"Səs" qəzeti heç vaxt mübarizəsindən dönməyib - Bəhruz Quliyev

Bu gün “Səs” qəzeti 28 yaşını qeyd edir.

Bu münasibətlə AzNews.az-ın suallarını “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev cavablandırdı.

- Bəhruz müəllim, öncə “Səs” qəzetinin ilk nəşr olunduğu gün münasibətilə sizi təbrik edirik. İstərdik ki, qəzetin yaranma tarixi barədə məlumat verəsiniz.

- Çox sağ olun! “Səs” ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında “Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Bu cəmiyyətin faktiki fəaliyyəti dövlətçilik uğrunda mübarizə aparan insanları bir araya toplayıb onlara maliyyə dəstəyi göstərməklə xeyriyyəçilik missiyasından ibarət olub. Qəzet də fəaliyyətə başladığı dövrdən sevilərək 35 min tirajla nəşr edilib. Əslində, “Səs” qəzeti mürəkkəb bir dövrdə zərurətdən yaranıb və ölkə ziyalılarını, xüsusən də ulu öndər Heydər Əliyev sevərləri öz ətrafında cəmləyib. Qəzet ulu öndərin fikir və ideyalarını xalqa, xalqın sevgisini isə öz liderinə çatdırmaqla yanaşı, cəmiyyətdə maarifləndirici, ideoloji rol oynayıb.

O dövrdə “Səs” müxalifət qəzeti kimi fəaliyyət göstərirdi. Belə deyək, inqilabçı bir qəzet idi və dövlət müstəqilliyimizin ilk müjdəçisi, ilk qaranquşu olub. 1992-ci il oktyabrın 16-da ölkənin tanınmış ziyalılarının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də ulu öndərin həmin müraciətə cavabı da "Səs" qəzetində dərc olunub. Halbuki bir sıra mətbu orqanlar həmin tarixi müraciəti dərc etməkdən çəkinirdilər. Amma "Səs" qəzeti heç nədən çəkinmədən, təqib və təzyiqlərdən, redaksiyaya hücumlardan qorxmadan ulu öndər Heydər Əliyevin milli maraqlara söykənən fikirlərini geniş oxucu kütləsinə çatdırırdı. Eləcə də sağlam fikirli ziyalıları bir araya gətirən "Səs" qəzeti Yeni Azərbaycan Partiyasının yaranmasında baza rolunu oynayıb. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb.

Ümummilli lider hakimiyyətə gəldikdən sonra isə məhz bu xidmətlərinə görə "Səs" qəzetini özünün doğma qəzeti adlandırıb və qeyd edib ki, "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir. Dahi öndər Heydər Əliyevin Prezident seçilməsindən və YAP-ın hakimiyyətə gəlişindən sonra qəzet ölkənin ictimai həyatında daha böyük rol oynamağa başlayıb.

Müstəqil Azərbaycanın ilk mətbu orqanı olan "Səs" qəzeti dövlətimizin yaratdığı geniş inkanlardan bəhrələnməklə öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qura bilib.

- Həm qəzet, həm də agentlik kimi “Səs”in gələcək fəaliyət planı nədən ibarətdir?

- Bu gün “Səs” İnformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Lakin biz bununla da kifayətlənmirik və yaxın gələcəkdə əhatə dairəmizin daha da genişlənməsi üçün fəaliyyət planlarımız üzərində işlər aparırıq. İfadə azadlığı şəraitində ölkədə çoxsaylı internet portalının olması sağlam rəqabətə imkan yaradır. Sağlam rəqabətdə SİA-nın da öz dəsti-xətti, öz yeri var. Hesab edirəm ki, SİA və “Səs” TV kifayət qədər auditoriyaya sahiblənə bilib, onun öz oxucu və tamaşaçı auditoriyası var. Qarşıdakı əsas hədəfimiz beş əcnəbi dildə informasiya yaymaqdır.

Onu da demək istəyirəm ki, biz ulu öndərimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin "Səs" qəzeti haqqında söylədiyi kəlamları rəhbər tutaraq, fəaliyyətimizi davam etdirib ənənəvi qəzetçilik mövqeyimizi qoruyaraq müasir dünyanın çağırışlarına cavab verməyə çalışacağıq.

- Nəşr olunduğu 28 il ərzində “Səs” qəzeti hansısa risklərlə, təhdidlərlə üzləşibmi?

- Biz iqtidarın radikal tərəfdaşı kimi çıxış elədiyimiz üçün sözsüz ki, müxalifət tərəfindən daim təzyiqlərə məruz qalmışıq. Bizim redaksiyaya basqınların olduğu vaxtlar olub, yumurta atəşinə tutublar. 2005-ci ildə müxalifət çevrilişə cəhd etmək istəyərkən redaksiyanın qarşısında mənim avtomobilimə ciddi xəsarələr yetirildi. Biz heç vaxt belə təzyiqlərin qarşısından çəkilməmişik, daim mübarizəmizi aparmışıq. Bundan sonra da dövlətçilik, Azərbaycançılıq uğrunda mübarizəmizi davam etdirəcəyik. Hesab edirəm ki, qəzetimiz keçdiyi 28 illik yolda, istər müxalif, istər iqtidar tərəf olduğu dönəmdə, yalnız dövlətçilik uğrunda mübarizə aparıb.

- Bəhruz bəy, qəzet və agentliyin işini bir arada aparmaq çətin deyilmi?

- Qəzetin öz peşəkarlıq ənənəsi var. Mən hər zaman yazılı mətbuatı peşəkar mətbuat adlandırmışam. Çünki yazılı mətbuat oturuşmuş, ənənəsi olan, 1875-ci ildən bu vaxta qədər tarixi yolu özündə yaşadan bir obyektdir. Bəzən deyirlər ki, elektron media yazılı mətbuatı sıradan çıxarır, qəzetlər rəqabətə tab gətirə bilmirlər. Mənim fikrimcə, biz çap mediasına peşəkarlıq gözü ilə baxmalıyıq. Təbii ki, dünyanın informasiya siyasətində elektron resursların rolu əvəzsizdir. Çünki indi internet əsridir. Əslində, SİA da bu kimi töhfələrdən bəhrələnib. Bunların hər ikisinin fəailyyətini bir arada tənzimləməkdə isə elə bir problem yoxdur. Qəzetin fəaliyyəti ilə özüm birbaşa məşğul oluram, qəzetin, agentliyin, eləcə də TV-nin ayrıca kollektivi var. Bu kollektivlərin də hərəsinin öz rəhbərləri var. Mən sadəcə olaraq ümumi nəzarəti həyata keçirirəm. Hesab edirəm ki, əgər məzmun eynidirsə, yəni informasiyanı alıb ötürməkdirsə, bizim işimizdə də bir problem yaranmamamlıdır. Sadəcə olaraq, hər bir kollektivin fərqli yanaşma mexanizmi var.

- Bəs bügünkü Azərbaycan mediasının fəaliyyətini necə qiymətləndirirsiniz, sizcə, əsas problemlər nələrdir?

- Bilirsiniz ki, Azərbaycan mediası tarixən çox təsirlərə məruz qalıb. Həm çar Rusiyası, həm də Sovet imperiyası dövründə mətbuat üzərində ciddi senzura olub. Mətbuatın azadlığından danışmaq belə mümkün olmayıb. Ona görə də mediamız maraqlı və keşməkeşli bir dövr keçib. Amma müstəqillik dövründə, 1998-ci ildə ulu öndər Heydər Əliyev mətbuatın üzərindəki senzuranı tamamilə aradan qaldırdı. Əslində, müasir Azərbaycan mətbuatının inkişaf dövrü 1993-cü ildən başlayıb. Və bu inkişaf ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O vaxtdan etibarən, medianın müstəqilliyi ilə bağlı müxtəlif konsepsiyalar, maddələr hazırlandı, qanunlar qəbul olundu, qərarlar verildi.

2003-cü ildən sonra sözsüz ki, Prezident İlham Əliyev də bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da yeni dalğa gətirdi. Mətbuat Şurası yaradıldı, jurnalistlərə fəxri adların verilməsi ənənəsi bərpa olundu. Artıq jurnalistlər əməkdar jurnalist adı alırlar, orden və medallarla təltif olunurlar. Bunun özü jurnalistlərə yeni bir töhfə, yeni ruh verdi. 2008-ci ildə mətbuatın inkişaf konsepsiyası dövlət tərəfindən təsdiqləndi. Konkret olaraq, prezidentin proqram xarakterli yanaşması mətbuatın yeni inkişaf konturlarını göstərdi və 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması göstərdi ki, bəli, Azərbaycan dövləti mətbuatın azad olmasında, inkişaf etməsində maraqlıdır, ən azı liderin özünün bu məsələdə şəxsi iradəsi var. İlham Əliyev bu iradə ilə yeri gələndə kütləyə mesaj verir ki, mətbuat cəmiyyətin aynasıdır, yeri də gələndə problemləri, nöqsanları qeyd edərək tənqid edir. Bu gün dövlət jurnalistlərin mənzil şəraitinin yaxşılaşmasına da kompleks şəkildə yanaşır. 2013-cü ildən etibarən Jurnalist şəhərciyi tikilir və təmənnasız olaraq jurnalistlərə mənzil verilir. Çox sevindirici haldır ki, bu mənzillər verilərkən heç bir jurnalistin siyasi baxışı, siyasi mövqeyi, hansı partiyanı təmsil etməsinə baxılmır.

Problemlərə gəldikdə isə əsas məsələ keçid dövründə meydana gələn reket jurnalistkasıdır. Bununla bağlı artıq ciddi şəkildə mübarizə aparılır. Eyni zamanda, peşəkar jurnalistika özü özünü təmizləməyə çalışır. Əminəm ki, Azərbaycan mətbuatı bu gün ən inkişaf etmiş ölkələrin mətbuatı ilə ayaqlaşmağa, rəqabət aparmağa qadirdir və ölkəmizin ümumi inkişafı ilə tam şəkildə uzlaşır.

- Sizcə, qarşıdakı illərdə qəzetlər sıradan çıxacaqmı? Məsələn, ötən həftə “Ekspress” qəzeti bağlandı.

- Çap mətbuatı bu gün dünyanın hər yerində var və yaşayır. Adətən yazılı mətbuat peşəkar media vasitəsi adlanır. Amma burada bir rəqabət var. Sözsüz ki, informasiyanın sürətli, operativ çatdırılması baxımından yazılı mətbuat internet mediasından çox geridə qalır. Amma tarixi yaşatmaq, bu günü səhərə, səhəri bu günə gətirmək üçün bütün dövrlərdə yazılı mətbuata ehtiyac var. Bu gün Türkiyədə, Avropa və Amerika ölkələrində də qəzetçiliyə ciddi önəm verilir.

Konkret olaraq, Azərbaycanda bəzi mətbuat orqanlaının bağlanma ehtimalına və ya riskinə gəldikdə isə yenə deyirəm, bu, azad və sərbəst rəqabətin nəticəsidir. Çünki mətbuat öz arasında konkret auditoriya uğrunda mübarizə aparır. Qəzetlər üçün bəlli bir auditoriya və bu auditoriya üçün hansı qəzet vacibdir sualı var. Bu mübarizədə kim uduzursa, tədricən sıradan çıxacaq. Bu, təbii prosesdir. Ona görə də daimi olaraq qəzeti inkişaf etdirmək, kollektivini yeniliyə uyğunlaşdırmaq lazımdır.

Elgün MƏNSİMOV
AzNews.az