“Azərbaycanlıların Ermənistandan deportasiyası genosidə bərabər faciə idi” – Qabil Hüseynli

Politoloq Qabil Hüseynlinin AzNews.az-a müsahibəsi

Dekabr ayının əvvəllərində azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya edilməsinin 30 ili tamam olur. 1988-ci ildə başlayan “etnik təmizləmə” siyasəti nəticəsində 250 min soydaşımız öz torpaqlarından didərgin düşüb.

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı AzNews.az-a danışıb.

- Qabil müəllim, bildiyiniz kimi, dekabr ayında soydaşlarımızın Qərbi Azərbaycandan deportasiya edilməsinin 30 ili tamam olacaq. Həmin hadisələrin şahidi kimi, xatirələrinizi bölüşməyinizi istərdik.

- Vaxtilə, indi Ermənistan deyilən ərazinin 90-95 faizində azərbaycanlılar məskunlaşmışdı. 1828-ci ildə bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Rusiyanın yeni siyasəti nəticəsində həm Türkiyədən, həm də Yaxın Şərq ölkələrindən ermənilərin Qərbi Azərbaycana köçürülməsi prosesi başlandı. Bu proseslər sovet hakimiyyəti dövründə də davam etdi. Azərbaycanlıları illərlə yaşadığı torpaqlardan çıxardılar. O proseslər, 1988-1989-cu illərdə baş tutan iri miqyaslı deportasiya ilə başa çatdı. Həmin deportasiyalar zamanı ən azı, 240 min nəfər soydaşımız Qərbi Azərbaycandan zorla qovuldu. Onların bütün mülk və əşyaları, evləri, illərlə əldə etdikləri sərvətlər əllərindən çıxdı. Üstəlik, bu deportasiyalar zamanı 250-dən çox insan həlak oldu. Bunların içərisində uşaqlar, qocalar var idi. Çox böyük, genosidə bərabər faciə idi. Həmin illərdə baş verən faciənin ən ağrılı səhifələri haqqında videolar da var. Göyçə mahalından Kəlbəcərə, Səbətkeçməz adlı kiçik keçidli böyük dağ aşırımından 10 minlərlə insan ayaqyalın, başı açıq, buzlu ərazilərdən keçib. İnsanların çoxu soyuqdan donaraq ölüb.

Həmin dövrdə Ermənistanda olan Rusiya qoşunları da azərbaycanlıların bu faciəsinə biganə münasibət bəsləyirdi. Erməni vandallarının azərbaycanlılara qarşı törətdiyi müxtəlif provakasiyalara əhəmiyyət vermirdilər. Həmin dövr, Dağlıq Qarabağda baş verən hadisələrin əks-sədası nəticəsində yaranmışdı. Bu, ermənilərin “Krunk” təşkilatının yaratdığı “Miyatsum” hərəkatının bir dalğası idi. Bunun nəticəsində və rus ordusunun yaxın köməkliyi ilə Qərbi Azərbaycanda olan sonuncu azərbaycanlılar zorla, güc tətbiq edilərək ordan çıxarıldı. Bəziləri isə, qeyd etdiyim kimi, piyada qaçaraq qarlı qışda ya canlarını qurtardılar, ya da soyuq şaxtalı havada Kəlbəcərə keçərkən həlak oldular.

İndi həmin hadisələrdən 30 il ötür. Bu, sonuncu deportasiya idi; buna qədər ən azı, 6 dəfə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya edilməsi hadisəsi baş vermişdi. Bu hadisələr həmişə qanlı olub. Silahlı daşnak dəstələri əliyalın azərbaycanlılara divan tutaraq onların böyük qismini məhv edib. Yalnız müəyyən hissələr Azərbaycana, bir qism isə Türkiyəyə və İrana qaça bilib. 1988-1989-cu illərdə baş verən bu faciə, bütövlükdə Qərbi Azərbaycan ərazisinin azərbaycanlısızlaşdırılması prosesini başa çatdırdı. Onlar indi də bununla fəxr edirlər ki, küçələrində başqa dillərdə danışan adam yoxdur, hamısı erməni dilində danışır...

- O hadisələrə lazımi qiymət verildiyini düşünürsünüzmü?

- Çox təəssüflər olsun ki, biz bu deportasiya məsələsinə lazımi siyasi qiyməti verə bilmirik. Şərqi Anadoludan ermənilərin köçürülməsinə “erməni soyqırımı” adını verib, onu bütün dünyaya car çəkiblər. Əslində, daha çox azərbaycanlının itkisi ilə nəticələnən erməni yağmalamalarının nəticəsində baş verən deportasiyalar, ermənilərin azərbaycanlılara qarşı törətdikləri əsl soyqırım idi. Hətta bəzi tədqiqatçılar, bu soyqırım nəticəsində 2.5 milyon nəfərin həlak olduğunu deyir. Belə bir irimiqyaslı hadisə heç vaxt unudulmamalı, yeri gələndə erməni sərsəmləmələrinə qarşı istifadə edilməlidir.

- Bəs o deportasiyanın qarşısı alına bilməzdimi?

- Əlbəttə, olardı. Bunun üçün Dağlıq Qarabağ, eləcə də Ermənistanda baş alıb gedən millətçilik hərəkatını beşiyindəcə boğmaq lazım idi. Bu işi Moskva həyata keçirməli idi. Kreml isə bunu etmək istəmədi. Moskvada bəzi qüvvələr erməniləri şirnikdirirdi. Orda olan silahlı qüvvələr, dinc əhalini erməni silahlı dəstələrinin hücumlarından qorumalı idilər. Bəzi yerlərdə bunu etdilər, bəzi yerlərdə isə yox.

- Sizcə, nəyə görə Azərbaycanın köhnə rəhbərliyi loyallıq göstərərək əzəli torpaqlarımızın saxlanılması üçün heç nə etmədilər?

- O zaman hakimiyyət uğrunda ciddi mübarizə gedirdi. Hakimiyyətdə olan şəxslər, açığını deyək, oradan qovulan insanların özünə ögey münasibət bəsləyirdilər. Erməni məsələsinə, ermənilərin millətçilik hərəkatlarına dərin vətənpərvərlik hissi ilə cavab qaytarmırdılar. Hər şey hakimiyyət uğrunda mübarizəyə həsr edilmişdi. Bunun nəticəsində də Dağlıq Qarabağ və Qərbi Azərbaycanın özündə və ətrafında yaşayan azərbaycanlılar, ermənilərin miqyaslı terror dəstələrinin fəaliyyətini dayandırmağa təşəbbüs etmədilər. Mübarizənin silahlı mərhələsində azərbaycanlıların əlindən silahları alaraq şərtləri qeyri-bərabərləşdirdilər. Həmin dövrdə ölkədə hər cür vətənpərvərlik instinktlərindən məhrum olan, sırf regionçuluq siyasətini həyata keçirən qruplar hakimiyyət başında idi. Onların haqqında sonradan cinayət işi qaldırılsa da, heç bir cəza verilmədi. Bəziləri bu gün Bakıda köhnə statuslarından istifadə edərək dinc həyatlarını yaşamaqdadır.

- Əgər nə vaxtsa, Qərbi Azərbaycana qayıdış baş tutarsa, azərbaycanlıların itirdikləri mal-dövlət geri qaytarıla, yaxud əvəzində kompensasiya ödənilə bilərmi?

- Bizim azərbaycanlılar da bir az tənbəldirlər. Məsələn, məcburi köçkünlərin içərisindən 14 nəfər Avropa məhkəməsinə müraciət edərək onlara dəymiş ziyanın ödənilməsi haqqında müsbət qərar çıxarılmasına nail olublar. Amma Qərbi Azərbaycandan köçən insanlar, öz var-dövlətləri, başlarına gətirilən cinayətlər haqda nə yerli, nə də beynəlxalq məhkəmələrə müraciət etdilər. Məncə, bu addımlar atılmalı idi. Özü də Avropa Məhkəməsi qaçqınlar tərəfindən şikayət yağmuruna tutulmalı idi.
Bir sözlə, biz siyasi cəhətdən hazırlıqlı olmalı, bu məsələlərdə hüquqlarımız uğrunda mübarizə aparmağı bacarmalıyıq.

Pərvanə Ağazadə
AzNews.az