Ramil Allahverdiyev : “Məqsədim 15 qat dünya çempionu olmaqdır” - MÜSAHİBƏ - FOTO

Azərbaycanın uşu –sanda idman növündə 12 qat dünya çempionu və 5 qat Avropa çempionu Ramil Allahverdiyevin AzNews.az –a müsahibəsi

- Ramil kifayət qədər titulların var. Ölkəmizdə elə idmançılar var ki, bir titul qazanan kimi davamını gətirmək istəmirlər. Sənin buna münasibətini öyrənmək istərdim...

- İlk öncə xatırladım ki, mən bu idman növünü çox sevirəm, təsəvvür edin ki, mən artıq 15 yaşında olanda uşu –sandadan nəticələrim olub. İdmansız yaşaya bilmərəm. Məni həyatda ümidləndirən və yüksəkliyə qalxmağımda idmanın böyük rolu var. Məsləhət görərdim ki, nəticə qazanandan sonra bunun davamını gətirsinlər. İdman sağlamlığın rəhni olduğu qədər, həm də ölkəmizin idmanının tanıdılmasında böyük rolu var. Hər dəfə beynəlxalq turnirlərdə bayrağımız yüksəklərə qalxanda nə qədər fərəh hissi keçiririk. Bu bizim üçün ən başlıca amil olmalıdır.

- İlk dəfə dünya çempionu olanda hansı hisləri keçirdiniz?

- Əlbəttə mənim üçün ən unudulmaz anlardan biri də ilk dəfə dünya çempionu olmağımdır. Mən bu titula İtaliyada layiq görülmüşəm. İlk dəfə dünya çempionluğumda kəmər sahibi olmağımı bəlkə təsəvvür edə bilməzdim. Amma öz üzərimdə çalışdım və nəticə də qazandım. Ruh yüksəkliyi mənə 12 dəfə dünya çempionluğu və 5 dəfə Avropa çempionluğu qazanmağıma gətirib çıxardı. Mənim üçün ən uğurlu hadisələrdən biri də 2010-cu ildə növbəti uğura imza atmağım və nəticədə ölkə prezidentinin məni qəbul edərək ev hədiyyə etməsi oldu. Mən bunun üçün idmana yüksək diqqət və qayğı göstərən cənab prezidentimizə minnətdarlığımı bildirirəm.

Atam heç vaxt mənim bu idman növü ilə məşğul olmağımı istəməyib. Mən isə məktəb vaxtı dərsdən qaçıb məşqlərə gedirdim. Atam 3-4 il öncə bilib ki, mən hansı idman növü ilə məşğul oluram. Amma anam həmişə məni dəstəkləyib. Mən ard-arda medallar gətirəndən sonra, hər kəs bizdən danışanda sonra artıq atam inandı ki, mən düz yoldayam.

- Son vaxtlar niyə efirlərdə və idman tədbirlərində az –az görünürsünüz?

- Son dönəmdə belədir. Əvvəllər tez-tez dəvət alırdım. Yəqin ki, indi kimlərinsə nəzərində az yadda qalmışam. Bilirsiniz, bizi gözdən salan bəzi qeyri-olimpiya növləri ilə məşğul olanlardır. Çünki onlar müxtəlif federasiya adı ilə yarışlara yollanır və gedir kiçik bir yarışda iştirak edir, medal gətirir və adını da qoyur ki, mən dünya çempionu olmuşam. Camaat da görür ki, necə olur, 1 nəfər il ərzində 50-100 medal qazanır. Belə olanda nəticələr artıq inandırıcı görünmür və belə vəziyyətdə əziyyət çəkən bizi kimi idmançıların da nüfuzu itir.


- Hər dəfə medalla vətənə qayıdanda səni böyük izdihamla qəbul ediblərmi?

- Bu cəhətdən heç bir problem olmayıb. Mən Gənclər və İdman Nazirliyinə də minnətdaram ki, mənim uğurlarımı daim diqqətdə saxlayır. Mən özüm çox güclü yarışlarda iştirak etmişəm. Sizə deyim ki, nazirlik qeyri-olimpiya növündə 45 –dən artıq ölkənin iştirak etdiyi dünya və 32-dən artıq ölkənin yer aldığı Avropa Çempionatları turnirlərində yer alan idmançıların çıxışına önəm verir. Mən də dəfələrlə 50-dən çox ölkənin çıxış etdiyi turnirdə mübarizə aparmışam.

- Sonuncu dünya çempionluğunu hansı ölkədə keçirilən yarışda qazandınız?

- Mən 12 –ci dünya çempionluğuma Çində imza atmışam. Amma mənim hələ də hədəfim qalıb. Mən 15 qat Dünya çempionu olmaq istəyirəm və bunun üçün daha 3 il döyüşəcəm. 37 yaşımadək idmandan ayrılmayacam. Mən həm də öz idman növüm üzrə fəaliyyət göstərən federasiyamda baş məşqçi kimi də işləyirəm.

- Sizin üçün ən yadda qalan və güclü rəqiblər hansı olub?

- ABŞ və İran idmançıları bu sahədə çox güclüdürlər və həmişə də onlarla döyüşmək mənə çətin olub.

- Rəqiblərin sırasında erməni idmançıları da olubmu?

- Olub, amma 2001-ci ildən onlarla rastlaşmamışam. Amma indiyədək keçirdiyim döyüşlərdə məğlub etmişəm və gələcəkdə də rəqibim olarlarsa, təbii ki, qələbəni mən qazanacam.

Rüfət Azəri
AzNews.az
image description