“Hamının evindən işinə gedən yol məndəki kimi tıxacsız olsun”. “Hamının evindən işinə gedən yol məndəki kimi tıxacsız olsun”.

“Təəccüblənməyi çoxdan yadırğamışam” - Əli Məsimli “Deputatın gündəliyi”ndə

“Hamının evindən işinə gedən yol məndəki kimi tıxacsız olsun”.

AzNews.az-ın “Deputat gündəliyi” rubrikasının bugünkü qonağı millət vəkili Əli Məsimlidir.

O, Milli Məclisdə Şəki şəhərini təmsil edir.

- Əli müəllim, gündəlik olaraq planlaşdırma aparırsınızmı?

- Əlbəttə, günümü planlaşdırarkən deputat kimi fəaliyytimə aid məsələlərin xeyli hissəsini mütləq qeyd edirəm. Məsələn, qəbula gələnlərin vaxtı iclas gününə düşürsə, qeyd etməyə ehtiyac qalmır, amma qalan görüşlərin, tədbirlərin vaxtını qeyd edirəm. Plenar iclasların vaxtını və başqa məsələri isə yadddaşımda saxlayıram. Yaddaşım artıq proqramlaşıb: iqtisadi və birinci dərəcəli hesab etdiyim məsələləri özü yadda saxlayır, yadda saxlamağa lüzum görmədiyini isə silir…

- Bəs şəxsi həyatınızı necə tənzimləyirsiniz?

-Şəxsi həyatım daha çox ailə qayğıları ilə bağlı olduğundan, onun çox hissəsini razılaşırıq. Adi günlərdə axşamlar gəzintiyə çıxırıq, həftəsonu isə bəzən rayona, çox vaxt isə Bakıda və onun ətrafında harasa gedirik. Amma bütün bunların hamısını edəndə deputat fəaliyyətimlə bağlı işlər prioritet olduğundan həmin vaxtlarla üst-üstə düşməsin deyə fərqli gün və saatlar seçirik. Dost-tanışla görüşləri isə yazılı qeyd etmədən asudə vaxta salıram və telefon zəngləri ilə tənzimləyirəm.

- Gün ərzində əsasən nə ilə məşğul olursunuz?

- İş elə gətirib ki, mənə olan müraciətlərin 10-dan 8-i deputat olduğum dairədən yox, Azərbaycanın əksər şəhər və rayonlarından gəlir. Çox vaxt həmin müraciətlərdə qaldırılan məsələ ilə bağlı əlavə məlumat toplamaq, qanunvericilik aktları və digər sənədlərə bir daha yenidən baxmaq lazım gəlir. Qaldırılan məsələ ilə bağlı ətraflı bilgi topladıqdan sonra aidiyyatı orqanlara məktub hazırlamaq, zəng etmək zərurəti yaranır. Milli Məclisdə məsələ qaldırmaq üçün də incə nüansları hüquqşünas dostlarımla məsləhətləşirəm, məsələni əsaslandırılmış şəkildə qaldırmaqdan ötrü hazırlaşıram.

Təbii ki, bu məsələlərdə deputat köməkçisinin səriştəsi də mühüm rol oynayayır. Çünki yerdə müraciətlərin bir hissəsini deputat kömkçisi toplayır, günün axırında internet vasitəsilə mənə göndərir və ya telefonla danışırıq. Bundan əlavə, köməkçi həftə sonu Bakıya gələndə (qanunla köməkçi deputatın seçildiyi dairədə yaşamalı və çalışmalıdır) müzakirə formasında müraciətlər hazırlayırıq. Bir hissəsinə də mən rayona gedəndə yerində baxırıq. Digər məqam mənim ixtisasca iqtisadçı olmağımla bağlıdır. Milli Məclisdə seçicilərin maraqlarını güclü arqument və faktlarla müdafiə etməkdən ötrü qaldırdığım məsələri, ümumiyyətlə hər sözümü yüksək səviyyədə əsaslandırmalıyam. Bu isə çoxlu mütaliə etmək, öz üzərimdə daim işləmək üçün xeyli vaxt aparır.

Komputerimdə “cari məsələlər səbəti” var. Mənə olan müraciətlərin bir hissəsini orda yerləşdirir, Milli Məclisdə cari məsələlər müzakirə olunanda, siyahıda birinci onluğa düşəndə, qaldırmaq imkanım olur. Sonra aidiyyatı orqana məktub yazıram. Bundan əlavə mətbuatı müntəzəm izləyirəm və vacib hesab etdiyim məsələri analiz edir, əlavə arqumentlərlə zənginləşdirir, komputerimdəki “cari məsələlər səbətinə” atır və yeri gələndə Milli Məclisdə qaldırıram. Müzakirəyə çıxarılacaq sənədlərə gəldikdə isə gündəliyə salınan sənədlərin əksəriyyəti barədə rəyim olur. Amma adətən daha çox sosial-iqtisadi xarakterli sənədlərlə bağlı çıxışlara üstünlük verirəm.

- 1990-cı ilin əvvəllərində mühüm vəzifələrdə çalışmısınız. Təbii ki, gərgin dövr idi. Bəs o zamankı iş qrafikiniz barədə nə deyə bilərsiniz?

- Əgər mənim 1992-1993-cü illərdəki Baş nazirin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri işlədiyim zamanı nəzərdə tutursunuzsa, bəli, o vaxt çağdaş Azərbaycan tarixinin ən gərgin illəri idi. Sosializmdən kapitalizmə keçid təcrübəsi olmadığından hər şeyi “yüz ölçüb, bir biçmək” lazım gəlirdi ki, az səhv buraxaq. Ona görə də iş üslubum elə o vaxtlar qoyulub: mənə həvalə olunan vəzifəyə ciddi, məsuliyyətlə yanaşmaq! O vaxt bir jurnalist məndən soruşmuşdu ki, belə gərgin işdən sonra gecələr yatanda hansı yuxuları daha çox görürsünüz? Cavab vermişdim ki, heç əməlli –başlı yatmağa imkan olur ki, yuxu da görüm?! Bu, bir reallıq idi. Ona görə də işdən gecə saat 2-3-dən sonra evə qayıdan adam kimi “iş qrafikim, iş planım var idi desəm” də, indiki meyarlarla onu normal qrafik hesab etmək olmaz...

- Əli müəllim, Milli Məclisdə sizi Vahid Əhmədovsuz, onu da sizsiz təsəvvür etmək olmur. Səbəbi nədir?

- Bəli, mən öz fəaliyyətimi deputat həmkarım Vahid Əhmədovla sıx koordinasiya əsasında qurmuşam. Bu, Milli Məclisdə diqqətçəkən və maraq doğura biləcək hallardan biridir ki, iki deputat qanun layihələrini birgə hazırlayır, biri o birinin adndan çıxış edir. Bizim çıxışlar dərin analizlərə və bizimlə müqayisə oluna biləcək ölkələrdəki vəziyyətin müqayisəli təhlilinə əsaslanır. Vahid müəllimlə qaldıracağımız məsələləri götür-qoy edib sonra çıxış edirik. Əsas ona çalışırıq ki, çıxışlarımız bir-birini tamamlasın və qaldırdığımız məsələnin əsas məqamlarını maksimum əhatə edə bilək. Həm də fikirlərimiz daha tutarlı arqument və faktlar əsasında olsun ki, cəmiyyəti populizmlə, əsası olmayan sözlərlə “qidalandırmaqdan” uzaq olaq və bunun cəmiyyətə bir faydası olsun.

Çox vaxt əlimizdə istənilən plenar iclasın gündəliyinə daxil edilən əksər məsələlər üzrə 5-6 dəfə və daha çox çıxış etmək üçün materialımız olsa da, çalışırıq ki, plenar iclasda yalnız bir dəfə çıxış edək. Ona görə də çıxış naminə hər məsələyə dair çıxış etmirik. Plenar iclasın gündəliyində vacib hesab etdiyimiz səviyyədə məsələ olmayanda, ya ümumiyyətlə həmin gün çıxış etmirik və ya ikimizdən birimiz bir dəfə çıxış edirik. Bir gündə iki dəfə çıxışa isə daha çox büdcə müzakirələri zamanı ehtiyac olur. Bir də iclasda mübahisəli məqam olanda ikinci dəfə söz almağa ehtiyac olur.

- Evinzlə Milli Məclis arasındakı məsafədə sizi ən çox nə düşündürür?

- Evdən Milli Məclisə gələndə həmin gün edəcəyim çıxışa əlavə nələri qatıb zənginləşdirə biləcəyim barədə düşünürəm. Əsas pozitiv isə odur ki, yaşadığım prospekt Bakıda ən az tıxac və sıxlıq olan yol olduğundan parlamentə rahat gedirəm və əhvalım normal olur. Yol boyu arzu edirəm ki, hamının evindən işinə gedən yol məndəki kimi tıxacsız olsun və hamı pozitiv əhvali-ruhiyyə ilə işə çatsın. Neqativə gəldikdə isə arada sürücü mədəniyyətinin aşağı olduğu məqamlarla rastlaşanda təəccüblənməsəm də (mən təəccüblənməyi çoxdan yadırğamışam), təəssüflənirəm ki, görəsən, bu adamın səviyyəsi ilə maşının markasının səviyyəsi arasındakı tərs mütənasiblik təkcə bu yolun yolçularını yox, həm də cəmiyyətimizi hara aparır?!

- Xarici ölkələrdə olanda bazarlıq etməyi xoşlayırsınızmı?

- Bakıda olduğu kimi, xaricdə də mağazaları gəzməkdən xoşum gəlmir. Ailəyə lazım olan dərman preparatı olanda hava limanındaca onu sifariş edirəm, gətirirlər və ordaca ailə üzvləri, dostlar üçün süvenir xarakterli hədiyyələr götürürəm. Özümə isə heç nə...

Bir sözlə, mən xaricə şopinqə yox, Azərbaycanı öz potensialıma uyğun səviyyədə təmsil etmək üçün getdiyimdən, bir ədəd kiçik ölçülü, hansı çamadanla gedirəmsə, həmin bir ədəd çamadanla da geri qayıdanlardanam...

- Son olaraq, sizə görə, deputat olmağın avantajları nələrdir?

- Bizdə deputatı həm də millət vəkili adlandırırlar. Doğrudur, bütün dünyada parlament və onun üzvləri daha çox tənqid olunan kateqoriyaya aiddirlər. Bununla belə, millət vəkili olmaq həm şərəfli, həm də çox məsuliyyətli işdir. Ona görə də deputat öz yüksək adına xələl gətirə biləcək davranışa yol verməməli, hüquq və vəzifələrindən cəmiyyətə, seçicilərinə fayda vermək üçün istifadə etməlidir. Bir yapondan soruşurlar ki, Yaponiya təbii sərvətlərlə zəngin ölkə deyil, nefti, qazı, qızılı və sairi yoxdur. Bəs nəyin hesabına dünyanın ikinci dövlətinə çevrilə bilib (Bu məsələ qaldırılanda dünyanın ikinci dövləti Çin yox, Yaponiya idi). Yapon cavab verir ki, səbəbləri çox olsa da, əsas səbəblərindən biri budur ki, hər bir yapon - üçdəbir Yaponiya üçün, üçdəbir çalışdığı müəsssisə və təşkilat üçün, üçdəbir isə özü üçün işləyir. Mən də çalışıram ki, həmin prinsipə əməl edim. Həm də çox istərdim ki, bizdə də həmin “üçdəbir”lərin effektiv kombinasiyası Azərbaycanı daim önə çıxarsın və yüksəkdə saxlasın!

Elgün MƏNSİMOV
AzNews.az