AzNews.az “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Fikrət Yusifovla müsahibəni təqdim edir. AzNews.az “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Fikrət Yusifovla müsahibəni təqdim edir.

“İqtisadiyyatın idarə olunmasında məmur problemi var” - Fikrət Yusifovla MÜSAHİBƏ

AzNews.az “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Fikrət Yusifovla müsahibəni təqdim edir.

- Fikrət müəllim, gələn ilin dövlət büdcəsi layihəsi sabahdan Milli Məclisin müzakirəsinə çıxarılır. İstərdik ki, 2019-cu ilin dövlət büdcəsi zərfini dəyərləndirəsiniz. Üstünlüklər və yeniliklər nədir?

- 2019-cu ilin büdcəsi həm ümumi həcmi, həm də gəlir və xərclərinin səviyyəsi baxımından əvvəlki illərin büdcəsindən çox fərqlənir. Bu büdcə layihəsinə vergi islahatları sənədləri daxildir. Yəni 2019-cu ildə özəl sektorun, qeyri-neft sektorunun daha sürətli inkişafını təmin edə biləcək çox ciddi vergi islahatları nəzərdə tutulur. 2019-cu ilin büdcəsi gəlirlər üzrə 22 milyard 917 milyon manat, xərclər üzrə 24 milyard 780 milyon manatdır. Xatırlayırsınızsa, 2018-ci ilin ortalarına yaxın hökumət gördü ki, iqtisadiyyatda əldə olunmuş nəticələr kifayət qədər uğurludur, islahatların sürətinə bir qədər də sürət qatmaq xatirinə 2018-ci ilin iyun ayında büdcəyə yenidən baxıldı. Gəlirlər və xərclər kifayət qədər artırıldı.

2016-cı ildə bizdə beynəlxaq müstəvidə baş verən böhranın təsirləri hiss olundu, ümumilikdə iqtisadi azalmalar baş verdi. 2017-ci ildə bu geriliyin aradan qaldırılması istiqamətində praktiki addımlar atıldı. İlin sonlarında Prezident İlham Əliyev bəyan etdi ki, 2018-ci il iqtisadi artım ili olacaq və son 9 ayın hesabatı göstərdi ki, iqtisadiyyatda ümumən artım var. Bu artım qeyri-neft sektorunda daha qabarıq hiss olunur.

Belə olan halda təbii ki, 2019-cu ilin büdcə layihəsi bu şəkildə olmalı, daha sürətli inkişaf tempini nəzərdə tutmalı idi. Bu büdcənin içərisinə daxil olan vergi islahatları əsasən sahibkarlığın inkişafını hədəfləyir. Eyni zamanda, qeyri-neft sektorunda çalışan işçilərin vergi yükünün kifayət qədər azaldılmasını nəzərdə tutur. Həmçinin, işə götürənlərin vergi yükü kifayət qədər azaldılır. Həm sosial-sığortalara ayırmalar , həm vergilər şəklində ödənişlər, həm də sadələşdirilmiş vergilər istiqamətində ciddi addımlar atılır. Bilirsiniz, Bakı şəhərində sadələşdirilmiş verginin dərəcəsi 4, bölgələrdə 2 faizdir. Indi bu faizlərin bütövlükdə 2 faizə endirilməsi qərarına alınıb. Yəni gələn ildən bu rəqəm respublika üzrə 2 faiz olacaq. Məqsəd həm sahibkarlığın inkişafına, həm də kölgə iqtisadiyyatının aradan qaldırılmasına nail olmaqdır. Bu, həm də vergidən yayınmaların qarşısını almaq üçün atılmış addımdır. Bu baxımdan, 2019-cu ilin büdcəni islahat büdcəsi də adlandırmaq olar.

- Cəmiyyətdə belə bir gərginlik var ki, gələn il dollar manata nisbətdə kəskin qalxacaq. Buna hansısa zəmin varmı, manatın gələcək taleyi necə olacaq?

- Düşünmürəm ki, manatla bağlı yaxın bir neçə ildə hansısa ciddi dəyişiklik olacaq. Amma bu məsələ ilə bağlı 100 faiz təminat vermək çox çətindir. Çünki bizdən asılı olmayaraq, ətrafımızda müəyyən proseslər baş verir. Bunlar qonşu dövlətlərin milli valyutalarınının kəskin ucuzlaşması ilə bağlı ola bilər. Amma ümumilikdə İranla Azərbaycanın ticarət dövriyyəsi Rusiya və Türkiyə ilə müqayisədə xeyli dərəcədə azdır. Bu baxımdan da İranın milli vayutası ilə bağlı baş verən proseslərin Azərbaycan manatına təsiri azdır.

Milli valyutaların kəskin ucuzlaşmasına təsir göstərən amillərdən biri də neftin qiymətləri ilə bağlıdır. Hər kəs gözləyirdi ki, neftin qiyməti 100 dolları ötüb keçəcək, çünki ABŞ noyabrın 5-dən etibarən İran neftinin ixracına qadağa qoyacaqdı. Amma ABŞ bu qadağanı 8 ölkəyə tətbiq eləmədi. Bu ölkələr Çin, Hindistan, Cənubi Koreya, Türkiyə, Yunanıstan, İtaliya və Yaponiya kimi ölkələrdir. Bununla da demək olar ki, İran neftinin ixracına heç bir qadağa qoyulmadı . Çünki bu ölkələr hər gün 25 milyon barrel neft istehlak edirlər. İranın da gündəlik neft ixracı cəmi 2.5 milyondur. Təbii ki, qadağa qoyulmadığından İran nefti yenə də əvvəlki kimi bu ölkələrə ixrac olunacaq. Buna görə də bir ay 5 gün ərzində neftin qiyməti 15 dollardan çox ucuzlaşdı.

Ona görə də bu kimi kənar təsirlər olmasa, manatın durumu ilə bağlı heç bir ciddi dəyişiklik yaranmayacaq. Manat hələ ki, sabit qalacaq.

- Azərbaycan iqtisadiyyatında hazırda hansı boşluqar var və bu boşluqları necə doldurmaq olar?

- Neft qiymətinin kəskin düşməsi ilə əlaqədar olaraq 2015-ci ilin sonlarında ölkədə post-neft dövrü elan edildi. Bundan sonra çox ciddi qərarlar qəbul olundu, çox işlər görüldü. Nəticələri heç kim dana bilməz, faktlar, reallıqlar göz qabağındadır. Strateji yol xəritələri hazırlandı, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldı, onlarla sənəd qəbul olundu. İqtisadiyyatın real sektorunu lazımınca inkişaf etdirmək üçün nə lazım idisə, hamısı edildi. Bütün bu islahatlar, strateji yol xəritələri ölkə prezidentinin müəllifliyi ilə aparıldı. Amma görülən bu işlərin fonunda bu gün Azərbaycan iqtisadiyyatının idarə olunmasında məmur problemi var. Görün, son dövrdə nə qədər məmur işdən çıxarıldı, hansılara ki, rəhbərlik tərəfindən böyük etimad göstərilmişdi. Məmurlar daha çox Prezidentin müəyyən elədiyi strategiya üzərində düşünməlidirlər. Təəssüf ki, bəzən məmurlar əsasən özləri haqqında daha çox düşünürlər, nəinki ümumi dövlət promlemləri barədə. Bu gün də vəzifə başında olan belə məmurlar var. Üzərinə düşən işi yerinə yetirməməyin özü də dövlətə, Prezidentə xəyanətdir.

- İqtisadi əməkdaşlıq baxımından Azərbaycan üçün perspektivli sahə və ölkələr hansılardır?

- Qərb, Avropa. Biz artıq energetika sahəsində Avropa ilə çox ciddi bir əməkdaşlığın təməlini qoyduq. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması Azərbaycanı Avropanın enerji bazarında ciddi bir oyunçuya çevirdi. Hesab edirəm ki, biz Qərbdəki mövqeyimizi daim möhkəmləndirməliyik. Düzdür, digər dövlətlərlə də əməkdaşlığımız davam etməlidir, bütövlükdə əsas istiqamətimiz Qərbə yönəlməlidir.

- Azərbaycanın Avropa enerji bazarındakı rolu və önəmi bəllidir. Təbii qaz ehtiyatlarımız hansı müddətdə Azərbaycana imkan verir ki, bu mövqeyini qoruyub saxlasın?

- Təbii ehtiyatları bir neçə illə qiymətləndirirlər. Amma üzərindən 5-10 il ötəndən sonra görürsən ki, yenidən qiymətləndirmə tamamilə başqa rəqəmlərə gətirib çıxarır. Bir misal deyim: Mən 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Səudiyyə Ərəbistanında səfərdə oldum. Orada səudiyyəli mütəxəssislər deyirdilər ki, 20-30 ildən sonra Ərəbistanda neft qurtaracaq. Amma 20 il keçib Səudiyə Ərəbistanında hələ də neft var, hələ bundan sonra bir neçə on il də neft olacaq. Yəni ümumilikdə təbii ehtiyatlarla bağlı qiymətləndirmələr bir o qədər də inandırıcı deyil. Çünki təbiətin bir qaydası var, özü bərpa edir. Təbiətdə hər zaman özü-özünü bərpa eləmək prosesləri gedir.

- Bilirsiniz ki, dövlət səviyyəsində pambıq, üzün, fındıq, barama, tünüçülük kimi sahələrə xüsusi diqqət yetrilir. Sizcə yaxın gələcəkdə bu sahələr neft sektorundan asılılığı minimuma endirəcəkmi?

- Əlbəttə, bu gün qeyri-neft sektoruna genişmiqyaslı bir dəstək göstərilir. Bu, çox yaxşı haldır. Bu gün dövlət bu sahələrin sürətlə inkişaf etməsi üçün geniş şəkildə dəstək verir. Ancaq bu dəstək yeni bir sahənin yaranmasına, formalaşmasına hesablanıb. Bir neçə ildən sonra bu dəstəyə ehtiyac olmayacaq. Yəni çətini işi qurmaqdır. Bir-iki ildən sonra dövlətin bu sahələrə maddi yardım etməsinə ehtiyac qalmayacaq. Artıq sahibkarlar özləri özlərini inkiaf etdirəcək və təsərrüfatlarını genişləndirəcəklər. Bununla da ölkədə qeyri-neft sektorunun lazım olan səviyyəyə çatdırlmasına nail ola biləcəyik.

- Azərbaycan 2-ci peykini orbitə buraxıb. Bu peykdən gözləntilər nədir? Belə deyək: xərci borcunu örəyəcəkmi?

- Təcrübə göstərir ki, bu iş iqtisadi cəhətdən səmərəli bir işdir. Eyni zamanda, kosmik dövlət olmağın özü böyük göstəricidir. Azərbaycan kimi kiçik bir ölkə üçün bu, çox qürurverici bir hadisədir. Biz peyk xidmətlərimizi başqa dövlətlərə satmaqla qazanc əldə edə bilirik. Bu da iqtisadi fəaliyyətdir.

- ABŞ-ın dünya iqtisadiyyatında rolu və təsiri bəllidir. Ancaq bəzi proqnozlara görə, Çin bir neçə ilə dünyanın lider iqtisadiyyatına sahib olacaq. Bu barədə fikirləriniz nədir?

- Ümumi gedişat siz deyənləri təsdiqləyir. Ancaq son zamanlar Çin iqtisadiyyatının real durumu ilə bağlı beynəlxalq ekspertlər o qədər də xoşagələn təhlillər vermirlər. Aydın məsələdir ki, bu ekspertlərin əksəriyyəti ABŞ təmsilçiləridir. Bütövlükdə, Çində iqtisadiyyat çox sürətlə inkişaf edir. Bu gedişlə Çin iqtisadiyyatı bir neçə ilə ABŞ-ı üstələyə bilər. Təbii ki, ABŞ da bunu çox gözəl bilir və alternativ tədbirlər görür ki, liderliyi əldən verməsin. Amma inkişafın qabağını saxlamaq dağ çayının qabağına bənd çəkmək kimi bir şeydir. Yəni onu durdurmaq mümkün deyil. Əgər Çində istehsal olunan məhsullar, göstərilən xidmətlər ABŞ bazarında olan qiymətlərlə dəyərləndirilsə, Çinin ümumi daxili məhsulu ABŞ-ın ümumi daxili məhsulundan bir neçə trilyon dollar çox olacaq. Çin iqtisadiyyatının inkişafında hər il 6-7 faiz artım qeydə alınır. Bu da heç bir ölkədə yoxdur. Ona görə də yaxın üç - dörd il ərzində Çin iqtisadi inkişafa görə ABŞ-ı haqlaya bilər.

Elgün MƏNSİMOV
AzNews.az