“Azərbaycan bir musiqi cənnətidir” - Oya Ergünlə söhbət

Türkiyənin opera ifaçısı Oya Ergünün AzNews.az-a müsahibəsi

- Oya xanım, bir ay öncə "Sevgilim" adlı albomunuz Türkiyədə yayımlandı. Elə biz də sizi Rəşid Behbudov sənətinin vurğunu kimi tanıyırıq. Bilmək istərdik, Oya Ergünü ölməz sənətkar Rəşid Behbudov sənətinə bağlayan nə olub?

- Biz bir musiqiçi ailəsiyik. Atam hüquqşünas olsa da musiqiyə böyük marağı var idi. Bu səbəbdən biz radioda səslənən bütün musiqiləri dinləyirdik. Bir gün evdə tək idim, radionu açdım, Rəşid Behbudov “Sənə də qalmaz” mahnısını oxuyurdu. Mahnı məni necə ovsunladısa, sona kimi yerimdən tərpənə bilmədim. Tez qələm götürüb ifaçının adını yazdım. O gündən bəri həmin ifa qulağımdadır. Harada Rəşid Behbudovun ifası səslənir, onu ifa etməyə çalışıram. Hətta Konservatoriyada məzuniyyət repertuarıma da Rəşid Behbudovun repertuarindan 2-3 mahnısını salmışdım. Onlardan biri “Sənə də qalmaz” idi. Əvvəllər Rəşid Behbudovun 5-6 mahnısını bilirdim. Bakıya gələndən sonra isə onun bütün yaradıcılığını dərindən izlədim. Azərbaycanın çox böyük musiqisi, əvəzsiz bəstəkarları olub. Üzeyir Hacıbəyov, Tofiq Quliyev, Qara Qarayev və s. saymaqla bitməz. Hamısı da bir-birindən fərqli bəstəkarlardır. Onların hər birinin dərin yaradıcılığı var. Bu gün dünyanın, onların yolu ilə gedən bəstəkarlara çox ehtiyacı var.

- Rəşid Behbudov sənətinin böyüklüyündən danışırsınız. Sənətkarın ailəsi ilə görüşmüsünüz?

- Rəşid Behbudovun qızı Rəşidə xanım və onun həyat yoldaşı Kamil müəllimlə telefonla danışmışam. Hətta onları ailəliklə konsetlərimə də dəvət eləmişəm. Rəşid Behbudovun Mahnı Teatrındakı özəl otağında olmuşam. Çoxlu fotolar çəkdirdim. Mənimlə olan insanlara dedim ki, “nə olar, siz çıxın, mən bir az bu otaqda tək qalmaq istəyirəm”. Həmin anda çox düşündüm, onun ifaları bir-bir gözümün önündən keçdi. Onun pianosunda bir neçə mahnı ifa etdim. Çox duyğulandım, sanki Rəşid Behbudov dünyasında idim. Sağ olsaydı, bəlkə daha çox ünsiyyət qurardım. Rəşid Behbudov üçün yazılan musiqilərin və onun ifa etdiyi bütün mahnıları oxumuşam.

- Bilirik ki, bir neçə il əvvəl Rəşid Behbudovun mahnılarından ibarət disk çıxarmısınız…

- Bəli, “Sevgilim” albomu tamamilə onun mahnılarından ibarətdir. Sizin də qeyd etdiyiniz kimi albom hətta Türkiyədə də yayımlanıb. Disklə bağlı Türkiyə mətbuatında gözəl məqalələr dərc olundu. Bizim əsas məqsədimiz musiqilərimizlə tamaşaçılarımıza hisslər yaşatmaq, insanları duyğulandırmaqdır. Müğənnilər çox hissiyatlı insanlardır. Duyğu dünyaları fırtınalarla doludur. Yaşamadığım, sevmədiyim musiqini ifa edə bilmərəm. Düzdür, mənə “bunları da oxuyun” deyə çox təkliflər gəldi, amma onların birini də ifa etmədim. Müraciət etdiyim mahnıları da özüməməxsus şəkildə oxudum. Ən önəmlisi, özümün nə hiss etməyimdir.

- Azərbaycanda yaşadığınız müddətdə ən çox ünsiyyət qurduğunuz sənət adamları kimlərdir?

- Filarmoniyanın əməkdaşları ilə daha yaxınam. Bununla belə, Flora Kərimovaya heyranam. Böyük sənətkardır, hiss etdiyini axtaran ifaçıdır. Azərin, Elza Seyidcahan da onun kimi daima axtarışdadırlar. Klassik musiqi ifaçılarını saymaqla bitməz. İlham Nazarovun sənətinə heyranam. Mənə ən yaxın olan, pianist Nərgiz Əliyevadır. Onunla bir ansamblımız var, hər ay konset proqramları ilə çıxış edirik. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə də konsertlərimiz olub.

- Azərbaycan Opera və Balet Teatrının zəngin repertuarı var. Həmin repertuara nəzər salanda Oya xanım özünü hansı rolda görür?

- Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasında "Gülçöhrə" obrazını oynamaq istəyərdim. Bu, arzularımdan biridir. “Gülçöhrə” səsimə çox uyğundur.

- Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Bizi bir həkim dostumuz tanış edib. Tanış olandan sonra bir-birimizi sevdik və evləndik.

- Həyat yoldaşınız “Azərbaycandan iş təklifi aldım, orada yaşayacağıq” deyəndə qarşı çıxmadınız ki?

- Həyat yoldaşım mənim sənətimi çox sevir, eyni zamanda mənə dəstək də olur. Azərbaycan bir musiqi cənnətidir. Düşündüm ki, Azərbaycanın musiqisi ilə yaxından tanış olmaq kimi şansımız var. Bu şansı qaçırmadım. Hələ ki, fikrimiz Bakıda yaşamaqdır, sonrası zamana bağlı…

- Türkiyədə “qadın zorakılığına yox deyək” layihələrində iştirak edirsiniz. Bununla bağlı məlumat verərdiniz mümkünsə.

- Bir vacib məsələ var, sənəti sosial dünyadan ayırmaq olmur. Bir müğənni bütün acıları, duyğuları, sevincləri özündə yaşadır. Mən dünyanı bir çox ölkələrində qadınların öz haqlarından məhrum edildiyinin şahidi olmuşam. Bu, bir dünyanın acısıdır və məni çox incidir. Bir sənətçi olaraq buna biganə qala bilməzdim. Atam hüquqşünas idi, insan haqları ilə mübarizə aparırdı. Haqsızlıq olan yerdə özümü görürəm. Harada qadına qarşı haqsızlıq varsa, mən oradayam. Hollandiyada qadın haqları vaqfını yaratdım. Hollandiya və Türkiyədə böyük layihələr həyata keçirdik. Azərbaycandan isə bir neçə dəfə “bunları həyata keçirək” deyə təkliflər gəldi. Təəssüf ki, sonradan həmin təkliflərin davamı gəlmədi. Hətta mən dərnək üçün konsertlər də vermişəm.

Uzun illər şiddətə məruz qalan qadınlarla işlədim. Qadınlar bunu hiss etmir, amma hər an şiddətə məruz qalırlar. “Evdən çıxma”, “Ona baxma”, “Bu saatda qadın çöldə nə gəzir”, “Kişi işinə qarışma”, “Ərindən daha az qazan”, “Evdə otur uşağa bax”, “Qayınana nə deyirsə, o olacaq”, “Evdə qaldın” və s. bunların hamısı şiddət… Cəmiyyətin içində olan insanlar bunu az hiss edirlər. Bəs kəndlərdə yaşayan, təhsil almayan qadınlar bunu haradan biləcək? Qəzetlərin, saytların xəbər verdiyi “o, bunu öldürdü, bu, onun başını kəsdi” kimi hadisələr hər gün evlərdə yaşanır. Qadına nəsə olanda üzülürəm. Bunlar ənənə halını alıb, 100 illərdir nəsildən-nəslə ötürülür. Bu sahədə böyük işlər görülməlidir. Qadınlar öz dəyərini bilməli və hiss etməlidirlər. Ən balıcası, bir-birinə dəstək verməlidirlər.

Bahar RÜSTƏMLİ
AzNews.az