Bu, mənəviyyatsızlıqdır - Məlahət İbrahimqızı

“Fransada insanlara qarşı zorakılıq yaşandığı halda, Azərbaycana qarşı çirkli kampaniya aparanlara böyük dəstək verilir”.

AzNews.az Milli Məclisin deputatı Məlahət İbrahimqızı ilə müsahibəni təqdim edir:

- Məlahət xanım, bu gün Qərbdə, xüsusilə də Fransada Azərbaycana qarşı kampaniya aparan qüvvələrə geniş şərait yaradılır. Biz bunu Vidadi İsgəndərli adlı şəxsin timsalında da görürük. Bu barədə nə deyə bilərsiniz?

- Elədir, bu gün Avropanın bir çox ölkələri, bəzi təşkilatları Azərbaycana, Azərbaycan dövlətçiliyinə qarşı böhtan, şər xarakterli eybəcər kampaniya aparanlara şərait yaradırlar. Biz artıq 21-ci əsrin 2-ci onilliyini yaşayırıq. Bu dövrdə Qərb özünü demokratik dəyərlərin, insan haqlarının, bəşəri dəyərlərin, söz azadlığının, eləcə də sərbəst toplaşmanın fədaisi hesab edir. Amma bəzi Qərb dövlətləri öz fəaliyyətləri ilə sübut etdilər ki, əksinə və əslində, bu, gənc dövlətləri, müstəqilliyini yeni əldə etmiş və inkişaf etməkdə olan dövlətləri əzmək, öz çıxarlarına uyğun idarə etmək üçün ortalığa atlan bir mexanizmdir.

İstanbulda Səudiyə Ərəbistanının konsulluğunda ABŞ-ın Vaşinqton Post nəşrinin əməkdaşının öldürülməsi hadisəsini misal çəkək. G-20, G8 ölkələrinin liderlərindən biri dedi ki, mənim ölkəmin maraqları insan haqlarının üzərindədir. Bir başqası dedi ki, hələ baxarıq. Heç biri konkret mövqe ortaya qoymadı. Amma Allah eləməsin, bunun milyonda biri Azərbaycanda olsaydı, bütün dünya ölkəmizin üzərinə gələrdi. Halbuki, Vaşinqton Post dünya mediasının üzərində olan bir mətbuat orqanıdır. Amma böyük dövlətlər öz maraqlarından dolayı susqunluq nümayiş etdirdilər. Yaxud Fransada və ya İspaniyada baş verən hadisələr. Belə çıxır ki, heç bir separatizmə zərrə qədər də bəraət vermək olmaz, amma Fransadakı olaylarda, yaxud Avropanın digər ölkələrində yaşanan mitinqlərdə etmək olar. Aylardır ki, Fransa küçələrində yüzlərlə insan döyülüb, həbs edilib. Bircə dəfə də olsun, bunu insan haqlarına hayqırı kimi qiymətləndirmirlər!

Görürsünüz, Avropanın mərkəzində, Fransada insanlara qarşı zorakılıq, ciddi hüquq pozuntuları yaşandığı halda, bu ölkələrdə Azərbaycana qarşı çirkli kampaniya aparanlara böyük dəstək verirlər. Azərbaycanlı tələbələr oxumaq üçün Avropa universitetlərinə dəvət alırlar, amma onlara viza vermirlər, problemlər yaradırlar. Bununla yanaşı, cinayətkar ünsürlərə isti qucaq açırlar.

- Bəs Azərbaycana qarşı bu qərəz haradan qaynaqlanır?

- Bu cür münasibət təkcə Azərbaycana qarşı deyil. Bu qərəz Azərbaycan kimi gənc dövlətlərə, eyni zamanda, müstəqil siyasət aparanlara, güclü, qətiyyətli dövlət adamlarına qarşıdır. Bu yanaşma Türkiyə üçün də keçərlidir. Türkiyə güclü bir dövlətdir, müstəqil siyasət aparır. Burada həmçinin dini faktor da var. Azərbaycan tolerant ölkədir, multikultural dəyərlərinə görə dünyanın ən zəngin dövlətlərindən biridir. Bir neçə gün öncə Donald Tramp elan elədi ki, ABŞ ordusu Suriyadan çıxarılır. Çünki Türk ordusu orada terrorçularla yüksək səviyyədə mübarizə aparmaq gücünə malikdir. Digər tərəfdən isə Fransa rəsmiləri Suriyadakı bəzi terror qruplarını dəstəkləyirlər. Həqiqətən də bu, riyakarlıqdır.

- Necə düşünürsünüz, bu işdə də erməni barmağı da varmı?

- Bəli, bu məsələdə ən ciddi faktorlardan biri də Fransanın dünyada erməni mafiyasının, erməni lobbisinin güclü olduğu 3 dövlətdən biri olmasıdır. Ona görə də Azərbaycana qarşı qara kampaniya aparanlara Fransada geniş qucaq açılması bu baxımdan təəccüblü görünmür. Çünki erməni mafiyası orada ölkə rəhbərliyinə qədər sirayət edə bilib. Əslində, Azərbaycana qarşı belə təzyiqlər yeni deyil. Bunlar 5-10 il, 20 il qabaq da var idi. Ulu öndər Heydər Əliyevə qarşı nə qədər təzyiqlər olundu... Hətta ona qarşı sui-qəsd də hazırlandı ki, planlaşdırdığı beynəlxalq layihələri reallaşdıra bilməsin. Bir çox beynəlxalq təşkilatlar, Qərb çalışırdı ki, bu layihələr olmasın və ya Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi Qars kimi layihələr məhz Ermənistanın ərazisindən keçsin. Bakı-Tbilisi-Qars layihəsinə beynəlxalq maliyyə qurumlarından vəsait ayrılması nəzərdə tutulmuşdu, heç biri vermədi ki, niyə bu layihə Ermənistanı da əhatə eləmir. Amma biz bütün bunları öz gücümüzlə, Türkiyə və Azərbaycan liderlərinin qətiyyətli addımları ilə reallaşdıra bildik.

- Bəs, sosial şəbəkələrdə qeyri etik, çirkin təhqir metoduna əl atan antimilli ünsürlərə nə deyə bilərsiniz?

- Bu gün sosial şəbəkələr əsrinə qədəm qoymuşuq. İnformasiya mübarizəsi sosial şəbəkələr üzərindən aparılır. Diplomatiyanın öz dili var. Diplomatiya silahla, sursatla olmur. Fransada və ya qeyri bir ölkədə kimin nə etməsindən asılı olmayaraq, Azərbaycan öz inkişaf xətti ilə irəliləyir və öz müstəqil siyasətini davam etdirir. Bu gün Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün olsa da qaçqın çadırları tamamilə ləğv olunub. Azərbaycan okean ölkəsi deyil, amma ölkəmizdə elə irimiqyaslı layihələr həyata keçirilir ki, demək olar ki, artıq okeana birləşirik. Ələtdəki beynəlxalq səviyyəli limanlar, Astara-Rəşt dəmir yolunun salınması, TANAP layihəsinin icrası kimi işləri reallaşdıran dövlətimizi Avropada hansısa bir antimilli şəxsin dedi-qodusu sarsıda biməz. Əslində, düşmən də mərdi-mərdanə mübarizə aparmalıdır. Amma bunlar çirkli, şərəfsiz və ləyaqətsiz çıxışlarla özləri özlərini alçaldırlar. Bu cür mənfur qüvvələr sabah da, o biri gün də olacaqlar. Sadəcə olaraq, biz hamımız ictimaiyyət olaraq, Azərbaycan ziyalısı olaraq sosial şəbəkələrdə onlara qarşı barışmaz olmalıyıq və yerlərini göstərməliyik. Çalışmalıyıq ki, gənclərimiz belə çirkli qüvvələrin qurbanına çevrilməsinlər. Ailə mədəniyyəti görməmiş, əxlaqa sığışmayan sözlərlə kimisə təhqir eləyən belə qüvvələrin dövlət idarəçiliyinə gəlməsi elə onun özünün sonu deməkdir. Bu cür qüvvələr heç bir dövlətin idarəçiliyində iştirak edə bilməzlər. Ağzından daim söyüş, təhqir çıxan bir şəxs hansı haqla dövlət idarə edə bilər. Kim öz övladını, qızını, gəlinini bu cür adamcıqlara etibar edər? Bu, mənəviyyatsızlıqdır. Mənəviyyatsızlığı dəstəkləmək də ikiqat mədəniyyətsizlikdir.

Elgün MƏNSİMOV
AzNews.az