concern"nin rəhbəri vurğulayıb ki, iyun ayının 10-da "Xəzər Adaları" ərazisində fəaliyyət göstərən çimərliyin mövsüm açılışı olacaq: "Burda insanların rahat dincəlməsi üçün bütün şərait yaradılıb. I Avropa Oyunları ərəfəsində ölkəmizə gələn turistlər üçün də burda turlar təşkil edəcəyik. Düşünürəm ki, bu turların böyük effekti olacaq. Qoy onlar bilsinlər ki, bu şəhər də Azərbaycanın bir hissəsidir. Onlar üçün həm də maraqlı olacaq ki, ölkəmizdə belə layihə həyata keçirilir".