Olimpiya çempionundan sərt ittihamlar

«Məni baş məşqçi təyin etsəydilər, komandanı qaldırardım»



"Məni məşqçiliyə dəvət etsəydilər, yaxşı olardı. Öz təcrübəmi cüdoçularla paylaşardım". Bu açıqlamanı AzNews.az-a olimpiya çempionu Nazim Hüseynov deyib. Onun fikrincə, milli komandamıza yeni cəlb edilmiş Peter Zayzebaher yaxşı mütəxəssisdir. Amma ona da etimad göstərilsəydi, öz tövsiyyələrini verib düzgün strategiya seçərdi. Sitat:

"London qabağı idmançılar yükləndilər. Bu da öz təsirini yarışda göstərdi: cüdoçularımız yalnız 1-2 dövrə güləşə bildilər. Onlar daim həkim müayinəsindən keçməli idilər. Düzgün yanaşma olsaydı, nəticə də başqa olardı".

Nazim Hüseynovun sözünə görə, onu əvvəllər də milli komandaya buraxmayıblar. Halbuki cüdo onun uğuru sayəsində Azərbaycanda yüksəlib: "Mənim haqqımda müxtəlif şayiələr çıxardırdılar. Guya Nazim içki düşkünüdür. Bəli, toyda içə billəm. Bu qəbahət sayılmır. Amma gəlsinlər görüm, indi tatamidə mənə qalib gələ bilərlər? Yox, hələ də özümü gümrah hiss edirəm".

Olimpiya çempionu baş məşqçi təyin olunardısa, kimlərlə işləyəcəyini də açıqayıb:

"Mən Ağayar müəllimi qovmazdım. Onu məşqçi kimi saxlayardım. Nağı Babayevi ilə Tərlan Həsənov da məşqçilər heyətinə dəvət edərdim. Cüdomuzda birlik, xoş ab-hava olarsa, onda qələbələrimiz də daimi olar".

Kamran Hacı
AzNews.az