İki kəlmə o sehirli sözlə məni xoşbəxt eləmək olur - Aynur Camalqızı

"Qarabağı qaytardığımız o böyük gün hamımızın yenidən doğuluşu olacaq".

Bu gün “Teleqraf Holdinq”in rəhbəri, jurnalist Aynur Camalqızının doğum günüdür. O, 1975-ci il fevralın 7-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub.

Aynur Camalqızı ilə doğum günü müsahibəsini təqdim edirik:

- Aynur xanım, doğum gününüzü təbrik edirik. Bu günü necə qeyd edirsiniz və sizin üçün belə günləri xüsusi edən nədir?

- Çox sağ olun! Doğum gününü xüsusi, dəbdəbəli keçirməyi xoşlamıram. Sadəcə, həyatımda bir neçə dəfə olub ki, geniş ad günü keçirmişəm. Onu da dostların əhatəsində, dostların təkidi ilə. Bu gün isə öz kollektivimizlə bir yerdəyəm, onlar da mənim ailəmdi. Biz “Teleqraf Media Qrupu” böyük bir ailəyik. Amma axşam evdə olacam, ad günümü öz uşaqlarımla keçirəcəm. Çünki onlar neçə gündür ki, bu günə hazırlaşırlar. Gizli-gizli şəkillər, rəsmlər çəkirlər, nələrsə hazırlayırlar ki, bununla məni sevindirsinlər. Mənim üçün bundan dəyərli heç nə yoxdur. Ona görə ad günümü uşaqlarımla keçirəcəyimə qərar vermişəm.

- Ad günlərində adam sanki özünü kövrək hiss edir. Sizdə də belə hallar olurmu?

- Əlbəttə, olur. Bu təbii ki, situasiyadan asılıdır. Bəzən kədərlənirsən, tək qalmaq istəyirsən, bəzən də əksinə. Xüsusən də doğmalarınla, sevdiklərinlə bağlı müəyyən problemlər olanda. Məsələn, mən iki il əvvəl “Facebook”da bir status yazmışdım. Həmin status bu gün yenidən qarşıma çıxdı və həqiqətən çox kövrəldim. Çünki iki il əvvəl atam ağır xəstə idi. Ömrünün son günləriydi. Mənimsə doğum günüm idi. Yazmışdım ki, “Kaş, biz heç böyüməsəydik, həmişə uşaq olsaydıq, uşaq qalsaydıq, valideynlərsə heç qocalmasaydılar...”. Bunları təkrar oxuyanda sanki o iki il əvvəlki iztirabları yenidən yaşamış oldum. Ramiz Rövşənin məşhur misraları yadıma düşdü:

Bir səhər yuxudan durub

Özünü uşaq görəsən,

Görəsən hamı evdədi,

Ölənləri sağ görəsən”.

- Aynur xanım, bir çox insan ad günündə kimdənsə, haradansa xüsusi hədiyyə gözləyir. Siz necə?

- Açığı, mən gözlədiklərimi artıq almışam. Məsələn, bu gün sosial şəbəkələrdə elə bir təbrik “yağışı”na tutulmuşam ki, bunu heç nə ilə əvəz etmək mümkün deyil. Gözlədiyim, arzuladığım sadəcə, bu diqqət idi, bunu da dostlarımdan, həmkarlarımdan, doğmalarımdan görürəm. Hətta özüm-özümə sual verirəm, axı mən nə etdim ki, sizin bu qədər sayğınızı haqq etmiş oldum?! Bunlar doğrudan da insana fərəh gətirən hisslərdir. Bu baxımdan, mən sosial şəbəkələrin gündəlik həyatımızdakı rolunu çox yüksək qiymətləndirirəm. Facebook sanki bir rentgendir. İnsanların səmimiyyətini, sevgisini, nifrətini, bir sözlə, içini, mahiyyətini açıb göstərir. Yaxşıların mövcudluğuna sevinirsən, pisləri tanıdıqca yaxşıların qədrini daha artıq bilirsən. Bəzən də kompas kimi doğru istiqaməti tapmağımıza, doğru insanları tanımağımıza yardımçı olur. Yəni nə qədər vaxt itkisi adlandırsaq da, narazılıq, şikayət etsək də, sosial şəbəkələr insanları bir-birinə daha da yaxınlaşdırır, doğmalaşdırır. İnsanların həyatlarındakı xüsusi günləri bir-birlərinə xatırladır. Bəlkə də bu gün “Facebook” olmasaydı, bu qədər dostun, həmkarın, yaxınların yadına düşməzdi ki, mənim və ya bir başqasının ad günüdür. Biz artıq iki kəlmə “sehirli” sözlə insanları sevindirə, fərəhləndirə bilirik. Bu, çox gözəldir.

- Bu dedikləriniz virtual aləmdir, bəs real həyatda gözləntiniz nədir?

- Mən sözün gücünə, energetikasına çox inananlardanam. Sözdən daha əziz, daha qiymətli heç nə yoxdur mənim üçün. Bəlkə ona görə ki, özüm də söz-qələm adamıyam, jurnalistəm. Bütün səmimiyyətimlə bir daha təkrar edirəm, bu gün nə umurdumsa, nə gözləyirdimsə, əldə etmişəm. Dostların bu gün Tanrıya və Kainata göndərdikləri diləklər mənim bəsimdir. Maddiyyatda gözüm yoxdur. Maddi olaraq heç bir gözləntim yoxdur. Allaha şükürlər olsun ki, ehtiyacım da yoxdur. Ona görə də məni elə iki kəlmə xoş sözlə xoşbəxt eləmək olur (gülür)...

- Bəzən, xanımlar öz ad günlərini hansısa xarici ölkədə keçirmək istəyirlər. Sizdə də belə fikirlər yaranırmı və ya bir neçə ildən sonra yubileylərinizi başqa ölkələrdə keçirməyi düşünürsünüzmü?

- Sözün açığı, bu barədə heç düşünməmişəm. Təbii ki, səyahət etməyi, yeni yerləri görməyi, kəşf etməyi çox sevirəm. Amma ad günümlə bağlı belə bir arzum yoxdur. Ad günlərimi evdə, öz doğmalarımla birgə keçirməyə daha çox üstünlük verirəm. Təbii ki, əlimdə olsaydı, ad günümü Şuşada, Xankəndində keçirmək istərdim. O yerlərin bizə, bizim o yerlərə nə qədər ehtiyacımız var, bu ağrını sözlə ifadə etmək nə qədər çətindir, bilirsiniz. İnşallah, Qarabağı qaytarandan sonra hamımız Qələbə Gününü qeyd edəcəyik. O böyük gün hamımızın yenidən doğuluşu olacaq...

Elgün
AzNews.az

image description