“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev AzNews.az-a müsahibə verib. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev AzNews.az-a müsahibə verib.

“Qaz sayğacları ona görə koda düşür ki...” – “Azəriqaz”ın mətbuat katibi ilə MÜSAHİBƏ

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev AzNews.az-a müsahibə verib.

O, müsahibəsində payız-qış mövsümündə vətəndaşların mavi yanacağa olan tələbatının ödənilməsi istiqamətində görülən işlərdən, təmsil etdiyi sahə üzrə mövcud problemlərin həllindən danışıb.

- İbrahim müəllim, payız-qış mövsümü qapının ağzını kəsdirib. “Azəriqaz” mövsümə hazırdırmı?

- 2018-2019-ci illərin payız-qış mövsümünə uyğun olaraq tərtib edilən tədbirlər planına uyğun olaraq may ayından etibarən 4931 km qaz xətləri dayaqlar üzərinə qaldırılmış, 42849 km qaz kəməri korroziyadan mühafizə üçün izolyasiya edilib, rənglənib. Qaz tənzimləyicilərinin böyük əksəriyyəti dəyişdirilib, siyirtmələrin böyük əksəriyyəti yenisi ilə əvəz olunub. Ümumilikdə onu deyə bilərik ki, bu işlər əhalinin təbii qaza olan tələbatının daha yaxşı səviyyədə ödənilməsi məqsədi daşıyır.

- Hazırda ölkənin neçə faizi qazla təmin edilib?

- Bildiyimiz kimi, ölkə başçısı cənab İlham Əliyev “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, qazlaşma işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə 100 milyon manat vəsait ayrılıb. 2018-ci ilin qazlaşma proqramına Respublikanın regionlarında 42 inizabati rayon üzrə 79 yaşayış məntəqəsinin, o cümlədən, Tərtər rayonundakı cəbhə bölgəsindəki 8 yaşayış məntəqəsinin, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbənin qazlaşdırılması tədbirləri daxildir. Qeyd olunan məntəqələrdə qazlaşdırılma işləri geniş vüsətlə davam etdirilir. Bu işlər həyata keçiriləndən sonra ölkədə qazlaşdırma səviyyəsi 95 faizə çatdırılacaq.

- Qazın keyfiyyəti İSO beynəxlalq standartlarına cavab verirmi?

- Bəli. Bu gün vətəndaşlara verilən qazın keyfiyyətində heç bir problem yoxdur. Təbii qazın tərkibi Dövlət standartına uyğun tənzimlənir və xüsusi laboratoriyalarda yoxlanılır. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Respublika ərazisində yalnız qazın paylanılması və satışı həyata keçirilir.

- Vətəndaşlar 104 və 185 çağrı mərkəzləri ilə əlaqə qura bilmirlər. Həmin nömrələrə edilən zənglər cavabsız qalır. Bununla bağlı sosial şəbəkələrdə də ciddi müzakirə gedir...

- Bu mərkəzlər 24 saat ərzində vətəndaşlara xidmət edir. Mərkəzin iş rejimi elə qurulub ki, bura müraciətlər çox olduğu zaman daxil olan zənglər növbəlilik əsasına keçirilir. Gözləmə rejimi yaradılıb. Gözləmə rejimində olan xəttlər avtomatik olaraq xəttə qoşulur. Daxil olan müraciət hansı rayona aiddirsə, avtomatik olaraq kodlaşdırılmış qaydada elektron vasitələrlə həmin rayona ötürülür. Əməkdaşlarımız da dərhal müraciət olunan əraziyə gedir, baxır və məsələnin həlli ilə bağlı mərkəzin növbətçi xidmətinə məlumat verirlər.

- Müraciətlər hansı yöndədir?

- Müraciətlər əsasən qaz sayğacının koda düşməsi ilə bağlı olur. Artıq bu məsələ istehlakçılar tərəfindən öz həllini tapa bilir. Belə ki, istehlakçılar öz kartları vasitəsi ilə koda düşmüş sayğacları koddan çıxara bilirlər. Yəni, bunun da baş verməsinin səbəbi sayğacla davranış zamanı təhlükəsizlik qaydalarına düzgün riayyət edilməməsidir. Vətəndaşlar kartı sayğaca daxil edirlər. Orada 190 saniyəlik bir məqam var. Bəziləri səbirsizlik edib kartı sayğacdan çıxarırlar. Nəticədə problem yaranır. Artıq “Azəriqaz” İB tərəfindən sosial şəbəkələrdə, KİV-lərdə video-roliklər yerləşdirilib. Bu vodeo-roliklər vasitəsi ilə vətəndaşlar maarifləndirilir.

- Təhlükəsizliklə bağlı maarifləndirmə işi hansı səviyyədə həyata keçirilir?

- “Azəriqaz” İstehsalat Birliyi bu məsələni mütəmadi şəkildə aidiyyatı qurumlarla əməkdaşlıq edərək həyata keçirir. TV-lərdə, KİV-lərdə və əhalinin sıx olduğu yerlərdə xüsusi reklam lövhələri asılır. Həmçinin bilirsiniz ki, ölkədə qazlaşdırma işləri yüksək səviyyədə gedir. Bu işlər aparılarkən hər bir abonentlə təbii qazın alqı-satqı müqaviləsi bağlanılır və mənzillərə təbii qazın verilməsinə başlanılır. Bu proses həyata keçirildiyi zaman mütəxəsislərimizin iştirakı ilə həmin evin sahibinə bukletlər təqdim olunur, əməkdaşlarımız tərəfindən xüsusi təlimat keçirilir.

- Abonentlərinizin sayında artım varmı?

- Bəli, hazırda 2 milyon 154 min 614 abonentimiz var.

- Yağış yağanda qazın təzyiqi aşağı düşür. Bu nə ilə əlaqədardır?

- Bu hal yağış yağanda baş vermir. Əsasən havanın tempraturu birdən-birə aşağı düşəndə olur. Belə ki, hazırda istismarda olan şəbəkələri birdən-birə tələb olunan həcmdə doldurmaq mümkün deyil. Təbii qazın verilişi tələbata uyğun təmin olunur. Tələbat artdıqca təbii qazın verilişi də artırılır. Qeyd edim ki, yay aylarında bu tələbat 5-10 milyon kubmetr arasında dəyişirsə, qışda bu rəqəm 30 milyon kubmetri də keçir. Biz bunu təhlükəsizlik baxımından edirik.

Ədil Ədilzadə
AzNews.az