“Hara gedəcəyini bilmək üçün haradan gəldiyini bilməlisən”. “Hara gedəcəyini bilmək üçün haradan gəldiyini bilməlisən”.

Özlərinə sərf etməyəndə bildiklərinə də “bilmirəm” deyirlər - Vüqar Abbasov

“Hara gedəcəyini bilmək üçün haradan gəldiyini bilməlisən”.

Müsahibimiz Vüqar Abbasovdur. O, 2008-ci ildən etibarən Niderland Krallığında yaşayır. 2012-2015 –ci illərdə Niderlandda Davinci Kollecində Sosial xidmətlər üzrə təhsil alıb. Azərbaycan və Niderland jurnalistlər birliyinin üzvüdür. Hazırda Niderlandın Qaçqınlarla İş Üzrə İdarəsində hüquq yardımçısı kimi çalışır. 2015–ci ildə Niderlandda Azərbaycan diasporunun inkişafı üçün Niderlandlı həmkarı ilə birlikdə “Connect” təşkilatını yaradıb və bu təşkilatın sədrliyini edir.

- Vüqar bəy, 10 ildən çoxdur ki, Niderlandda yaşayırsınız. Qısa müddətdən sonra orada necə uğur qazandınız?

- Adətən belə suallar veriləndə “Bunu belə etdim,” “Onu elə etdim” deyirlər. Bəlkə mənim deyəcəklərim də ona bənzəyə bilər, ancaq xüsusi olaraq nəsə etdiyim olmayıb. Burada yaşamağa başladığım ilk günlərdə düşündüm ki, yerli dili mümkün qədər, bacardığım qədər yaxşı öyrənməliyəm. İkinci təhsil almalıyam. Bir sözlə, hər şeyi yenidən başlamalıyam. Təbiət etibarilə ünsiyyətcil olduğum üçün əlaqələrim təbii axarla genişlənirdi. Yerli Jurnalist Birliyi ilə əlaqə yaratdım ki, buna da əvvəldən qurduğum əlaqələr yol açmış oldu. Düşünürəm ki, bəzi şeylər bir-biri ilə bağlı olur və bəzən yararsız bildiyin bir şey nə vaxtsa sənin işinə yaraya bilər. Bu günə qədər kimsə ilə məqsədli münasibət qurmadım və kimsəni də kiçiltməyə çalışmadım. Demək istədiyim odur ki, bəzən ən kiçik bir şey, ağlına gəlməyən insan belə həyatında rol oynaya bilər. Bilmirəm, mənə uğur qazanmış biri demək olar, yoxsa yox, ancaq burda qazandığım nə varsa, buna görə Niderlanda borcluyam.

- Niderlandda jurnalistika sistemi necə işləyir?

- Bu, çox geniş sualdır. Burada hər şey fərqlidir. Əvvəla, ondan başlayaq ki, Niderlandda qəzetlərin tirajları çoxdur. Hazırda ən çox tirajı olan “De Telegraaf” qəzetidir və tirajı təxminən 382 mindir. Bu, ancaq kağız formatında olanlardır, bir də elektron variantı var ki, bu da 180 min abunəni əhatə edir. Qəzetlər də, jurnalistlər də mövzu seçimində sərbəstdirlər. Yəni onlara kimsə “bunu yaz, onu yazma” demir. Hər bir qəzet oxucusunu saxlamaq üçün çalışır, maraqlı mövzular axtarır və.s. Operativ xəbərlər verməyə çalışırlar. Bir sözlə, oxucunun oxumaq istədiklərini, tamaşaçının baxmaq istədiyini hazırlayırlar. Qəzet də, televiziyalar da bir biznes sahəsidir, nə qədər maraqlı olacaqsa, bir o qədər oxucu, tamaşaçı olacaq və analoji olaraq nə qədər çox oxucu, tamaşaçı varsa, bir o qədər də reklam var deməkdir. Təhsilə gəlincə, mən burada jurnallistika üzrə təhsil almamışam. Ancaq deyə bilərəm ki, əksər ixtisaslar üzrə təhsil alanda nəzəriyyə qədər təcrübəyə də üstünlük verirlər. Həmçinin, jurnalistika üzrə olan təhsildə belə olduğuna əminəm. Təcrübə bu ölkədə çox önəmlidir. Ancaq özüm bu ixtisas üzrə təhsil almadığımdan dəqiq bir söz deyə bilməyəcəm.

- Yazdığınız məqalələr əsasən nə haqda olur? Fəaliyyətinizin neçə faizini Azərbaycanın təbliğinə həsr edirsiniz?

- Müxtəlif mövzularda yazılarım olub. Niderlanda yeni gələnlər barədə silsilə məqalələr yazmışam, gündəlik rastlaşdıqlarım, dünya siyasəti barədə də qeydlərim az deyil. Təbii ki, həm də Azərbaycanla bağlı yazılarım olub. Bu yazılar barədə həm özümün “Facebook” səhifəmdə, həm də Azərbaycan mətbuatında kifayət qədər geniş məlumatlar verilib. Konkret olaraq bunun ümumi yazılarımın neçə fazi olması barədə bir söz deyə bilmərəm, ancaq il ərzində ölkəmizlə bağlı 4-6 arası yazılarım dərc olunur.

- Bildiyimizə görə, Nidelandda Connect adlı bir təşkilat qurmusunuz. Bu təşkilatın fəaliyyəti nədən ibarətdir?

- Təşkilatı niderlandlı dostlarımla birgə yaratmışıq və hələlik bu təşkilata mən sədrlik edirəm. Əgər bir gün idarə heyətində olan dostlar qərar versələr, yaxud mən özüm o qərara gəlsəm ki, mənim sədrliyim daha bəsdir, o zaman başqa birisi sədr seçilə bilər. Fəaliyyətimizin əsas istiqaməti Azərbaycan barədə Niderlandda və Niderland barədə Azərbaycanda məlumat yaymaqdır. Məqsəd yerli insanlara ölkəmizi daha yaxından tanıtmaqdır, iqtisadi sahədə olan əlaqələrin daha da genişlənməsinə çalışmaqdır, yəni niderlandlı iş adamları ilə azərbaycanlı iş adamlarının arasında əlaqələr yaratmaqdır. Bunlar üçün də müxtəlif vasitələrdən istifadə edirik, tədbirlər keçirir, yerli mətbuatda çıxışlar edirik və.s.

- Orada yaşadığınız müddətdə Azərbaycana qarşı hansısa təxribatların şahidi olmusuzmu, istər küçədə, istər mediada? Azərbaycanlı olaraq bunlara qarşı hansı formada mübarizə aparırsınız?

- Əgər düşmənin varsa, təxribatların olacağı qaçılmazdır. Məsələn, Niderlanddakı şəhərlərin birində hər il turizm sərgisi keçirilir. Bu sərgidə ermənilər hər dəfə müxtəlif təxribatlar edirlər və soydaşlarımız bu təxribatların qarşısını almağa çalışırlar. Bu il də belə bir təxribata cəhd oldu və yenə də buradakı soydaşlarımız bunun qarşısını almağa çalışdılar.

Mətbuata gəldikdə isə burada da ara-sıra Azərbaycanla bağlı yazılar gedir. Ancaq hər tənqidin də təxribat olduğunu iddia etmək olmaz. Çoxsaylı niderlandlı jurnalist tanışlarım var və vaxtaşırı söhbətlər edirik. Onların əksəriyyətinin düşüncəsi budur ki, tənqidi yazılar oxucular tərəfindən daha yaxşı oxunur, nəinki tərif yazıları və mən də bu fikirlə razıyam. Odur ki, buradakı mətbutda verilmiş hər hansı bir tənqidi yazını da təxribat kimi dəyərləndirməyin tərəfdarı deyiləm. Təbii ki, hər hansı bir təxribat görəriksə, ona qarşı mübarizə aparırıq və bunun necə olması isə həmən təxribatın hansı formada olmasından və vəziyyətdən asılıdır.

- Hazırda Azərbaycanla hansı bağlarınız var və hansı aralıqda gəlib-gedirsiniz?

- Təbii ki, var. Orda doğmalarım, qohum-əqrabalarım, dost-tanışlarım yaşayır. İldə bir-iki dəfə gəlməyə çalışıram. Əsasən, yay tətilində gəlirik. Uşaqlar həmin vaxt daha uzun tətildə olurlar deyə, yay tətilində gəlməyə üstünlük veririk. Ora gəldikdə isə uşaqları ölkəmizlə yaxından tanış etməyə, Azərbaycanımızın müxtəlif rayonlarını gəzdirməyə çalışıram. Sözsüz ki, muzeylərimizi unutmaq olmaz. Hər il övladlarımı oradakı bir neçə muzeyə aparmağa çalışıram. İstəyirəm ki, övladlarımız da haradan gəldiklərini unutmasınlar. Dahilərdən birinin gözəl bir sözü var, təxminən belədir: “Hara gedəcəyini bilmək üçün haradan gəldiyini bilməlisən”.

- Vüqar bəy, Niderland cəmiyyəti barədə bir pis, bir də yaxşı xüsusiyyət deyə bilərsinizmi?

- Çox soyuqanlıdırlar. Mənə görə, bu, bəzən yaxşıdır, bəzən pisdir. Bunu ümumi dedim, indi də gələk ayrı-ayrı pis və yaxşı xüsusiyyətlərə. Ancaq öncədən deyim ki, mənə görə “pis” və “yaxşı” nisbi anlayışdır. Birinə pis olan digərinə yaxşı, birinə yaxşı gələn, digərinə pis kimi görünə bilər. Yanaşmadan asılıdır. Yaxşı cəhətləri hədsiz çoxdur, öyrənməyə meyillidirlər, praqmatikdirlər və.s. Ancaq əgər hərəsindən birini deməliyəmsə, deyim. Yaxşı: “Bilmirəm” deməkdən çəkinməzlər, nəyisə bilməzlərsə, özlərini bilən kimi göstərməz, çəkinmədən “bilmirəm” deyərlər. Pis: Özlərinə sərf etməyəndə bildiklərini də “bilmirəm” deyib yaxalarını kənara çəkərlər.

Elgün
AzNews.az