“Tələbələrim kitab qrafikasını öyrənəndən sonra tort çəkməklə məşğul olurlar” “Tələbələrim kitab qrafikasını öyrənəndən sonra tort çəkməklə məşğul olurlar”

“Mənim kimi çəkən yoxdur” - Xalq rəssamı Arif Hüseynovla söhbət

“Tələbələrim kitab qrafikasını öyrənəndən sonra tort çəkməklə məşğul olurlar”

AzNews.az Xalq rəssamı Arif Hüseynovla müsahibəni təqdim edir.

- Uşaqlıq xatirələrinin yaradıcılığa impuls vermək baxımından rolu böyükdür. Sizin yaradıcılığınızda da bunu görməmək mümkün deyil. Ömrün 75-ci payızında o illəri tez-tez xatırlayırsınız?

- Mənim uşaqlığımın bir hissəsi Bakının Qala kəndində keçib. Daha sonra isə Sovet küçəsinə və ya digər adı ilə “Sovetski”yə köçmüşük. Oranın ab-havası tamam başqa cür idi. Əvvəla çox kriminal rayon idi. İkinci isə mühafizəkar yer idi, adət-ənənələrə dərin hörmət bəslənilirdi. Uşaq vaxtı Novruz bayramını keçirməyimiz yadımda qalıb. O vaxt hər evdə şirniyyat bişirmək üçün “peç”lər yox idi, şəkərbura, paxlava bişirmək üçün xüsusi soba vardı, qonşular növbəyə dayanırdılar, bir-bir o sobanı götürüb şəkərbura bişirirdilər. Mənim yadımdadı, anam da bişirərdi.

- 1943-cü ildə, İkinci Dünya Müharibəsinin ən ağrılı-acılı dövründə anadan olmusunuz. Yəqin müharibədən sonrakı çətinliklər, məhrumiyyətlər sizin də yaşayışınızda təsirini göstərib.

- Əlbəttə, ağır illər idi, amma ağırlığı mən yox, anam hiss eləyib. Üç yaşında atamı itirmişəm, məni anam böyüdüb... Təbii, dolanışıq çox çətin idi. Mənim yadıma gəlir, alma povidlası və qalac çörəklə böyümüşəm. Çox dadlı çörək idi. Heyf, o çörəkdən daha yoxdur. Sonra yadıma gəlir ki, anam məni bazara kartof almağa göndərərdi. Bazar yolunun üstündə də mənimlə yaşıd nadinc uşaqlar ocaq qalayıb otururdular. Qayıdanda mütləq onların yanından keçməli olurdum. O vaxt indiki kimi deyildi, tor zənbillər vardı. Əlimdə kortof olduğunu görürdülər deyə, ocağa atmaq üçün istəyirdilər. Mən də verməyə bilməzdim. Kriminal uşaqlar idilər. Yol boyu qarşıma çıxan hər uşağa birini verirdim, evə çatanda görürdüm ki, zənbildə bir-iki dənə kartof qalıb. Anam da buna görə öz sərt metodu ilə məni danlayardı (gülür). Mən də ona deyərdim ki, sənə mənim canımın sağlığı lazımdır, yoxsa kartof (gülür)?

- Sakit uşaq olmusuz?

- Sakit olmağına, sakit olmuşam. Ancaq onlardan da qorxmaq lazım idi, çünki çoxu dələduz idilər.

- “Sovetski”də böyüyəsən, dələduz olmayasan.

- Mənim də dələduzluğum, nadincliyim var idi; siqaret də çəkmişəm, ayrı şeylər də eləmişəm. Məni rəsm məktəbinə getməyim xilas elədi. Füzulinin 500 illiyi ərəfəsi idi. Direktor sinfə girib dedi ki, kim lövhədə Füzulinin rəsmini çəkər. Mən çəkdim, bəyəndi, yolladı rəssamlıq məktəbinə. Bununla da kriminal mühitdən uzaqlaşdım.

- Arif müəllim, Sovet dövründə rəssamlara münasibət sizi qane edirdi?

- Mən 1975-ci ildə Rəssamlar İttifaqının üzvü olmuşam. Deyim ki, Rəssamlar İttifaqının üzvü olmaq asan proses deyildi. Bunun üçün gərək bir ümumittifaq, iki respublika sərgisinin iştirakçısı olaydın. Ancaq mən 1970-1972-ci illərdən xarici sərgilərdə iştirak etsəm də ittifaqa üzv etmirdilər. Yaşlı nəsil rəssamlar müəyyən problemlər yaradırdılar.

O vaxt Bədii Fond deyilən qurum var idi. Rəssamlar İttifaqının üzvü olan rəssam Bədii Fonddan istənilən qədər sifariş götürüb pul qazana bilərdi. Bu da yaşlı rəssamlara sərf etmirdi. Ona görə də çalışırdılar ki, İttifaqa üzvlüyün qabağını süni surətdə alsınlar.

- Yaşlı rəssamlarla intriqalarınız çox olub?

- Yox, şəxsi intriqam olmayıb, sadəcə ümumən çalışırdılar ki, ittifaqa qəbul etməsinlər. Mən də gördüm çətindi, ona görə əvvəl Komsomola (Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (ÜİLKGİ), SSRİ-də yeganə siyasi gənclər təşkilatı – M.A.) üzv oldum. Bundan sonra məni BAM-a (Baykal-Amur Magistralı – M.A.) göndərdilər. Biz üç rəssam - Arif Əziziov, Oleq İbrahimov mən və – ora getdik. BAM-dan qayıdanda sonra Bakıda sərgi keçirdik. O vaxt Komsomolun birinci katibi Vaqif Hüseynov təklif etdi ki, sərgini Rəssamlar İttifaqında keçirək. Mən razılaşmadım, dedim, orda istəmirəm, gəlin “Zabitlər evi”ndə edək.

- Niyə oranı seçdiniz?

- Rəssamlar İttifaqından incik düşmüşdüm deyə orda olsun istəmədim. “Zabitlər evi”ndə sərgi yüksək səviyyədə təşkil edildi, qapıda növbə yaranmışdı, hamı tamaşaya gəlirdi. Sərgidən sonra BAM-da iştirak edən rəssamlara “Yunost” jurnalından putyovka verildi, gedib Moskvada da sərgi keçirdik. Bundan sonra artıq kimsə qabağımızı ala bilmədi, necə deyərlər özümüzü təsdiq etmişdik (gülür).

- Görünür, cavanlıqda yaşlı rəssamlardan çox sitəm çəkmisiz. Hazırda özünüz gənclərə kömək edirsinizmi?

- Yox-yox, mən o rəssamlar kimi ola bilmərəm. Əvvəla indi əvvəlki kimi Bədii Fond yoxdur. Kimin bacırığı varsa əsərini çəkib satır. Bundan başqa, mən studiya yaratmışam, gənclərə rəssamlıq öyrədirəm.

- Bildiyim qədəri ilə hələ də “Göyərçin” jurnalının baş rəssamısız. Yerinizi gənc bir rəssama vermək yaxşı olmazdı?

- Mən sadəcə fəxri olaraq baş rəssamam. Digər tərəfdən jurnalı artıq çıxmır, sadəcə adı var.

- Siz Abşeron məktəbinin nümayəndəsi sayılmırsınız, eləmi?

- Qala kəndindən olmağıma baxma, sırf Abşeron məktəbinin nümayəndəsi sayılmıram. Amma mənim də o üslubda işlərim var. Bilirsənmi, Abşeron məktəbinin davamı olmadı. Onunla üç-dörd nəfər məşğul idi: Mircavad, Tofiq Cavadov qardaşları, Rasim Babayev, Kamal Əhməd, Fərhad Xəlilov...

- Əşrəf Murad.

- Əşrəf Murad yox. Onu Abşeron məktəbinin nümayəndəsi saymaq olmaz. Sadəcə kimlərsə bu cərəyanı gücləndirmək üçün hamını ora daxil edir. Amma Abşeron məktəbi elə Mircavadla, Rasimlə qurtardı.

- Sizin üçün Abşeron məktəbinin əhəmiyyəti nədir?

- Əlbəttə, Abşeron məktəbinin incəsənət tariximizdə öz yeri var. Əvvəla ona görə ki, Əzim Əzimzadədən tutmuş Səttara, Tahir Salahova qədər Azərbaycan rəssamlarının əksəriyyəti Abşerondan, Bakıdan çıxıb. Bakı rəssamları Abşreona məxsus bir üslub yaratmaq istədilər, yarandı da, amma daha sonra inkişaf eləmədi.

- Abşeron məktəbinin formalaşmasında Cavad və başqalarının rəsmi dairələrin təbliğ etdiyi ideloji rəssamlığa müxaliflikləri də rol oynamışdı.

- Bizim dövrümüzdə bu müxaliflik artıq bir qədər aradan götürülmüşdü. Xruşşovun abstraksionistlərə qarşı çıxışına qədər rəssamlar elə bilirdilər ki, “ottopel” başlayıb, Mayakovskinin dövründəki kimi ölkədə mədəni inqilab olub, nə istəsələr çəkəcəklər. Amma Xruşşovun çıxışı göstərdi ki, SSRİ incəsənətə geniş azadlıq vermək fikrində deyil.

- Bəs hakim dairələrda Cavada və onun ətrafına münasibət necə idi?

- Yaxşı işə həmişə “hə” deyiblər. Cavad bizdən bir az yaşlı idi deyə, onunla çox əlaqəmiz olmayıb. Amma Fərhad Xəlilov bizimlə həmyaşıd idi. O, sonrakı işlərində Abşeron məktəbinə qoşuldu. Fərhadın mənəvi müəllimi Kamal Əhməd idi, onun vasitəsi ilə Abşeron məktəbini mənimsəmişdi. Yəni deməyim odur ki, bir müddət Abşeron məktəbi uğurla fəaliyyət göstərdi. Onlar da xarici ölkələrin rəssamlarının üslublarını mənimsəyir, Van Qoqdan, Pikassodan, Sezanndan bəhrələnirdilər. Onu bilirəm ki, həmin rəssamlarla Bədii Fond demək olar işləmirdi, ona görə də dolanmaqları üçün bəzən rəssam dostları onlara ayrı-ayrı sifarişlər verirdilər. Məsələn, Əşrəf Murad xəstə idi, Moskvada döymüşdülər, ruhi sarsıntı yaşamışdı. Rəssam dostları arabir ona portretlər sifariş verirdilər ki, dolana bilsin.

- Rəssam kimi necə idi, Əşrəf Muradı bəyənirsinizmi?

- Mən sənə bir söz deyim, rəssam gərək bir az anormal olsun. Çünki rəssam adi iş çəkəndə qəbul olunmur, nəsə qeyri-adi bir əsər çəkməlisən. Rəssam gərək qeyri-adekvat ola, cəmiyyətdən fərqlənə. Van Qoqu, Modilyanini, Pikassonu, Salvador Dalini, lap elə bizim Səttar Bəhlulzadəni götürək. Səttar bütün həyatını sənətə xərclədi, sənəti naminə ailədən, uşaqdan, maşından, bağdan keçdi. Bunu hər adam edə bilməz. Mənim yadıma gəlir ki, Səttarın etüdlərini yığdığı qara çantası var idi, redaksiyamıza gələndə onları hədiyyə verib deyərdi ki, bunlar mənim balalarımdı. Yəni hansı rəssam ki, bir az seçilir, onda mütləq qeyri-normallıq var.

- Arif müəllim, özünüzdə nə vaxtsa bu “qeyri”liyi hiss etmisiniz?

- BAM-dan gələn kimi "Komsomol"un rəhbəri Vaqif Əliyev bizi çağırıb dedi ki, bir aydan sonra sərgi açılmalıdır. Mən ona izah elədim ki, mümkün deyil, bir aya o əsərləri çəkib tamamlaya bilmərik. O, da dedi ki, mən bilmirəm, nə istəyirsiniz çəkin, bir ay sonra sərgi açılacaq, vəssəlam. Ancaq biz də nə gəldi sərgiyə qoya bilməzdik, çünki Rəssamlar İttifaqındakıların gözü bizdə idi, zəif əsər qoymaqla öz reputasiyamızı məhv edə bilərdik. Onda mən düz bir ay zirzəmi emalatxanamdan çıxmadım. Nə gecəm oldu, nə gündüzüm, o işləri görüb çatdırdım. Bir ay müddətindən hiss elədim ki, mən mən deyiləm. Qəribə bir hala düşmüşdüm, affekt vəziyyətində idim. İki ay da o cür də tempdə işləsəydim mənim üçün çox pis olacaqdı.

- Ondan sonra yenə o cür vəziyyətə düşmüsünüz?

- Yox, özümü nizamlamışam, yenə affekt halına düşməkdən qorxmuşam. Sənə deyim ki, 2006-cı ilə kimi mən modern qrafikalar edirdim. 2006-cı ildə oğlumla birlikdə (rəssam Orxan Hüseynov- red.) Yaponiyada sərgi elədim. Orda gördüm ki, yaponların qravüra sənəti tamam ayrı zirvələr fəth edib. Bundan başqa, gördüm ki, Yaponiyada adət-ənənələr çox güclüdür. Onlar Amerika, Qərb incəsənətini yaxına buraxmırlar. Biz görürsən, qapıları açmışıq ki, gəlin hamımız qərbsayağı çəkək.

- Qərb incəsənətini qəbul etmirsiz?

- Qəbul eləyirəm, ancaq gərək kökündə milli sənət dayana. Yaponlar o barədə çox güclüdürlər. Ordan gələndən sonra düşündüm ki, belə olmayacaq, gərək öz qrafika yolumu tapım. Düşündüm ki, Təbriz Miniatür Məktəbindən bəhrələnmək olar. Və Avropa qrafika sənəti ilə Təbriz Miniatür Məktəbini birləşdirərərək Novruz bayramı mövzusunda “Qulaq falı”, “Od çərşənbəsi” və başqa qrafikalar çəkdim. Mən özüm məktəb vaxtı Lətif Kərimovdan xalçaçılıq təhsili almışam. Yəni hələ o vaxtdan bu bacarıq məndə qalmışdı. Xalçaların ilməsini qrafikaya keçirdim. Eyni sistemi yağlı boyalarda da tətbiq edirəm. Yəni mənim işlərimin əsasında miniatür dayanır.

- Sizin üslubunuz seçilir, baxan kimi bilinir ki, Arif Hüseynovun dəsti-xəttidir.

- Elədir. Mənim elədiyim qrafikaları hamı çəkə bilər, ancaq yağlı boyalarımı heç kəs mənim kimi çəkə bilməz. Çəksə artıq mənim üslubum olacaq. Çünki bu üslubu mən yaratmışam, mənə məxsusdur.

- Sizdən sonra bu üslubu davam etdirən yoxdur?

- Yox. Mənim kimi çəkən ikinci rəssam yoxdur.

- Nə əcəb oğlunuz üslubunuzu davam etdirmədi?

- Onun öz üslubu, öz yolu var.

- Yaradıcılığını bəyənirsiniz?

- Əlbəttə. Mən onun rəssam olmağını istəmirdim. Sovet dövründə belə bir qayda var idi, istedadı oldu, olmadı rəssamlar öz övladlarını bu sənətə göndərirdilər. Çünki bilirdilər ki, ayda heç olmasa 5 tablo çəkib normal dolana biləcək. Mənsə istəmirdim. Texniki cəhətdən rəsm çəkməyi hamı öyrənə bilər. Amma gərək fikirlə əli, düşüncə ilə texnikanı birləşdirəsən, yalnız onda həqiqi rəssam ola bilərsən. İndi də texniki cəhətdən yüksək bacarığa malik rəssamlar var, insanı gözünün içinə kimi dəqiqliklə çəkirlər. Amma əsərə baxanda görürsən ki, ruh yoxdur, eləcə fotoaparat kimi rəsmi çəkib. Bu rəssamlıq deyil. Rəssam insanın içini görməlidir.

- Uzun illər bir çox yazıçı-şairlərin əsərlərinə illüstrasiyalar çəkmisiniz. Son işiniz isə Afaq Məsudu hekayələrinə çəkdiyiniz illüstrasiyalar oldu. Əməkdaşlıq ideası necə yarandı?

- Afaq xanımla tanışlığımızın çox maraqlı tarixçəsi olub. 1970-ci illərdə mənim emalatxanam Axundov bağı tərəfdə zirzəmidə yerləşirdi. Bir gün mənə zəng elədilər ki, “Bakı” qəzeti üçün bir xanım sizdən müsahibə götürmək istəyir. Mən də razılaşdım. Bizim binanın həyətinin girişində də həmişə beş-altı zibil qutusu olardı, o zibili təmizləyəndən sonra dizenfeksiya üçün yerə çox qəribə məhlul tökərdilər, olduqca pis iyi gələrdi. Afaq xanım da həyətə girəndə iyi hiss elədi, dedi bu nə iydir, bəs sən hara baxırsan? Dedim xanım, mən “JEK” işçisi deyiləm, rəssamam. Nə isə, hirsləndi, müsahibə də almadı, çıxıb getdi (gülür). Sonralar öyrəndim ki, sən demə həmin xanım yazıçı Əli Vəliyevin nəvəsi Afaq Məsuddur.

Keçən il isə məni münsiflər heyəti kimi sərgiyə dəvət emişdilər. Səkkiz gənc rəssam Afaq Məsudun “Sərçələr” hekayəsinə illüstrasiyalar həsr etmişdi. Yazıçının bir hekayəsinə səkkiz rəssamın müraciət etməsi konseposiya kimi maraqlıdır. Mən də çıxışda dedim ki, istərdim Afaq Məsud bu rəsmləri toplayıb kitablaşdırsın. Afaq xanım maraqlı yazıçıdır, mən onunla işləyə bilərəm. Sərgidən bir neçə gün sorna Afaq xanımdan zəng gəldi, biz görüşdük və bu kitabın ideyası yarandı. O, mənə 22 hekayəsini verdi, oxudum, qərara gəldik ki, hekayələrin hər birinə illüstrasiya çəkək. Əvvəlcə eskizlər hazırlayıb Afaq xanıma göstərdim, bəyəndi, sonra rəsmləri hazırladım. Afaq xanımın hekayələrində sürrealizm, modernimz var.

- Daha çox hansı hekayələri bəyəndiyiniz?

- “Sərçələr” də maraqlıdır, “Dovşanın ölümü” də, “Preizdent” hekayəsi də. İllüstrasiyaları çox rahat çəkdim, bunun da səbəbi odur ki, Afaq Məsudun düşüncəsi, konsepsiyası mənə yaxındır.

- İlk dəfə Rəsul Rzanın kitabı üçün illüstrasiyalar çəkmisiniz.

- Onu sifarişlə eləməmişəm. Yaş fərqinə baxmayaraq o vaxt Toğrul Nöərimanbəyovla yaxın münasibətimiz var idi. Toğrul artıq Rəsul Rzanın şeirlərinə illüstrasiya çəkmişdi, mənə də təklif elədi, razılaşdım və Rəsul Rzanın kitabına illüstrasiyalar çəkdim.

- Arif müəllim, bizdə kitab illüstrasiyası sahəsində tənəzzül yaşanır. Əvvəllər demək olar, bütün bədii kitabların ən azı birinci səhifəsində illüstrasiya olardı.

- Əvvəl dövlət nəşriyyatları var idi. Hər il rəssamlara sifarişlər verilərdi, rəssamlar da dolanardılar. İndi nəşriyyatlar onu eləmirlər. Hazırda bu sahəyə maraq olmadığı üçün “kitab qrafikası”nı öyrənən tələbələrim beş il oxuyandan sonra gedib tort çəkməklə, başqa işlə məşğul olurlar. Çünki nəşriyyat onları çağırmır. Hazırda yeni sərgi hazırlayıram. Orda kitab qarafikasından nümunələr də olacaq. Naşirləri də o sərgiyə yığmaq istəyirəm ki, gənc rəssamları görsünlər. Çünki bu sahəni taleyin ümidinə buraxmaq olmaz, yenidən inkişaf etdirmək lazımdır.

Mirmehdi,
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description