“Mübariz İbrahimovu təhqir edəni 3 ilə kimi cəza gözləyir” - Vəkildən açıqlama

“Milli Qəhrəmanımızın ruhuna hörmətsizlik bizi sakit qoya bilməzdi”

Bildiyimiz kimi, artıq 2 gündür ölkənin gündəmində özünü psixoloq kimi qələmə verən Nərmin Şahmarzadə adlı bir şəxs Milli Qəhrəmanımız Mübariz İbrahimovun ruhunu təhqir edib. Bu barədə hər bir vicdanlı Azərbaycan vətəndaşı öz mövqeyini ortaya qoyaraq həmin dırnaqarası psixoloqun cavabını verib və müvafiq addımlar atmağa başlayıblar. O cümlədən hüquq müstəvisində də Nərmin Şahmarzadənin cəzalandırılması ilə bağlı tədbirlər görülüb. Belə ki, Vəkillər Kolllegiyasının üzvü vəkil Ramil Rüstəmov da vətəndaşlıq mövqeyindən çıxış edərək aidiyyatlı qurumlara müraciət edib.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı vəkil Ramil Rüstəmovla söhbət edib.

- Ramil müəllim, Milli Qəhrəmanımızın ruhunun təhqir olunması ilə bağlı məhkəməyə müraciət etmisiniz. Bu barədə məlumat verməyinizi xahiş edirik.

-Mən Milli Qəhrəmanımız Mübariz İbrahimovun ruhuna hörmətsizlik etmiş Nərmin Şahmarzadə barədə tədbir görülməsi üçün 9 qat Dünya, 3 qat Avropa çempionu, Əməkdar və Beynəlxalq idman ustası Araz Musayevlə birgə Cinayət Məcəlləsinin 147 (böhtan atma) və 148-ci (təhiqr etmə) maddələri ilə xüsusi ittiham qaydasında Xətai rayon məhkəməsinə müraciət etdim. 1-ci Nərmin Şahmarzadənin yaşayış yeri ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu verdik. Məlum oldu ki, N.Şahmarzadə Xətai rayonu ərazisində qeydiyyatdadır və aidiyyatı üzrə həmin rayon məhkəməsinə ərizə yazdım. Belə ki, Nərmin Şahmarzadənin Mübariz İbrahimovun ruhuna etdiyi hörmətsizliyi bilən kimi, dostum Araz Musayevlə birgə Milli Qəhrəmanımızın atası ilə görüşmək üçün Biləsuvar rayonunda olduq, atasının razılığını aldıq və sadaladığım addımları atdıq. Bir vətəndaş olaraq, bu addımı atmalı idik. Milli Qəhrəmana qarşı hörmətsizlik bizi sakit qoya bilməzdi.

- Nərmin Şahmarzadənin özü ilə əlaqə saxlamağa cəhd etdinizmi, onun etdiyi hərəkətin nəticəsini özünə izah etməyə çalışdınızmı?

- Biz onun məlum nömrələri ilə əlaqə saxlamağa cəhd etdik. Ancaq heç bir nömrəsinə zəng çatmadı. Özü isə sosial şəbəkə vasitəsi ilə yenidən videomüraciət etdi, yenə də başladı erməniləri müdafiə etməyə və öz hərəkətlərinə yenidən haqq qazandırmağa çalışdı. Burada artıq cinayət mühakimə icraatı qaydasında sübut olunacaq.

- Nərmin Şahmarzadənin atdığı addımlar gələcəkdə xaricdən siyasi sığınacaq almağa hesablana bilərmi?

- Heç bir məsələ ona haqq qazandırmır ki, Milli Qəhrəmanı təhqir etsin. Bu şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət törədib. Yəqin ki, 1-2 günə məhkəmə təyin olunacaq. Əgər N. Şahmarzadə ölkəni tərk etmək istəsə belə, artıq bizim onun ölkədən çıxışı ilə bağlı müvafiq qurumlara müraciətlərimiz olub.

Bu sahədə qanunlarımızda cəzaların sərtləşdirilməsinə ehtiyac var. Şəxsən bu şəxsə maksimum 3 il cəza verilə bilər. Bu isə onun törətdiyi əməlin qarşısında çox aşağı bir cəzadır.

Avropa İnsan Haqları Konvensiyanın 10-ci maddəsində Söz və ifadə azadlığı təsbit edilib. Ancaq N.Şahmarzadə Mübariz İbrahimovu cinayətkar adlandırıb, bu isə artıq təhqirdir. Burada söz azadlığından söhbət gedə bilməz.

- Nərmin Şahmarzadənin sosial şəbəkədə yazdığı statusun məqsədli şəkildə təşkil olunması ilə bağlı nə deyə bilərsiz? Bu kimlər tərəfindənsə təşkil oluna bilərmi?

- Nərmin xarici kəşfiyyat tərəfindən öyrədilmiş bir adam da ola bilər. Bunlar artıq məhkəmə istintaqı dövründə araşdırılacaq. Onun ermənilərlə yazışmaları var, bu da onu göstərir ki, o, idarə olunan bir şəxsdir. O, heç psixoloq da deyil, 3-cü kurs tələbəsidir. Onun hərəkətləri insanlığa sığmayan bir hərəkətdir, inanırıq ki, cəzasını alacaq.

Azər
AzNews.az